Konstitusiya Məhkəməsi bankların xeyrinə qərar çıxarmaqda günahlandırıldı

0
602

Bu gün Milli Məclisdə 2016-cı il dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsinin müzakirəsi keçirilib. KİV-lər xəbər verir ki, müzakirələr zamanı bəzi deputatlar ölkə iqtisadiyyatının vəziyyəti, bank sektoru və digər problemlərlə bağlı öz narahatlıqlarını ifadə ediblər.

Deputat Zahid Oruc deyib ki, 2016-cı ilin çətin, gərgin və mürəkkəb il olduğunu hökumət də, siyasətçilərimiz də etiraf edirlər. Onun fikrincə, burada bir qəbahət yoxdur. “Beynəlxalq məkanda yaşanan bir tendensiyadır.Lakin dövlət başçısı tərəfindən verilən çevik qərarlar fonunda bu prosesdə sabitləşmənin olduğunu da xaricə vurğulayırıq”-Zahid Oruc çıxışında deyib.

Deputat bildirib ki, devalvasiya prosesinin başlandığı 2015-ci ildən hazırki dövrə qədər Mərkəzi Bankın valyuta ehtiyatları 71%, yəni 9,8 milyard manat həcmində azalıb: “Bu dediklərim hesabatda qeyd edilib. Qeyd olunduğu kimi kredit Mərkəzi Bank səviyyəsində formalaşırsa, maliyyə sabitliyinin bərpa olunduğunu deyiriksə, uçot dərəcələrinə baxılmalıdır. Yəni qeyd olunan tədbirlər, az qala 10 milyard itkinin qarşısını almayıb”.

 

Z.Oruc qeyd edib ki, iki devalvasiya nəticəsində vətəndaşlarla banklar arasında yaranmış vəziyyəti tənzimləmək üçün Konstitusiya Məhkəməsi həmin hüquqi məsələni tənzimləyən bu prosesə baxdı və bankların xeyrinə qərar çıxardı. “Bunun nəticəsində insan məhkəmələrə baş vurur, amma nəticə həmin qərardan kənara çıxmır. Minlərlə insanın  əleyhinə qərarlar verilir. İnsanlar da məhkəmələrdə hüququnun təmin edilmədiyini gördükdə özünə əl qatır, özlərini yandırırlar. Bizim kitablarda oxuduğumuz mənzərə baş verir. Məhkəmə, bank, müştəri üçbucağında insanlar özlərinin hüquqi müdafiəsini görmürlər. Biz parlament vasitəsilə Konstitusiya Məhkəməsinə həmin hüquqi səndələrə yenidən baxılması üçün təkliflər etməliyik”-Zahid Oruc bildirib.

Spiker Oqtay Əsədov isə Z. Oruca irad tutub:  “Sözlərinizdən belə çıxır ki, 100 min adam Konstitusiya Məhkəməsinə müraciət edib, o  da millətə qarşı qərar çıxardıb. Konstitusiya Məhkəməsi dövlətin bir qoludur”.

Deputat Vahid Əhmədov isə iqtisadiyyatda geriləmənin bu il də davam etməsindən narahatlıq ifadə edib. Onun sözlərinə görə, ötən  il sənayedə 0,3 faiz artım hiss olunsa da, tikinti və inşaat sektorunda ciddi geriləmə müşahidə olunur.

Deputat bildirib ki, biz ƏDV-nin differensiallaşdırılması ilə bağlı dəfələrlə parlementdə məsələ qaldırılıb.“Vergilər Nazirliyi bu məsələyə müsbət rəy versə də, ötən il də bu problem öz müsbət həllini tapmayıb. Valyuta ehtiyatalarında böyük geriləmə müşahidə olunub. 2014-cü ildə valyuta ehtiyatlarımız 51 milyarda yaxın idisə, bu il bu rəqəm 37 milyarda enib. Mərkəzi Bank uçot dərcəsini 5 faizdən 15 faizə qaldırıb. Mərkəzi Bank valyuta bazarında əsas oyunçudan ikinci oyunçuya çevrilib. Əsas oyunçu isə hazırda Dövlət Neft Fondudur”-Vahid Əhmədov deyib.

Deputat Qüdrət Həsənquliyev isə çıxışında ildən-ilə borcların və borc faizlərinin büdcədən ödənilməsindən narahat olduğunu deyib, “Şahdağ” Turizm Kompleksinə “ilişib”, deyib: “Dövlət zəmanətləri ilə götürülən borclara görə pullar ödənilir. AZAL-a görə 624 milyon ödənilib. Dövlət AZAL-ı və digər bu kimi strukturları özəlləşdirməlidir. Dövlətin nəyinə lazımdır ki, Şahdağ Turizm Kompleksini saxlasın! Eləcə də, səhmdar cəmiyyətləri özəlləşdirmək lazımdır. Dövlət xəstəxanalarının saxlanılmasına 100 milyonlarla maliyyə xərclənir. Buna nə ehtiyac var? Bu qurumları da özəlləşdirməyin vaxtı çoxdan çatıb”.

Növbəti çıxışçı Əli Məsimli dövlət borclarının artmasından narahatlıq bildirib, onun sözlərinə görə, hazırda xarici borclar büdcənin 20 faizini təşkil edir: “Yəni proses bu şəkildə davam edərsə, bu, 30 faizdən də yuxarı ola bilər. Bəzi şirkətlər ağına-bozuna baxmadan borclanmaya gedirlər. Düzdür, onların içərisində möhtəşəm layihələr həyata keçirənlər də var. Ancaq elələləri də var ki, nə etdikləri məlum deyil. Ona görə də bu məsələni araşdırmaq və qiymət vermək lazımdır. Yoxsa büdcəmizin böyük bir hissəsi borcların qaytarılmasına gedə bilər. Onu da qeyd edim ki, təkcə banklar 125 milyard Azərbaycan iqtisadiyyatına vəsait qoyublar. Halbuki bu və ya digər ayrılmış pullardan yeni bir Azərbaycan qurmaq olardı”.

Virtualaz.org

BIR CAVAB BURAXIN