Yaxın 45 ildə 200 milyondan çox insan hava çirklənməsi səbəbi ilə vaxtından əvvəl öləcək.
Bu proqnozu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) verib.
İƏİT-nin dəyərləndirməsinə görə, 2060-cı ilədək havanın çirklənməsi səbəbi ilə vaxtından tez ölənlərin sayı ildə 6-9 milyon olacaq. Halbuki bu rəqəm 2010-cu ildə 3 milyon olub.
Hesablamalara görə, 2060-cı ilin sonunda dünya iqtisadiyyatı havanın çirkliliyinin işçilərin sağlamlığına və əmək məhsuldarlığına təsiri səbəbindən ildə 3,75 milyard “adam-gün” (bir insanın bir iş günü ərzində gördüyü işin hesablanma vahidi) itirəcək.
Eyni zamanda, havanın çirklənməsi ilə əlaqədar xəstəliklərin yayılması artacaq. Uşaqlar astmadan daha çox əziyyət çəkəcək. Yüksək ölüm və xəstəlik göstəricilərinin həmçinin Şərqi Avropa, Qafqaz regionu, Asiya ölkələrində, o cümlədən Cənubi Koreyada olacağı proqnozlaşdırılır. (report)