İnternatda böyüyən azərbaycanlı qızla rus oğlanın sevgi hekayəsi

0
737

Rimma və Aleksey 14 yaşında ikən Petrov Valda əlillər üçün internatda tanış olublar. Fiziki məhdudiyyətli olmaları onların sevmələrinə, ailə qurmalarına və müstəqil həyata atılmalarına mane olmayıb.

Virtualaz.org “Volqoqradskaya pravda”ya istinadən Rusiyada internatda böyümüş azərbaycanlı qızla rus oğlanın həyat hekayəsini təqdim edir.

Rimma Əliyevanın körpəlikdən ata-anasından xəbəri yoxdur. İflic doğulan qızdan əllərini üzən valideynlər onu əlil uşaqlar üçün olan internata vermək qərarına gəliblər.

Alekseydə isə vəziyyət bir qədər fərqlidir. Onun valideynləri sağ olsalar da, xüsusi qayğıya ehtiyacı olan övladlarını təkbaşına böyüdə bilmədiklərindən onu internata veriblər.

Rimmanın sözlərinə görə, hüquqşünasla anasını axtarsa da, məlum olub ki, anası onu körpə ikən Moskvaya müalicəyə aparıb. Sağalmasına ümid olmadığını görəndə valideynləri ondan imtina ediblər. Lakin Rimma buna görə valideynlərini qınamır, çünki 90-cı illər çox çətin illər idi, maddi çatışmazlıqlar, problemlər ailəni çətin vəziyyətdə qoymuşdu. Lakin…

Alekseylə tanışlıq onun həyatındakı bütün boşluqları doldurub: “Tanışlığımızın ilk günlərindən o məni öz intellekti ilə məftun etdi. Biz saatlarla danışmaqdan doymurduq. Onda biz sadəcə dostluq edirdik, amma 18 illik tanışlıq bizim taleyimizi həll etdi”.

Cütlük üç il sonra yenidən görüşür və bir də heç vaxt ayrılmamaqla bağlı qərar verirlər. Evlənəndən Aleksey hər işdə ona yardım edir, çalışır ki, Rimma çox yorulmasın.

“Həyat daim hərəkətdə olmaqdır. Mənsiz Rimmaya çox çətindir. Mən onun gücü və dayağıyam”, – deyə Aleksey bildirir.

İnternatda yaşayan bütün uşaqlar kimi, onlara da məişət işlərini öyrədiblər. Burada böyüyən, təhsil alan qızlar yemək bişirməyi və ev işləri görməyi bacarmalıdırlar. Oğlanlar isə daha çox dülgər işi və kompüter bacarıqlarına yiyələnirlər. Bu onların buraxılışdan sonra müstəqil həyata qədəm qoymaları, iş tapa bilmələri üçün vacibdir.

“Biz Alekseylə tez-tez şəhərə gəzməyə gedirik, lazım olan məhsulları alır və birlikdə yemək hazırlayırıq. Aleksey kompüteri çox yaxşı anlayır, uşaqlara da kompüteri öyrənməyə daim kömək edir. Buna görə biz burada darıxmırıq”, -deyə Rimma bildirir.

O deyir ki, internatlarda keçirilmiş illər ərzində yalnız yaradıcılıqda sakitlik, hüzur tapa bilib. Hətta müəssisənin bütün divarları onun şəkilləri ilə doludur. Rimma şah əsərlərini kağızdan yaradır, sifarişə taxtadan da bəzi şeylər hazırlaya bilir. Amma ən çox sevdiyi rəqslərdir.

“Aleksey ilk dəfə məni bayramda rəqs etməyə dəvət edəndə əvvəlcə düşündüm ki, zarafat edir. Amma bu zarafat deyildi”, – deyə Rimma danışır.

Uzun müddət hərəkətləri əzbərləyiblər, lazım olan kostyumları axtarıblar. Və nəhayət ki, aşiqlərin rəqsi alınıb. İndi hər bayramda onlar nəsə yeni bir şey hazırlamağa çalışırlar.

Rimma deyir ki, ilk dəfə toy libasını geyinəndə anlayıb ki, nə əlil arabası, nə də xəstəliyi onu gəlin, həyat yoldaşı və ana olmaq haqqından məhrum edə bilməz. Elə o zaman internat divarlarını tərk etmək və öz ailəsini qurmaq ehtiyacını dərk edib.

Onlar birlikdə müstəqil həyata başlayıb, ailə qurub, mənzil alıblar.

“Cəmiyyətin əsas qorxusu o idi ki, biz brlikdə sərbəst yaşaya bilməyəcəyik, uşaq dünyaya gətirə bilməyəcəyik. Amma mən sübut etdim ki, bunu bacararam. Həkimlər də övlad sahibi ola biləcəyimi dedilər”, – deyə qız danışır.

Rimma deyir ki, Aleksey ona xoş olan hər şeyi edir, onu tez-tez şəhərə gəzməyə aparır ki, darıxmasın. Küçədə isə hər kəs bu aşiqlərə heyranlıqla baxır.

“Bu yaxınlarda doğma bacısı Alekseylə məni birlikdə robotların sərgisinə getməyə dəvət etdi. Bu bizim üçün əsl sürpriz oldu. Mən belə çox xoşbəxt idim, çünki onun ailəsi var və ailəsinin razılığı mənim üçün ən əhəmiyyətlidir”, – deyə Rimma bildirir.

Onun sözlərinə görə, Aleksey onu toydan sonra vətəninə, Azərbaycana aparacağı ilə bağlı söz verib. Rimma isə həm də valideynlərini tapacağına ümid edir. Həm də onlara sübut etmək istəyir ki, o atılmış deyil, o da şəxsiyyətdir.

G. Əliyeva

Virtualaz.org

BIR CAVAB BURAXIN