İngiltərənin Baş naziri Kamerondan sonra, Maliyyə naziri də Türkiyənin Avropa Birliyinə üzvlük məsələsi haqda sərt açıqlama verib.
İngiltərənin Maliyyə naziri George Osborne Türkiyənin Avropa Birliyinə üzv ola bilməyəcəyini bildirib. BBC televiziyasında qonaq olduğu proqramda danışan Osborne “mən yaşadığım müddətcə Türkiyə Avropa Birliyinə üzv ola bilməyəcəkdir”, deyib. Britaniyanın Avropa Birliyindən ayrılmasını istəyənlər, Türkiyənin Birliyə alınmasının ardından miqrant sayının daha da artacağını iddia edirlər.
Baş nazir Devid Kameron 2010-cu ildə Türkiyənin Avropa Birliyinə üzv olması məsələsində “Türkiyənin ən böyük dəstəkçisi mənəm” demişdi. Maliyyə naziri Osborne“Türkiyə geriyə getdi. Demokratiya və insan haqları ilə bağlı böyük problemləri var. Britaniya hökumətinin siyasi mövqeyi Türkiyənin bu mərhələdə Avropa Birliyinə üzv olmamasıdır”, deyə bildirib.
Baş nazir Kameron may ayında verdiyi açıqlamada “Türkiyə ancaq 3000-ci ilə Avropa Birliyinə üzv olar” deməsindən sonra, sərt tənqidlərə məruz qalmışdı.
Mənbə: Deutsche Welle