Əfv verilməməsinin səbəbi bəlli oldu

0
655

 

Əliməmməd Nuriyev, may 2007

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü Əliməmməd Nuriyev Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə əfv sərəncamının niyə verilmədiyinə aydınlıq gətirir

Bayram ərəfəsində əfv sərəncamı ilə doğmalarının azadlığa çıxacağını gözləyən ailələr az deyildi. Onların arasında əfv üçün müraciət edən də vardı, etməyən də.

Ancaq bu dəfə dövlət başçısı belə bir sərəncam imzalamadı. İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü Əliməmməd Nuriyev bunun səbəbini AzadlıqRadiosu-na belə izah edir:

-Ötən il cəzadan azad edilən şəxslərin sayı həddindən çox idi. 13 mindən çox şəxs vaxtından əvvəl azadlığa buraxıldı. Buna görə də bu dəfə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə əfv sərəncamı verilmədi.

Əfv fərmanı icra olunur

Əfv fərmanı icra olunur

-Həmin şəxslər amnistiya aktı və əfv sərəncamıyla azad edilmişdilər?

-2015-ci ilin dekabrında və 2016-cı ilin martında əfv olmuşdu. Daha sonra isə amnistiya aktı imzalanmışdı. Üstəgəl Ədliyyə Nazirliyinin məhkumların vaxtından əvvəl şərti olaraq cəzadan azadetmə institutunun səmərəli tətbiqi ilə bağlı bir komissiyası fəaliyyət göstərir. Həmin komissiya vasitəsilə 2 mindən çox məhkum cəzadan azad edilib. Amma bu da hamısı deyil. Bir məqamı da nəzərə almaq lazımdır ki, ötən il Cinayət Məcəlləsinin bir sıra maddələrində sanksiyaların yumşaldılması istiqamətində əlavə və dəyişikliklər edilib. Bunun sayəsində də bir sıra məhkumlar vaxtından əvvəl azad ediliblər. Bunlar nəzərə alındı deyə, əfv sərəncamı olmadı. Amma əfv komissiyasının katibliyi və Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin əfv sektoru daim işləyir. Ora il ərzində yüzlərlə müraciət daxil olur. Həm məhkumlardan gələn müraciətləri baxırlar, həm məhkumların yaxınlarından, həm də QHT-lərdən. Bunların hər biri araşdırılır.

 

Azərbaycan, 6 saylı həbsxana

Azərbaycan, 6 saylı həbsxana

-Bu o deməkdirmi ki, “plan dolduğundan” yaxın vaxtlarda əfv sərəncamı verilməyəcək?

-Mən ümid edirəm ki, bu il cənab prezident əfv sərəncamları imzalayacaq. Yeri gəlmişkən, Azərbaycan müstəqillik qazanandan bəri 61 əfv sərəncamı imzalanıb. Bunun nəticəsində 9 mindən çox şəxs cəzanın çəkilməyən bölümündən azad edilib. İndiyədək 11 amnistiya aktı qəbul edilib və bu zaman 120 minədək məhkum azadlığa buraxılıb. Eyni zamanda, Ədliyyə Nazirliyinin bayaq adını çəkdiyim komissiyasının vasitəsilə son 4 ildə 7 mindən çox şəxs ya azadlıqdan məhrumetmə cəzasından azad edilib, ya da cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkib. Bu proses davamlı xarakter daşıyır. Amma bəzi institutların vaxtaşırı tətbiqi də bəzi hallarda onların mahiyyətinə zədə vura bilər. Bu məsələdə də diqqətli olmalıyıq.

-Əliməmməd bəy, son zamanlarda siyasi məhbuslardan və ya media qəlibiylə deyilsə, “tanınmış məhbuslardan” İşçi Qrupa müraciət daxil olub?

-Mürcaiətlər daxil olur. Amma bu konfidensial xarakter daşıyır. O müraciətlərlə bağlı qərarlar da konfidensial şəkildə qəbul edilir. Bir də, bu məsələ son anda prezidentin iradəsindən asılıdır. Ona görə bu haqda məlumatları açıqlamaq düzgün olmazdı. Bu, müraciətçilərin bizə göstərdiyi etimada da zərbə olardı.

 

-Novruz bayramına əfv gözləyən ailələrin sevinmə ehtimalı nə dərəcədə realdır?

-Mən bu məsələlərə təmkinli yanaşmanın tərəfdarıyam. Nəyin nə zaman baş verəcəyini bəri başdan söyləmək yanlış olar. Üstəlik, nəzərə alaq ki, bu məsələlər əfv komissiyasının səlahiyyətindədir.

BIR CAVAB BURAXIN