“Vidadi İsgəndərlinin hüquqa zidd çağırışlarını fransız dilinə çevirib, bu ölkənin səfirinə təqdim etməlidirlər!”
“Elmar Məmmədyarovun özünün ünvanına ittihamlar yağdırılanda dərhal mətbuat katibi vasitəsilə ona reaksiyalar verilir. Bəs ulu öndərə, dövlətimizin rəhbərliyinə qarşı o cür ifadələr işlədilir, niyə bu nazirlik susur?!”
Fransada yaşayan Vidadi İsgəndərli youtube.com-a yerləşdirdiyi yeni videoçıxışında Azərbaycan torpaqlarını işğal edən Ermənistanı, erməni xalqını tərifləyib, onları “demokratiya quran xalq” adlandırıb. Azərbaycanı isə aşağılayan fikirlər səsləndirib və Azərbaycanda inqilab hazırladığı, silahlı inqilab olacağı ilə hədələyib. Vidadi İsgəndərli bununla kifayətlənməyib, bir sıra vəzifəli şəxslərə və onların yaxınlarına gələcəkdə ölüm hökmü çıxarılacağı kimi hədyanlar dilə gətirib.
Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, prezidentliyə keçmiş namizəd Zahid Oruc Vidadi İsgəndərlinin bu tipli fikirlərinə kəskin etiraz edərək Azərbaycanın müvafiq hökumət strukturlarını ciddi tədbirlər görməyə çağırıb.
“Yeni Müsavat”a açıqlamasında Zahid Oruc bildirdi ki, məsələyə ən ciddi reaksiyanı verməli olan qurumlardan biri Xarici İşlər Nazirliyidir. İstənilən bir ölkədə hər hansı bir yerli vətəndaşlar və ya əcnəbilər vasitəsilə, məsələn, Fransaya, Almaniyaya qarşı Vidadi İsgəndərlinin səsləndirdiyi fikirlər, hədələr kimi hədələr səsləndirilsəydi, Fransanın, Almaniyanın Xarici İşlər Nazirliyi susmazdı: “Bir Fransa vətəndaşı gəlib Bakıda yerləşdikdən sonra Fransaya, onun hökumətinə qarşı Vidadi İsgəndərlinin dilə gətirdiyi şəkildə fikirlər işlədib internetdə yaysaydı, Fransanın Xarici İşlər Nazirliyi Azərbaycanın Parisdəki səfirliyindən, səfirdən izahat istəyərdi, səfiri dəvət edib ona nota təqdim edərdilər. Bizi topa tutardılar, məsələmizi BMT-yə çıxarardılar, bizi terrora çağırış edən adamlara sığınacaq verməkdə ittiham edərdilər. Azərbaycandan rəsmi izahat istəyərdilər. İndi isə ortalıqda artıq illərdir ki, sırf kəşfiyyat orqanları vasitəsilə himayə olunan, bəlkə də ayaqlarına müxtəlif nəzarət qurğuları bağlanmış bu adamlar bizim əleyhimizə dini radikallardan daha kəskin fətvalar verməkdədirlər. Azərbaycanın Xarici İşlər Nazirliyi isə bu məsələyə gərəkən reaksiyanı vermir. Hüquq sistemində ən ağır əməl nə sayılırsa, Vidadi İsgəndərli bundan daha ötəsini söyləyir. Xarici İşlər Nazirliyi bundan artıq daha hansı hədələri, təhqirləri görüb işə keçəcəkdir?! Bu nazirlik niyə hərəkətə keçmir?! Axı onların vəzifəsi dövlətin, xalqın, hakimiyyətin üzərinə tuşlanan zərbələrə qarşı çıxmaqdır. Respublika Prokurorluğu və Xarici İşlər Nazirliyi bu məsələdə birlikdə addımlar atmalıdırlar”.
Deputat deyib ki, Azərbaycan XİN Fransanın Bakıdakı səfirliyinə Vidadi İsgəndərli barədə rəsmi müraciət göndərməlidir. Vidadi İsgəndərlinin başdan-ayağa cinayət saçan videoçıxışları fransız dilinə tərcümə edilib, səfirliyə təqdim edilməlidir: “Səfiri və ya səfirlik təmsilçisini dəvət edib onların qarşısında məsələ qaldırılmalıdır ki, bu cür ağır cinayət xarakterli çıxışlar sizin ölkənizdə sığınacaq verilən birisi tərəfindən edilir və hüquq tələb edir ki, ölkəniz bu məsələ ilə bağlı qanuni tədbir görsün”.
Z.Oruc Milli Məclisin payız sessiyası başlayan kimi iclasda bu məsələyə toxunacağını da söylədi: “Xarici İşlər Nazirliyindən qeyd olunan məsələlərlə bağlı cavabdehlik istəyəcəyəm. Onlar qarşısında məsələ qaldıracağam ki, ölkəmizə, ümummilli liderimizə, ölkəmizin başçısına, birinci vitse-prezidentimizə qarşı yağdırılan məlum hədyanlarla bağlı indiyədək hansı real addımlar atılıb. Xarici İşlər Nazirliyindəkilərin şəxsən özlərinin mənafeyinə toxunulsa, görərdiniz necə meydana çıxırlar. Özlərinə qarşı kiçicik tənqidi ifadə işlənən kimi dərhal üzərinə yeriyirlər. Xarici işlər naziri Elmar Məmmədyarovun özünün ünvanına ittihamlar yağdırılanda dərhal mətbuat katibi vasitəsilə ona reaksiyalar verilir. Bəs ulu öndərə, dövlətimizin rəhbərliyinə qarşı o cür ifadələr işlədilir, niyə bu nazirlik susur?! Azərbaycanda terrorçuluğu Vidadi İsgəndərli təbliğ edir. Respublika Prokurorluğu, Xarici İşlər Nazirliyi hara baxır?! Gözləməliyik ki, mütləq silahdan atəş açılsın, onda hərəkətə keçsinlər?! Cəmiyyətə izahat verilməlidir ki, Avropadan üzərimizə yağdırılan təhqirlərə, hədələrə qarşı hansı qanuni tədbirlər görülüb və ya görülür”.
Xarici İşlər Nazirliyindən məsələyə münasibət öyrənməyə çalışsaq da gün ərzində zənglərimizə mətbuat xidmətindən cavab verən olmadı.
Buna baxmayaraq, XİN-dən Zahid Orucun dediklərinə münasibət bildirmək istəsələr, “Yeni Müsavat” o mövqeni çap etməyə hazırdır.