Xalq artisti Yasin Qarayev mərhum əməkdar artist Məhəbbət Kazımova həsr olunmuş proqramda iştirak etməməsiylə bağlı səsləndirilən ittihamlara cavab verib.
Arazinfo.com-un verdiyi məlumata görə, “Ölkə.Az”-ın əməkdaşıyla söhbətində xalq artisti bildirib ki, sözügedən proqrama Natiq Dağlaroğlu adlı tamadaya görə getməyib:
“O Natiq müğənni deyil, tamadadır. Məhəbbət Kazımovun o qədər dostları vardı ki… Natiq sonralardan peyda olan dostlardandır. Natiq o verilişdə anım günü yox, özü üçün reklam günü elədi. Məhəbbət Natiqi oğurluğuna görə oturduğu masadan qovurdu. Dəfələrlə mənə yalvarıb bezdirirdi, yalvarırdı, deyirdi ki, oğlunun başına dönüm, bizi barışdır. Ora gəlməyən adamlar Natiqə görə gəlməyiblər. Bilirlər ki, bu adam saxtadır. Dəfələrlə Surqut şəhərindən Məhəbbətə pul göndəriblər, gətirib çatdırmayıb, pulun üstündən götürüb. Heç mən bu haqda danışmaq istəmirdim. Soruşanda ki niyə belə edirsən? Deyirdi ki, anamın ruhu haqqı, pul cibimdə qalıb, arvad da paltarı yuyub.
Orada deyir ki, Yasin Qarayev gəlməyib, burada olmalıydı. Mən səninlə bir verilişdə olmaq istəmirəm, səviyyəmiz də başqadır. Tez-tez mənim xalq artisti fəxri adımı vurğulayırsan. Bəli, bu fəxri adı mənə prezident verib. Sən də küçədəngəlmə, toylarda el şairlərinin sözünü öz adına çıxan insansan. Ayıbdır axı. Verilişdə tez-tez deyir ki, Məhəbbət Kazımov adına “Laçın” instrumental ansmblı. Bu ansamblı Məhəbbət özü yaradıb. Axı bu ansamblın Məhəbbət Kazımovun adını daşıması üçün, dövlət, Mədəniyyət və Turizm Nazirliyi status verməlidir. O, Natiq Dağlaroğlu deyil… (qeyri-etik ifadə işlətdiyinə görə bura yaza bilmirik-red.) ”
Yasin Qarayev bildirib ki, M.Kazımovun doğmaları da həmin proqramda iştirak etməyiblər. Səbəb isə ailə üzvlərinin N.Dağlaroğluna münasibətinin yaxşı olmamasıdır:
“Orada deyirsən ki, Könül Kərimova, Yasin Qarayev burada olmalıydı. Bəs Məhəbbətin oğlu Rəşid niyə orada yox idi? Əhliyyət adlı qardaşı Məhəbbəti Bakıda bəsləyib, saxlayıb. Bir-birimizi 1982-ci ildən tanıyırıq. O vaxt onlar Alim Qasımovla birlikdə oxuyurdular, Nəriman Əliyev adlı müəllimləri vardı. Sonradan Ağaxan Abdullayevin kursunu bitirdilər. 1982-ci ildə Dağlaroğlu Bakını xəbərlər proqramında görürdü. Mən də səndən soruşuram ki, onun qardaşları Əhliyyət, Qənimət haradadır? Atasının anım günündə oğlu niyə gəlməyib? Çünki ahmısının bundan zəhləsi gedir, axmaq adamdır”.
Qeyd edək ki, ARB TV-nin “Sayqa ilə bu axşam” verilişinə qonaq olan Natiq Dağlaroğlu adlı müğənni Yasin Qaraayev və Könül Kərimovanı ittiham edib:
“Onun süfrəsində oturub, dost saydığı şəxslər bu gün bura gəlməyib. Xalq artistimiz Yasin Qarayev, Könül Kərimova onun anım verilişinə gəlmədilər. Xətrinə dəyirsə, dəysin. Mən sözümü deyirəm. O insanların hər ikisi dəvət edilmişdi. Mən hər 5-ci gün onun qəbrinin üstünə gedib ziyarət edirəm. Elə olub ki, gecə saat 2-də onun qəbrinə getmişəm”.