Xalq artisti belə öldürüldü: ürəyi partladılan məşhur haqqında ŞOK GİZLİNLƏR – ARAŞDIRMA

0
728

Azərbaycan milli kinosunda sevə-sevə izlədiyimiz filmlər var. Hər dəfə baxdıqca baxmaq istəyirik. Amma o filmlərin pərdəarxası məqamlarından xəbərsizik. Bir çox filmlər var ki, ekranlara çıxana qədər maraqlı, hətta qalmaqallı tale yaşayıb. Hansısa rejissora həvalə ediblər, aktyorlar seçilib, hətta libasları da əyinlərinə biçilərək tikilib. Sonra həmin filmi ekranlaşdırmaq başqa rejissora, həmin rolları oynamaq isə digər aktyorlara nəsib olub.

Belə filmlərdən biri də 1979-cu ildə Ənvər Məmmədxanlının ssenarisi əsasında ekranlaşdırılan “Babək” filmidir. Filmi çəkmək əvvəlcə görkəmli rejissor, SSRİ xalq artisti, yazıçı Həsən Seyidbəyliyə həvalə olunur. Hətta yaradıcı heyət də tam olaraq müəyyən edilir. Amma o dövrdə heç aktyorların özünə də bəlli olmayan səbəblər üzündən film Seyidbəylidən alınaraq Eldar Quliyevə verilir. Niyə, nə səbəbə?

 

Məhz Publika.az bu gizlinləri açmağa çalışacaq…

 

Əvvəlcə qeyd edək ki, xalq artisti Eldar Quliyevin rejissorluğu, ilə ekranlaşdırılan filmin operatoru Rasim İsmayılov, bəstəkarı isə Polad Bülbüloğludur. Filmdə baş rollarda Rasim Balayev (Babək), Həsənağa Turabov (Afşin), Amaliya Pənahova (Zərnisə) və başqaları çəkilib.

 

“Onu necə hirsləndirmişdilərsə, şəkəri qalxdı və…”

Həsən Seyidbəylininin əksər filmlərində rol alan və rejissorun sevimli aktrisası titulunu qazanan əməkdar artist Xalidə Quliyeva Nəsimi filmindən sonra Seyidbəylinin hədəfə götürüldüyünü deyib: “Nəsimi”dən sonra onunla açıq və gizlin mübarizəyə başladılar. Ona qarşı təzyiqlər, hücumlar başlandı. Artıq ona film çəkməyə imkan vermək istəmirdilər. Hətta “Nəsimi”ni çəkəndə ona görə etiraz edirdilər ki, Rasim bu film üçün gənc və təcrübəsizdir, film uğurlu alınmayacaq. O, heç vaxt sənətdə güzəştə gedən adam olmayıb. Ona nəyisə diktə etmək mümkün deyildi. Aktyorları özü seçirdi və heç vaxt da seçimində yanılmırdı. Həmin vaxt film uğurlu alındı və Sovetlər ölkəsində ən gözəl film kimi saysız-hesabsız mükafatlara layiq görüldü.

Sonra belə məlum oldu ki, onların dərdi uğur deyil, sadəcə, Həsən Seyidbəylini həzm edə bilmirlər. O, daha sonra “Babək” filmini çəkmək istədi. Hətta filmin hazırlıqlarına da başlandı. Amma çəkiliş başlamamış filmi onun əlindən aldılar. Bu, gizlin baş verdi. Yadımdadır ki, həmin vaxt ona yaşatdıqları stress nəticəsində Seyidbəyli xəstəxanaya düşdü. Onun şəkər xəstəliyi vardı və necə hirslənmişdisə, şəkəri qalxmışdı və təcili olaraq xəstəxanaya yerləşdirmişdilər. Onu xəstəxanaya salan adamlar həmin vəziyyətdən bəhrələnərək filmi də əlindən almışdılar”.

 

Aktrisanın sözlərinə görə, bu hadisədən sarsılan Seyidbəyli elə xəstəxanada da dünyasını dəyişib: “Çox az yaşadı, cəmi 59 il. “Babək”i başqa rejissor çəkdi və o film ekranlara çıxanda artıq Həsən Seyidbəyli həyatda deyildi. Ona qarşı çox haqsızlıq etdilər. Xəstəxanada olan bir insanın sağalmasını gözləmədən filmi əlindən almaq insanlığa sığışan hərəkət deyildi. Çünki bu, onun xəstəliyini daha da şiddətləndirdi və ölümünə nail oldular”.

 

 

Tofiq Quliyev niyə oğlunu dostunun ayağına verdi?

Filmin rejissoru Eldar Quliyev isə Həsən Seyidbəylininin özünün filmdən imtina etdiyini bildirib: “Bilmirəm noldusa, Həsən Seyidbəyli Babək filmini çəkməkdən imtina etdi. Filmi çəkmək üçün mənə müraciət etdilər. Amma mən etiraz etdim, dedim ki, indiyə qədər tarixi film çəkməmişəm, bunu da çəkə bilmərəm. Təklif bir neçə dəfə olundu, yenə də etirazımı bildirdim. Kinostudiyanın o vaxtkı direktoru Cəmil Əlibəyov bir gün mənə dedi ki, vəziyyət pisdir, mən Mərkəzi Komitəyə qərarımı bildirməliyəm, film artıq çəkilməlidir, sən də razılıq vermirsən. Mən filmi çəkməyə razılıq vermək məcburiyyətində qaldım. Həsən Seyidbəylininin topladığı aktyor heyəti, ümumilikdə bütün yaradıcı qrup yerində qaldı. Filmin bəstəkarı atam, Tofiq Quliyevdən başqa. Bir gün evdə oturmuşdum, atam mənə zəng elədi və dedi ki, Eldar, incimə, mən filmdən imtina edirəm. Səbəbini də belə izah etdi ki, Həsən Seyidbəyli ilə uzun illərin dostudur, onu tapdalaya və bu filmdə iştirak edə bilməz. Mən insan kimi onu anladım və bəstəkar Polad Bülbüloğluna müraciət etdim”.

 

“Ssenarini onların üstünə tullayıb getdi”

Əməkdar incəsənət xadimi, rejissor Əbdül Mahmudbəyli illər sonra baş verənlərə belə aydınlıq gətirib: “Başımın üstündə Allah var, bu işdə Eldar Quliyevin heç bir günahı yoxdur. Onsuz da filmi kimsə çəkməli idi. Seyidbəyli əslində filmi özü çəkmək istəyirdi, amma o şərtlərlə razılaşmadı və ssenarini onların üstünə tullayıb getdi. Şəxsiyyətinə hörmət edən belə bir rejissordan başqa hərəkət gözləmək də mümkün deyildi. Amma artıq filmin ssenarisi hazır idi, yaradıcı heyət seçilmişdi, hətta ssenari istehsalata da göndərilmişdi. Qalırdı çəkilişlər. Seyidbəylininin filmdən imtina etməsininin bir səbəbi maliyyə ilə bağlıydı. Tarixi film üçün kifayət qədər maliyyə ayrılmalı idi, amma bu pulların bir hissəsi kimlərinsə cibinə getmişi. Əsas səbəb isə ssenariylə əlaqədar idi. Bilirsiniz ki, tarixən Babəklə bağlı ziddiyyətli məqamlar söylənilir. Seyidbəyli təklif elədi ki, “Babək” filmininin ssenraisində dəyişikliklər eləsin. Çünki tarixi film böyük məsuliyyət tələb edirdi. Lakin o vaxt Mərkəzi Komitədə kino işlərinə nəzarət edən şöbə müdiri Azad Şərifov buna imkan vermədi. Dedilər ki, olan ssenari budur, çəkirsən çək, çəkmirsən kənara çəkil. Əslində bu da bir bəhanəydi, onlar bilirdilər ki, Seyidbəyli ləyaqətli insandır və dediyini edəcək. Belə olan halda, Seyidbəyli şərtlərinin qəbul edilmədiyini görüb təkrar deyirəm ki, ssenarini tullayıb getdi. Əslində nəsimi filmini çəkəndə də onun başına bu oyunu gətirmək istədilər. Ancaq o vaxt Kinostudiyanın direktoru Adil İsgəndərov onun arxasında dayandı. Elə Adil müəllim də bunun qurbanı oldu, ürəyini partladıb öldürdülər.

Seyidbəylidən isə heyfi belə çıxdılar. Xəstə olan Həsən müəllim stress yaşadı və xəstəxanaya düşdü. Onun da ürəyini partladıb öldürdülər. Filmi də Eldar Quliyev çəkdi. Əsl həqiqət budur. Əslində Azərbaycan filmlərinin əksəriyyəti belə tale yaşayıb”.

 

Qalmaqallı film ekranlara çıxdı. Eldar Quliyevin rejissor yozumunda ərsəyə gələn “Babək” tamaşaçı tərəfindən sevildi də. Amma bütün bunları görmək Həsən Seyidbəyliyə qismət olmadı. Çünki film ekranlara çıxanda o, artıq xəstəxanada dünyasını dəyişmişdi.

 

 

Cəvahir Səlimqızı

BIR CAVAB BURAXIN