Dünən Bişkekdə keçirilən Avrasiya İqtisadi İttifaqına üzv dövlət başçılarının toplantısında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi vəzifəsinə general Yuri Xaçaturovun namizədliyi nəhayət ki, təsdiq edilib. Beləliklə son 7-8 ayda Ermənistan nümayəndəsinin rotasiya qaydası ilə KTMT-yə Baş katib seçiməsinə mane olan amillər aradan qaldırılıb. Qeyd edək ki, Ermənistan nümayəndəsinin KTMT Baş katibi seçilməsi Qazaxıstan və Belarus rəhbərliyinin buna razılıq verməməsi nəticəsində iki dəfə təxirə salınmışdı. Bununla belə Ermənistan nümayəndəsinin KTMT-də rəhbər vəzifəyə seçilməsində politoloq Vadim Dubnovun da dediyi kimi Rusiya da maraqlı deyildi. Təbii ki, erməni generalın KTMT-yə baş katib təyin edilməsinin adı çəkilən ölkə ilə müharibə vəziyyətində olan Azərbaycan üçün arzuedilməz olduğu öncədən də aydın idi. Bəs Xaçaturovun KTMT Baş katibi seçilməsi Azərbaycan üçün hansısa təhlükə doğura bilərmi? Məsələ ilə bağlı“Yeniavaz.com”a açıqlama verən hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov KTMT-də hər hansı qərarın yalnız bir nəfər, Baş katib tərəfindən qəbul edilmədiyini söylədi: “Rusiya KTMT Baş katibi vəzifəsinə özünün keçmiş generalını gətirdi. Bununla da Moskva Ermənistanın KTMT Baş katibi postunda öz adamının olması istəyinin qabağını aldı. Məsələnin digər tərəfinə gəlincə, KTMT də hər hansı qərarın qəbul edilməsi quruma üzv ölkə rəhbərlərinin hamısının razılığını verməsindən asılıdır. Daha dəqiq desək Xaçaturov KTMT üzvü dövlətlərin razılığı olmadan qurrm adından hər hansı addım ata bilməz.
Yəni quruma üzv Belarus və Qazaxıstan çətin ki, Xaçaturovun təşəbbüsü ilə Azərbaycan əleyhinə hər hansı addım atlmasına imkan versinlər. Bununla belə Xaçaturovun Sarkisyanın təhriki ilə KTMT-dən ölkəmizə qarşı hansısa təxribat üçün istifadə etməyə baş vura bilməsi də istisna edilmir. Buna baxmayaraq inanmıram ki, Xaçaturovun KTMT Baş katibi təyin edilməsi və ya seçilməsi bu qurumun simasında Azərbaycana təhlükə yaratsın”.
Nəhayət onu da deyək ki, Serj Sarkisyan komandası tərəfindən uzun illər Ermənistan Silahlı qüvvələrinin qərargah rəisi işləyən və faktiki olaraq həm də de-fakto müdafiə naziri vəzifəsini icra edən Yuri Xaçaturovun Baş katib seçilməsi bir o qədər də coşqu ilə qarşılanmayıb. Buna səbəb isə əslində Baş katib postuna Ermənistanın hərbi maraqlarını daha yüksək səviyyədə müdafiə edəcək şəxsin seçilməməsidir. Ermənistan rəhbərliyində KTMT Baş katibi postunda daha çox Seyran Ohanyanı və ya keçmis müdafiə naziri Vaqarsak Arutyunyanı görmək istəyirdilər. Lakin Rusiya erməni generalları arasından Rusiyaya daha sədaqətli olan və ümumiyyətlə kuluarlarda adı Baş katib postuna namizədlər sırasında hallandırılmayan Yuri Xaçaturovun Baş katibi seçilməsinə daha üstünlük verdi. Bu baxımdan Xaçaturovun KTMT Baş katibi kimi daha çox Rusiyanın maraqlarından çıxış edəcəyi şübhə doğurmur. Şübhəsiz ki, Xaçaturov Azərbaycana münasibətdə Rusiyanın birbaşa razılığı olmadan hər hansı xoşəgəlməz addım atmayacaq. Bununla belə KTMT-nin əvvəlki Baş katibi Bordyuja kimi Xaçaturovun da yeri gəldikcə ölkəmizə qarşı Rusiyanın hansısa təzyiqi anlamına gələn sərt açıqlama verəcəyi istisna edilmir. Eyni zamanda Yerevanda ümid edirlər ki, aprel döyüşləri zamanı baş verən hadisələrə KTMT-nin sərt reaksiya verməməsi kimi hallara Yuri Xaçaturovun Baş katibliyi dövründə rast gəlinməyəcək və bu qurum Qarabağa və Ermənistana daha çox dəstək verəcək.
Məsələn, erməni general Ter-Tadevosyan “Jamanak” qəzetinə verdiyi müsahibəsində deyb ki, Xaçaturovun KTMT rəhbəri kimi ermənilərin narazılığına səbəb olan amilləri aradan qaldıracağına inanıram: “Xaçaturov istənilən məsələni həll etməyə qadir, həm danışmağı, həm də döyməyi bacaran adamdır”.
Lakin o da öncədən aydındır ki, Moskvanın razılığı olmadan Yuri Xaçaturov nə artıq-əskik danışa, nə də döyə biləcək…
Əziz Mustafa