“Ovçular evi”nin gecəyarısı qəfil “ovlanması”, prezidentin sərt müdaxiləsi

0
630
 

Bakının Mətbuat prospektində, “Ovçular evi” kimi tanınan məşhur binanın ətrafında çoxillik şam ağaclarının kütləvi məhv edilməsi ilə müşaiyət olunan və prezident İlham Əliyevin müdaxiləsi ilə dayandırılan tikinti bir neçə gün əvvəl-qəfil və gecə başlamışdı.

Virtualaz.org qeyd edir ki, həmin ərazidə “Böyük Plaza” adlı yaşayış və ticarət kompleksi tikmək istəyən şirkətin buldozerləri əvvəl gecə saatlarında “Ovçular evi”ni dağıtmağa, eyni zamanda ərazidəki ağacları məhv etməyə başlayıb. Proses ertəsi gün gündüz saatlarında da davam edib və qısa müddət ərzində onlarla iri ağac məhv edilib. Hələlik həmin tikintini aparan şirkətin adı açıqlanmır. Eyni zamanda şirkətin tikintiyə başlamaq və “Ovçular evi”ni sökmək üçün hansı sənədlərə malik olduğu müəyyən deyil.

Lakin qeyd etmək lazımdır ki, həmin ərazidə gözü olan bir çox iri məmurların adları əvvəllər mətbuatda çəkilirdi. Həmin “Ovçular evi”ində 2010-cu ildə bilinməyən səbəblərdən yanğın baş verib, içərisində ov silahları da olmaqla mağazanın bir hissəsi yanıb. “Ovçular evi” “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin balansında olub, bu ictimai birliklə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında neçə vaxtdır qalmaqal yaşanırdı. Nazirlik ictimai birliyi saxta ovçuluq vəsiqələri verməkdə və ovçuluqla bağlı qanunları pozmaqda günahlandırıb. Nəhayət 2014-cü ildə təşkilatla ovçuluq təsərrüfatlarının idarə edilməsinə dair bağladığı müqaviləni ləğv edib.O vaxtdan xəbər yayılmışdı ki, “Ovçular evi”nin ərazisində yeni çoxmərtəbəli yaşayış kompleksi və ticarət mərkəzi tikilməsi planlaşdırılır. Və bu işdə birliyin rəhbəri Füzuli Əşrəfovun da marağı var.

Nəhayət buldozerlər bir neçə gün əvvəl əraziyə daxil olanda və ağacları məhv etməyə, binanı sökməyə başlayanda belə xəbərlər yayılmışdı ki, orada tikiləcək “Böyük Plaza” deputatlar üçün nəzərdə tutulub. Hərçənd bu, ancaq sosial şəbəkələrdə yayılan məlumatlara əsaslanırdı.

Görünür hansısa yolla Bakının mərkəzi prospektində yerləşən həmin ərazini ələ keçirən məmur-oliqarx prezidentin tikinti sektorunun canlandırılmasına dair verdiyi göstərişlərdən sui-istifadə etməyə qərar verib və bu işi paytaxtın onsuz da kasad olan yaşıllıqlarını məhv etməklə görməyə çalışıb. Prezident İlham Əliyev tikinti şirkətlərinin yenidən dirçəlməsi üçün şəraitin yaradılmasına göstəriş verib, ancaq heç vaxt heç yerdə deməyib ki, sektorun canlandırılması naminə tikinti şirkətlərinin yaşıllıqları məhv etməsinə də göz yummaq lazımdır. Əksinə, prezidentin yaşıllıqların məhvinə, ağacların qanunsuz kəsilməsinə görə hansı sərt mövqe nümayiş etdirdiyi çoxdan məlumdur.

BIR CAVAB BURAXIN