Xəzəri Fars körfəzi ilə birləşdirəcək kanalın inşası baş tutacaqmı?

0
591

Əziz Mustafa

Son illərdə beynəlxalq aləmdə yenidən “soyuq müharibə” küləklərinin əsməsi, o cümlədən Suriya ətrafında vəziyyətin gərgin olaraq qalması vaxtilə həyata keçirilməsi nəzərdə tutulan, lakin müxtəlif səbəblərdən reallaşdırılması mümkün olmayan layihələrin yenidən gündəmə gəlməsinə səbəb olub. Bu baxımdan vaxtilə müzakirə hədəfi olan, ancaq sonradan “unudulan” Xəzəri Fars körfəzi ilə birləşdirəcək kanalın çəkilməsi məsələsi aktuallaşıb. Xüsusilə, Qərbin İrana tətbiq etdiyi sanksiyaların aradan qaldırılmasından sonra Tehran Xəzəri Fars körfəzi ilə birləşdirəcək kanalın inşası istiqamətində müxtəlif addımlar atmaqdadır. İş orasındadır ki, Xəzərdən-Fars körfəzinə çəkilməsi nəzərdə tutulan yeni kanalın inşası baş tutacağı təqdirdə, Rusiya, Orta Asiya, Qafqaz və Çindən Fars körfəzinə yeni nəqliyyat körpüsü əmələ gələcək. Bu isə strateji baxımdan İranın əhəmiyyətini daha da artıraraq ona həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan yeni dividentlər gətirəcək. Yeni kanal həm də Rusiyaya Bosfor körfəzindən yan ötməklə dünyanın strateji baxımdan ən əhəmiyyətli məkanlarından biri hesab edilən Fars körfəzinə birbaşa çıxmağa imkan verəcək. Ona görə də kanalın inşasının reallaşması İran kimi Rusiyanın da hərbi-strateji, iqtisadi və siyasi maraqlarına uyğundur. Təsadüfi deyil ki, dünyanın tanınmış ekspertləri Xəzər-Fars körfəzi layihəsini öz əhəmiyyətinə görə Panama və Süveyş kanalları ilə müqayisə edir, onun böyük iqtisadi və hərbi-strateji önəmə malik olduğunu xüsusi vurğulayırlar. Tanınmış politoloq Aleksey Malaşenkonun da dediyi kimi, Xəzər-Fars körfəzi kanalının işə düşməsi Rusiyanın çoxdan arzusunda olduğu “rus əsgərlərinin isti okean sularında ( Hind okeanında) ayaqlarını yuması” həsrətinin bitməsi demək ola bilər. Bu baxımdan Xəzər-Fars körfəzi layihəsinin reallaşması Tehran və Moskvanın nəinki iqtisadi, siyasi, həm də hərbi baxımdan dünyanın güclü və qüdrətli dövlətlərindən birinə çevrilməsi demək olacaq.

Layihə üzərində işlərə 1899-cu ildə başlanıb

Xəzəri Fars körfəzi ilə birləşdirəcək yeni kanalın inşası ilə bağlı məsələ XIX əsrin 90-cı illərində meydana gəldi. Həmin vaxt Rusiya Bosfor boğazından keçmədən Hind okeanına qısa yol axtarırdı. Çünki Bosfor boğazı Osmanlının nəzarəti altında idi və bölgədə müharibə başlayacağı təqdirdə, ora Rusiyanın hərbi gəmilərinin üzünə bağlana bilərdi. Belə vəziyyətdə çar Rusiyası nəzərlərini cənuba, Xəzər dənizinə yönəltdi və Bosfor körfəzini keçmədən Hind okeanına çıxmağa imkan verəcək yeni kanalın inşası məsələsini gündəmə gətirdi. Bu məqsədlə də Xəzərdən Fars körfəzinə çıxmağa imkan verəcək Xəzər-Fars körfəzi layihəsi üzərində iş başladı. Aydın məsələ idi ki, Xəzəri Fars körfəzi ilə birləşdirəcək yeni kanalla bağlı İranın razılığını almaq lazım idi. Layihə ilə tanışlıqdan sonra İran Xəzər-Fars körfəzi layihəsinin reallaşmasında maraqlı olduğunu ortaya qoydu. Nəticədə yeni layihənin həyata keçirilməsi məqsədi ilə İran-Rusiya birgə komissiyası yaradıldı. 1904-cü ildə tərəflər yeni kanalın statusu barədə danışıqlara başladılar. Rusiya yeni kanalda özünə xüsusi sərbəstlik verilməsini istəyirdi. Çar və ətrafındakılar İranın razılığı olmadan kanaldan hərbi məqsədlər üçün istifadə edilməsini və bu məsələdə əsas söz sahibinin özlərinin olmasını tələb edirdilər. Öz növbəsində, Tehran kanalın bərabər hüquqlar əsasında idarə edilməsinə tərəfdar idi. Lakin Rusiya İranın bərabərhüquqlu idarəetmə hüququndan istifadə edərək, Rusiya hərbi gəmilərinin Fars körfəzinə çıxışına imkan verməyəcəyindən narahat idi. Ona görə də çar Xəzər-Fars körfəzi layihəsinin yalnız Rusiyanın müstəsna hüquqlarının təmin edilməsi şərti ilə inşasında israrlı idi. Lakin Rusiyanın kanalın idarə edilməsində hegemon rolunu öz üzərinə götürməsi İranı qane etmirdi. Bu, İranın təhlükəsizliyini şübhə altına ala bilərdi. Nəticədə tərəflər kanalın idarə edilməsi məsələsində ortaq məxrəcə gələ bilmədilər. 1908-ci ildə Xəzər-Fars körfəzi layihəsi ilə bağlı aparılan danışıqlar tərəflərin ortaq məxrəcə gələ bilməməsi ucbatından dayandırıldı. Birinci Dünya müharibəsinin başlamasından sonra isə Xəzər-Fars körfəzi layihəsi, ümumiyyətlə, gündəmdən çıxarıldı. Birinci Dünya müharibəsi başa çatandan sonra Türkiyə ilə sovet Rusiyası arasında əmələ gələn isti münasibətlər, o cümlədən Atatürkün Bosfor boğazından heç vaxt SSRİ-nin əleyhinə istifadə edilməyəcəyi vədini verməsindən sonra Moskva İran ərazisi ilə yeni kanalın çəkilməsi ideyasından imtina etdi. Bununla belə, II Dünya müharibəsinin başlaması ərəfəsində Moskva yenidən Xəzər-Fars körfəzi layihəsini təkrar gündəmə gətirməli oldu. Lakin həmin vaxt SSRİ ilə İran arasında münasibətlər kəskinləşmişdi. Ona görə də SSRİ-nin simasında özünün varlığına təhlükə görən İran kanalın çəkilməsi ilə bağlı danışıqlara başlanılmasından imtina etdi. Buna paralel olaraq, Türkiyə 1941-ci ildə müxtəlif bəhanələrlə SSRİ-yə Almaniyanın hücumuna məruz qalan Yuqoslaviyanın yardımına getməsinə və bu məqsədlə oraya hərbi yüklər göndərilməsinə imkan vermədi. Nəticədə müharibənin ağır çağında, 1942-ci ildə Stalin yenidən Xəzər-Fars körfəzi layihəsinin qısa müddətdə həyata keçirilməsi üçün müvafiq qurumlara göstəriş verdi. 1943-cü ildə Tehranda keçirilən müttəfiq dövlətlərin prezidentlərinin konfransında Stalin yeni kanalın inşası məsələsini İran şahı Məhəmməd Rza Pəhləvi qarşısında qaldırdı. Lakin müharibədən sonra Qərbin təsiri altına düşən İran kanalın çəkilməsindən imtina etdi. 1953-cü ildə Stalinin ölümündən sonra İstanbulla Moskva arasında yenidən isti münasibətlər yarandı. Nəticədə Moskva yenidən Xəzər-Fars körfəzi layihəsinin reallaşmasını təxirə salmalı oldu. Bununla belə, 1956-cı ilin iyun-iyul aylarında İran şahı Pəhləvinin Moskvaya səfəri zamanı kanalın inşası ilə bağlı məsələ müzakirə edildi. Lakin ABŞ-ın təzyiqlərindən qorxan İran tərəfinin xahişi ilə kanalın çəkilməsi ilə bağlı məsələnin birgə bəyannaməyə salınmaması qərara alındı. 1962-ci ilin noyabr ayında SSRİ Ali Sovetinin o dövrdəki sədri Brejnevin Tehrana səfəri zmanı Xəzər-Fars körfəzi layihəsinin reallaşması yenidən gündəmə gəldi. Nəticədə tərəflər arasında sərhədyanı su ehtiyatlarından birgə istifadə edilməsi, həmçinin İran məhsullarının SSRİ, SSRİ məhsullarının isə İran ərazilərindən daşınması barədə anlaşma imzalandı. 1968-ci ilin aprel ayının əvvəllərində SSRİ Nazirlər Kabinetinin sədri Aleksey Kosıginin Tehrana səfəri zamanı kanalın inşası ilə bağlı razılıq əldə edildi. Lakin yenə də ABŞ-ın təzyiqlərindən ehtiyat edən İran bu məsələnin birgə bəyannamədə əksini tapmasına razı olmadı. 1972-ci ilin oktyabr ayında Pəhləvinin Moskvaya, 1973-cü ilin mart ayında A. Kosıginin Tehrana səfəri zamanı kanalın çəkilməsi növbəti dəfə müzakirə hədəfi oldu. Həmin dövrdə SSRİ İranda 60-dan çox sənaye, energetika obyektləri inşa etdi. Buna paralel olaraq, SSRİ-dən İrana 500 kilometr uzunluğu olan yeni qaz kəməri çəkildi. Bu kəmər vasitəsilə İran qazının SSRİ ərazisi ilə Avropaya nəqli də nəzərdə tutulmuşdu. Lakin həmin dövrdə İranda baş verən hadisələr adıçəkilən ölkənin qazının Avropaya nəqlini reallaşdırmağa imkan vermədi.

Layihənin reallaşması xəyal olaraq qalacaqmı?

Ötən əsrin 70-ci illərinin sonlarında İranla ABŞ arasında əmələ gələn gərginlikdən istifadə edən SSRİ yenidən Xəzər-Fars körfəzi kanalının inşa edilməsini gündəmə gətirdi. Lakin Brejnevin vəfatından sonra SSRİ-nin iqtisadi böhran dövrünə qədəm qoyması bu layihənin reallaşmasına imkan vermədi. SSRİ dağılandan sonra Rusiya 1996-cı ildə yenidən layihə ilə bağlı İranla danışıqlara başladı. Lakin 1997-ci ildə ABŞ tərəfindən İrana tətbiq edilən sanksiyalar Xəzər-Fars körfəzi kanalının reallaşması üçün xaricdən maliyyə yardımı almağa mane oldu. Bununla belə, Suriyaya münasibətdə müttəfiq rolunda çıxış edən İran və Rusiya yenidən Xəzər-Fars körfəzi kanalının inşası üçün hərəkətə keçiblər. Bununla bağlı texniki sənədlər hazırlanıb və razılaşdırılıb. Kanalın inşasının 2020-ci ildə başa çatdırılması nəzərdə tutulub. İran tərəfinin 2012-2013-cü illərdə hesablamalarına görə, kanalın inşası üçün minimum 10 milyard dollar lazımdır. Bu xərclərin kanal işə düşəndən sonra ilk 4 ildə çıxarılması və bundan sonra onun gəlirlə işləməsi gözlənilir. İrana qarşı Qərb tərəfindən tətbiq edilən sanksiyaların aradan qaldırılmasından sonra Tehran neft satışından əldə ediləcək gəlirlər hesabına kanalın inşasını başa çatdırmağı planlaşdırıb. Lakin Ukraynanın bir hissəsini işğal edən Rusiyaya qarşı Qərb tərəfindən tətbiq edilən sanksiyalar və Kremlin hazırda ağır iqtisadi günlərini yaşaması Xəzərdən Fars körfəzinə çəkiləcək kanalın reallaşmasını növbəti dəfə şübhə altına alıb. Üstəlik, İranla münasibətlərini yenidən yaxşılaşdıran Qərb çətin ki, Rusiyanın hərbi-strateji və iqtisadi maraqlarına xidmət edən bu layihənin reallaşmasına imkan versin. Bu baxımdan 116 yaşlı Xəzər-Fars körfəzi kanalı layihəsinin reallaşmasının mif olaraq qalıb-qalmayacağını gələcək göstərəcək.

BIR CAVAB BURAXIN