Wikileaks bu dəfə Erdoğanın kürəkənini hədəfləyib

0
473

11

“Foreign Policy” saytının məlumatına görə Wikileaks Türkiyə prezidenti Recep Tayyip Erdoğanın kürəkəni Berat Albayraka aid olduğu iddia edilən 57 min e-mail yayıb.

Cənab Albayrak hazırda Türkiyənin enerji və təbii sərvətlər naziridir.

“Foreign Policy” yazır ki, sözü gedən e-maillər Berat Albayrakın ölkənin yüksək hakimiyyət kabinetlərində güclü nüfuza malik olduğunu göstərir.

Redhack adı ilə tanınan kommunist haker fəallar qrupu Türkiyə hökumətini keçmişlərdə də hədəfləyib.

Qrupun sızdlırdığı elektron məktublar 2000-ci ildən bu yana 16 illik müddəti əhatə edir.

“Foreign Policy” yazır ki, hələlik nə Türkiyə hökuməti, nə də cənab Albayrak e-maillərin xalisliyi barədə sorğulara cavab verməyiblər, lakin əgər bu elektron məktubların doğrudan da Erdoğanın kürəkəninə aid olduğu təsdiqlənərsə, Ankara üçün başağrısı yarada bilər.

Burada edilən ən təhlükəli iddia budur ki, Albayrak Powertrans adlı şirkət vasitəsilə İŞİD-in neft ticarətinə dolayısı ilə bağlı ola bilər.

Məqalədə deyilir ki, 2011-ci ilin noyabrında Türkiyə hökuməti neft və neft məhsullarının avtomobil və dəmir yolları ilə ölkədən və ölkəyə daşınmasını qadağan etsə də, Powertrans şirkəti üçün istisna edilib. Başqa sözlərlə, blokadada olan İraq Kürdüstanından daşınmalar sahəsində bu şirkət monopolistə çevrilib.

“Foreign Policy” yazır ki, Türkiyə mediası 2014 və 2015-ci illərdə Powertrans-ın İŞİD neftinin Türkiyəyə daşınması ilə əlaqəsi olduğu barədə məlumatlar yaysa da, ortaya tutarlı dəlillər qoyulmayıb.

Sızdırılmış e-maillərdən birində Albayrak Powertrans şirkəti ilə hər hansı bağlılığını inkar edir. Lakin Wikileaks-in yaydığı materiallarda ‘Powertrans’ sözünə 32 dəfə rast gəlinir.

Bu e-maillərdən ikisində Albayrak şirkət işçilərinin maaşlarına və burada qəbul olunan qərarlara müdaxilə edir.

“Çox böyük bir ehtimalla…”

2015-ci ilin dekabrında Türkiyə müxalifətinin nümayəndəsi Eren Erdem Erdoğan ailəsi ilə İŞİD-in neft qaçaqmalçılığı əməliyyatları arasında “çox böyük bir ehtimalla” bağlılığın ola biləcəyini iddia etmişdi. Bu qeydlərinə görə Erdem xəyanət ittihamı ilə məhkum edildi.

“Foreign Policy” yazır ki, Rusiya təyyarəsinin vurulması ilə bağlı Moskva və Ankara arasında söz müharibəsi qalxdıqdan sonra Rusiya rəsmiləri prezident Erdoğanı və ailəsini İŞİD-lə neft alverində ittiham etmişdilər.

Albayraka aid edilən elektron məktubların bəzilərində hökumətin azad media və sosial platformalara hücumlarının bəzi təfərrüatları yer alıb.

2013-cü ildə Türkiyədə Gezi Parkı etirazları zamanı Türkiyə hökuməti sosial mediaya təsir etmək üçün 6 min nəfərlik komanda təşkil etmişdi.

Türkiyə Sərhədsiz Müxbirlər təşkilatının 2016-cı il üçün Mətbuat Azadlığı Indeksində 180 ölkə arasında 151-ci yeri tutur. Bu indeksdə Türkiyə hətta Tacikistan, Rusiya, Pakistan və Zimbabve kimi ölkələrdən də geridə qalır.

Türkiyə həmçinin ən çox jurnalist hıbs edən Çini geridə buraxıb. Hazırda Türkiyə zindanlarında 120 jurnalist var.

“Foreign Policy” yazır ki, bu, Wikileaks saytının Türkiyəni hədəflədiyi ilk hal deyil.

Sayt avqust ayında hakim AKP partiyasının elektron məktublarını yaymışdı. Bundan sonra hökumət Wikileaks saytına girişi bloklayıb.

Azadliq.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

4 + 8 =