Vüqar Həşimovun anası od püskürdü: 5 ildir Vüqarımın quru adını yaşatmaq üçün 1 sot quru torpaq istəyirəm, verən yoxdur…

0
570

Şəhriyar Məmmədyarovdan sonra, mərhum şahmatçımız Vüqar Həşimovun anası Aidə Həşimova da narazı qaldığı məsələlərlə bağlı ictimaiyyətə müraciət ünvanlayıb. Həşimova müraciətində bunları deyib:

“Mənim gücüm sonsuz deyil” deyirsən, Şəhriyar Məmmədyarov. Bəs Vüqarın gücü sonsuz idimi? Vüqar dünya şahmat reytinqində 6-cı pillədə qərarlaşanda, sona qədər 7 saat gərgin mübarizə apararaq Azərbaycanı ilk dəfə Avropa çempionu edəndə, 8 yaşından dünya, Avropa çempionatlarında Azərbaycan himninin sədaları altında Azərbaycan bayrağını şərəflə yüksəldəndə Azərbaycan xalqı harada idi? Öz gücü və bacarığı ilə, halal zəhməti və əziyyəti ilə həyatı bahasına Azərbaycan şahmatını dünyaya tanıdanda, bir neçə xarici ölkələrdən təkliflər almasına baxmayaraq “Mən azərbaycanlıyam” deyə özünün haqq səsini qaldıranda Azərbaycan xalqı harada idi? Haqsız şər və böhtanlar, haqsız iftiralarla “Vüqar ulduz xəstəliyinə” tutulub deyən şərəfsizlərə niyə səsinizi qaldırmadınız?

Haqsız yerə Vüqarı Azərbaycan şahmat yığmasından uzaqlaşdıranda Azərbaycan xalqı və sizlər harada idiniz? Vüqar təkbaşına mübarizə apardı, gücü yetmədi, şərlərdən, böhtanlardan, yalanlardan yoruldu. Şər və böhtanları yazan qələm əhli, barmaqlarınız niyə qırılmadı? Yalanları reklam edənlər, öz valideynlərinizi və balalarınızı gözünüzün qabağına niyə gətirmədiniz? 5 ildir Vüqarımın quru adını yaşatmaq üçün 1 sot quru torpaq istəyirəm. Müraciət etmədiyim orqan, təşkilat və idarə qalmadı, ala bilmədim. Həyatda olmayan balamın içərisində bir gün belə yaşamadığı evinin ipotekasını hələ bundan sonra 18 il də ödəyəcəyəm. Niyə mənim səsimə səs verən olmadı? Mən heç kimdən heç nə istəmirəm. Ulu tanrıdan bir istəyim var. Vüqara qarşı haqsızlıq edənlər öz cəzalarını alacaqlarmı? O dünyada yox – bu dünyada”. Yeni cag

BIR CAVAB BURAXIN