Vergi işçilərinə kənardan ödəmələr büdcə fondunu 3 dəfə üstələyir

0
646

Vergi işçiləri, Naxçıvan, 2015

Vergilər Nazirliyinin əməkdaşlarına büdcədənkənar fonddan ödəmələr dövlət büdcəsindən ayrılan əməkhaqqı fondunu 3 dəfə üstələyir

Prezident İlham Əliyev ötən il əhalinin pul gəlirlərinin 7 faiz artdığını deyib. Gəlir artımında dövlət vergi orqanlarında çalışanların daha çox payı var.

2016-cı ildə onlara maaşdan əlavə ödəmələrin həcmi, sosial sığorta ödəmələri də daxil, 4,4 dəfə artaraq 51 milyon manatı keçib.

Vergiyığanların «təhlükəsizlik yastığı»

Vergilər Nazirliyinin əməkdaşlarına büdcədənkənar fonddan ödəmələr dövlət büdcəsindən ayrılan əməkhaqqı fondunu 3 dəfə üstələyir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il qiymətlər, ortalama, 12,4 faiz qalxıb. Başqa sözlə, bir çoxlarının nominal gəlirlərini inflyasiya «yesə» də, vergi orqanlarında işləyənlərin gəlirləri «sığortalanıb».

Nazirliyin yanvarın 13-də yaydığı hesabata görə, 2016-cı ildə işçilərin sosial müdafiəsi üçün yaradılmış büdcədənkənar fonda, əsasən, qanunu pozan vergi ödəyicilərinə maliyyə sanksiyaları hesabına 57,8 milyon manat pul toplanıb. Bu, 2015-ci ildəkindən (30,7 milyon manat) 88 faiz çoxdur. Maaşa əlavədən başqa bu vəsait nazirlik aparatının və yerli qurumların saxlanmasına xərclənib.

Vergilər Nazirliyi daha şəffafdır?

Vergilər Nazirliyindən başqa Dövlət Gömrük Komitəsinin, Dövlət Yol Polisinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, «ASAN Xidmət» mərkəzinin, digər dövlət qurumlarının büdcədənkənar fondları var. Amma onların çoxu Vergilər Nazirliyi kimi hesabatlı deyil.

Qubad İbadoğlu

Qubad İbadoğlu

Ekspert: «Belə fondlar ləğv olunmalıdır»

İqtisadçı ekspert Qubad İbadoğlu yaranmış vəziyyətdən çıxış yolunu belə fond və kassaların ləğvində, cərimə və sanskiyalara görə ödənişlərin birbaşa büdcəyə yönəldilməsində görür. Onun fikrincə, bu halda eyni vaxtda iki problemi çözmək mümkündür:

«Birincisi, şəffaflıq və hesabatlılıq təmin olunacaq (çünki büdcə sənədləri daha əlçatandır), ikincisi, cərimə və sanskiyaların əsassız tətbiqinin önü kəsiləcək».

Yol polisi yaxşı yaşasın, bəs müəllim?

Ekspert bu təkliflə razılaşmayanlara, fondların antikorrupsiya mübarizəsində faydasını qabardanlara əks-arqument gətirir:

«Mövcud problemin həlli – vergi, gömrük, yol polisi işçilərinə, bütövlükdə müəllim, həkim və digər kateqoriyadan olan büdcə çalışanlarına layiqli əməkhaqqı verməkdir. Əməkhaqqı, digər ölkələrdə olduğu kimi, qiymətlərin artımına uyğun, vaxtaşırı indeksləşdirilməlidir».

 

BIR CAVAB BURAXIN