UEFA “Qarabağ” və “Qəbələ”nin oyunlarından yazdı

0
598

11

Noyabrın 3-də Avropa Liqasının qrup mərhələsi çərçivəsində IV turun oyunları keçiriləcək.   Azərbaycan təmsilçiləri “Qarabağ”la “Qəbələ” də növbəti matçlarını keçirəcəklər.

 

“Qəbələ” C qrupunda “Sent-Etyen”i qəbul edəcək. Fransada minimal hesablı məğlubiyyətə düçar olan “qırmızı-qaralar” 8-ci km qəsəbə stadionunda ilk xallarını qazanmağa çalışacaqlar. “Qarabağ” isə Yunanıstanda PAOK-un qonağı olacaq. Bakıda 2 cavabsız qolla rəqibi üstələyən “köhlən atlar” daha bir qalibiyyətlə növbəti mərhələnin qapısını aralaya bilər.

 

UEFA oyunlar öncəsi turun afişasında bu matçlara da toxunub, maraqlı məqamları üzə çıxarıb.

 

“Qəbələ” – “Sent-Etyen”

– “Qəbələ” qalib gələ bilməsə və qrupun digər matçında tərəflərdən biri aktivinə 3 xal yazdırsa, “qırmızı-qaralar”ın növbəti mərhələ şansı tamamilə itəcək.

 

– Əks təqdirdə, “Qəbələ” tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsində qələbə qazanacaq.

 

– “Qırmızı-qaralar” bu mövsüm artıq bir dəfə Fransa klubunu qəbul edib. Roman Qriqorçukun kollektivi III təsnifat mərhələsində “Lill” klubunu (1:0) əliboş yola salıb.

 

– “Qəbələ” “Zalsburq”la birlikdə qrup mərhələsində keçirdiyi hər 3 görüşdə məğlub olan yeganə komandadı.

 

– “Qəbələ” cari mövsüm Avrokubokdakı ilk 4 ev matçının hamısında qələbə qazanıb. Bu uğurlu seriya qrup mərhələsinin II turunda “Maynts”la oyunda (2:3) qırılıb. Qriqorçukun yetirmələri bu mövsüm doğma arenada 13 qol vurublar.

 

– Yalnız “Makkabi” (Təl-Əviv) və “Qəbələ” I təsnifat mərhələsindən qrupa qədər irəliləməyi bacarıb.

 

– Avroliqanın qrupunda debüt etdiyi ötən mövsüm cəmi 2 qola imza atan “Qəbələ” cari mövsümdəki ilk 3 turda aktivinə 3 top yazdırıb.

 

– “Sent-Etyen” bu mövsüm Avropa Liqasında keçirdiyi 7 oyunun heç birində məğlub olmayıb – 3 qələbə, 4 bərabərlik.

 

– “Sent-Etyen” 2014-15 mövsümünün qrup mərhələsində Azərbaycanın digər klubu “Qarabağ”la üz-üzə gəlib və hər iki oyunda bərabərlik qeydə alınıb – 0:0, 1:1.

 

– “Sent-Etyen” III turda “Qəbələ” üzərində qalibiyyət sayəsində qruplarda ardıcıl 4 oyunluq heç-heçə seriyasını qırıb. Fransızlar tarixləri ərzində bu turnirin qrup mərhələlərində 19 oyun keçirib, 12-də heç-heçə ediblər.

 

– Sent-Etyenlə Qəbələ arasında 3500 km-lik məsafə var.

 

PAOK – “Qarabağ”

 

– “Qarabağ” Avrokubok tarixində ilk dəfə Yunanıstana səfər edir.

 

– “Qarabağ”, “Qəbələ” və “Slovan” ən çox qol buraxmaq (7 top) baxımından yalnız “Alkmar” və “Astra”dan (8 qol) geri qalır.

 

– “Qarabağ”la qarşılaşma PAOK-un hücumçusu Stefanos Atanasiadis üçün Avrokubokda 50-ci oyun ola bilər. 27 yaşlı forvard 20 qolla Saloniki klubunun bombardiridi.

 

– Ağdam təmsilçisinin qapıçısı Boyan Şaranov və yarımmüdafiəçisi Miçel PAOK üçün yad simalar deyil. İspaniyalı orta sahə oyunçusu 2011-ci ildə AEK-in formasını geyinibsə, serbiyalı qolkiper 2015-ci ildə “Erqotelis”də çıxış edib.

 

– “Qarabağ”ın hücumçusu Dino Ndlovu və PAOK-un forvardı Eftimis Kolouris 2015-16 mövsümündə “Anortosis”də çiyin-çiyinə çıxış ediblər.

 

– PAOK Azərbaycan klublarına hələ qol vura bilməyib. Ötən mövsüm “Qəbələ” ilə hər iki oyunda qolsuz bərabərliklə kifayətlənən Saloniki təmsilçisi 11 gün əvvəl Bakıda 0:2 hesablı məğlubiyyətə üzülüb.

 

– PAOK Avroliqanın qrup mərhələsində keçirdiyi son 4 ev oyununda heç-heçə edib. Yunanıstan təmsilçisi bərabərlik sayına görə “Latsio” ilə birlikdə turnirdə hamını üstələyir – 16 dəfə. Qolsuz bərabərlik sayına görə isə (7 dəfə) “Liverpul”la liderliyi bölüşür.

 

– PAOK-un hücumçusu Fakundo Pereyra ötən mövsümü icarə əsasında “Qəbələ”də keçirib. Argentinalı futbolçu hətta hazırkı komandasına qarşı görüşdə meydana da çıxıb.

 

– Bakı ilə Saloniki arasında 2300 km-lik məsafə var.

Apasport.az

BIR CAVAB BURAXIN