Tüstülənən “ədalət ocağı”

0
517

“Ocaq” sözünün dilimizdə bir neçə mənası var ki, onlardan biri doğma ev-eşik, yurd, biri də mərkəz, mənbə anlamındadır. Mən bu yazıda onların ikisi barədə danışmaq istəyirəm. “Ədalət ocağı” deyiləndə isə hər kəsin gözləri önünə öncə məhkəmələr gəlir. Məhkəmələr də dürlü-dürlü olur. Yəni onların aşağı instansiyası da var, yuxarı instansiyası ad… Bu kiçik girişdən sonra keçirəm əsas mətləbə…

Mən ömrümdə çox nağıllar eşitmişəm. Amma Avropa İnsan Haqları Məhkəməsinin nağılı kimi bir nağıl hələ eşitməmişdim ki, onu da eşitdim. Nağıla qulaq asanda bir daha əmin oldum ki, bu qurum bizim üçün heç zaman ədalət ocağı ola bilməyəcək. Bilmirəm, bu nağıldan xəbəriniz var, ya yoxdur. Bəli, bu qurum iki ildir öz torpaqlarında, yəni Kəlbəcərdə erməni işğalçıları tərəfindən ermənilər tərəfindən qanunsuz girov götürülmüş Dilqəm Əsgərovun və Şahbaz Quliyevin müraciətinə (Qondarma “məhkəmə”nin hökmü ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. Onların Şuşa həbsxanasında saxlanıldığı bildirilir) baxmaqdan imtina edir. Hətta bu məsələ ilə bağlı Azərbaycan hökuməti Avropa Məhkəməsinə müraciət etsə də, bu günə kimi münasib cavab ala bilməyib. Heç bilirsinizmi bu nə deməkdir? Bu barədə az sonra…

Bu yaxınlarda isə Dilqəm Əsgərovun səhhəti, daha doğrusu, xəstəlikdən əziyyət çəkməsi ilə bağlı ailəsi tərəfindən Avropa Məhkəməsinə göndərilən növbəti müraciətə aldığı cavab, sözün həqiqi mənasında, hər kəsi şaşırdıb. Bu “ədalət ocağı”nın cavabı nə olsa yaxşıdır? Cavab verib ki, bəs siz sübut edin ki, atanızın səhhətində problem var. Heç bilirsinizmi bu nəyə bənzəyir? Məncə, xəlbirlə su gətirməyə. Məgər bu təşkilat bilmirmi ki, əsirlikdə olan bir insanın xəstə olduğunu təsdiqləyən sənədi əldə etmək qeyri-mümkündür? Hansısa erməni həkim Dilqəm Əsgərovun səhhətindəki problemlə bağlı Azərbaycana düzgün rəy göndərərmi? Məgər öz ata-baba torpağında erməni girovluğunda qalan Dilqəm Əsgərovun xəstə olduğunu öyrənmək bu qədərmi çətindir? Halbuki şikayətin araşdırılması bu qurumun bir nömrəli vəzifəsidir. Sual olunur, əgər Əsgərovun ailəsi bunu edə bilirdisə, daha sizə niyə müraciət edirdi? Budurmu Avropanın ədalət ocağının insan haqlarına verdiyi dəyər?

Şəxsən mən həmin cavabın normal bir avropalı hüquqşünasın verdiyinə tam əmin deyiləm. Nədən ki elə cavabın özündə bizim millətə qarşı ayrı-seçkilik açıq-aydın görünür. Bir də görünən odur ki, bu, həmin qurumda məskunlaşmış ermənilərin, yaxud ermənipərəstlərin işidir. Bəli, bu gün haqqı nahaqqa qurban verən ermənilər, yaxud ermənipərəstlər beynəlxalq qurumlarda da kök salıblar. Daha doğrusu, 20 il əvvəl Azərbaycan torpaqlarını işğal etmiş ermənilər artıq xeyli vaxtdır ki, beynəlxalq qurumları da işğal etməkdədirlər. Bununla da onlar bu kimi ədalət ocaqlarını yeni ədavət ocaqlarına çevirməkdə, həmin məkanları tüstülətməkdədirlər. Amma nədənsə daha nüfuzlu təşkilatlar, ölkələr bu kimi haqsızlıqları – tüstünü sadəcə seyr etməklə kifayətlənməkdədir. Di gəl, bir erməninin burnu qanayanda Avropada o qurum qalmır ki, bəyanat verməsin. Bu isə o deməkdir ki, Avropa strukturlarının əsir azərbaycanlıya münasibəti Qərbin yeni “dəyərləri”nin inikasıdır. Amma əvvəllər belə deyildi. Yəni beynəlxalq təşkilatlarda insana bir sayğı vardı. Bu gün ermənilərin sayeyi-mərhəmətindən həmin qurumlarda bu sayğıdan əsər-əlamət yoxdur. Belə getsə məhz onlar dünyanı bundan betər fəsadlara sürükləyəcəklər. Hələ neçə-neçə qurumu da insanlardan uzaq salacaqlar. Halbuki bununla bağlı Azərbaycan dəfələrlə həyəcan təbili çalıb və çalmaqdadır. Avropa isə ayılmır ki ayılmır…

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

6 + nineteen =