Türkmənistan Asiya Oyunları keçirir, amma talismanı…

0
1511

Türkmənistan. Asiya Oyunlarının talismanı.

Türkmənistan. Asiya Oyunlarının talismanı.

Orta Asiya çoban iti cinsi sayılan alabayın rəmzi təsviri olan Vepaly (Vəfalı – red.) bu il Türkmənistanın ev sahibliyi edəcəyi ən böyük tədbirin talismanıdır.

Di gəl, Vepaly-nın təqdimatından bir neçə həftə sonra ölkənin avtoritar prezidenti gözlənilmədən onu bəyənmədiyini deyib.

Beş minədək idmançı qatılacaq

Türkmənistan rəsmiləri talismanın sentyabrda keçiriləcək Asiya Oyunlarının rəmzi olacağını hələ ötən ilin dekabrında açıqlayıblar. Tədbirə dünyanın onlarla ölkəsindən 5 minədək idmançı qatılacaq. Asiya Oyunlarında basketboldan şahmata, tennisdən qədim türkmən döyüş növü olan kürəşədək (döyüş güləşi – red.) 21 idman növü təmsil olunacaq.

Gurbanguly Berdymukhamedov

Gurbanguly Berdymukhamedov

Vepaly martın 1-də böyük təmtəraqla ictimaiyyətə təqdim edilib. Onun şəklinin iki versiyası – biri ənənəvi türkmən geyimi və araqçınında, digəri müasir tişörtdə təsvir edilib. Hər iki versiya artıq plakat və bannerlər şəklində Aşqabadın küçələrini bəzəyir.

Gözlənilməz tənqid

Ancaq cəmiyyət həyatının hər sahəsinə ciddi nəzarət edən prezident Gurbanguly Berdymuhammedov martın 17-də keçirdiyi iclasda gözlənilmədən Vepaly-nı tənqid atəşinə tutub.

 

Alabai it cinsi.

Alabai it cinsi.

Berdymuhammedov Türkmənistan İncəsənət Akademiyasının direktoru Ahatmyrat Nuvvayevə talismanı “təkmilləşdirməyi” tapşıraraq deyib ki, Vepaly ölkənin “milli xarakterini” və “özəlliklərini” əks etdirməlidir.

Türkmənistan Asiya Oyunlarına hazırlığa milyardlarla dollar pul xərcləyib. Təkcə səmadan baxarkən, qartala bənzəyən nəhəng hava limanı binasının tikintisinə 2,5 milyard dollar xərclənib.

17 milyon hara, 100 min hara…

Elə bu ilin əvvəlində açılışı ötən ilin sentyabrında gerçəkləşən hava limanı binasının təməlinin çökməyə başlaması barədə xəbərlər yayılıb. Bu nəhəng hava limanının ilboyu 17 milyon sərnişinə xidmətə qadir olduğu bildirilir. Ancaq tənqidçilər Türkmənistana il ərzində çox az sayda turistin gəldiyini deyirlər. 2015-ci ildə ölkəni cəmi 100 min əcnəbi ziyarət edib.

Hökumət “Olimpiya kəndinin” və çoxsaylı nadir idman ocaqlarının tikintisinə 5 milyard dollardan çox pul xərcləyib. Kompleksin içərisində idmançıları, rəsmiləri və tamaşaçıları daşımaq üçün təkrelsli dəmiryolu da çəkilib.

Dünya bazarlarında təbii qaz ucuzlaşandan bəri Türkmənistan iqtisadi böhrandan əziyyət çəkir. Böhran dükanlarda ərzaq qıtlığı, hökumət işçilərinin maaşlarının gecikməsi və işsizliyin artması ilə müşayiət olunur.

Türkmənistan. "Vəfalı" uşaqların dostudur.

Türkmənistan. “Vəfalı” uşaqların dostudur.

Heyvan hüquqları müdafiəçiləri Türkmənistanda, Orta Asiyanın başqa yerlərində, eləcə də Rusiyada çox zaman qulaqları və quyruğu kəsilən alabay cinsinin talisman seçilməsinə etirazlarını dilə gətirirlər.

Beş min illik ənənə

İt yetişdirənlər və alabay cinsli it sahibləri isə bu itlərin quyruq və qulaqlarının kəsilməsinin vacib olduğunu deyirlər. Onlar iddia edirlər ki, bu ənənə həmin ərazilərə tez-tez basqın yapan canavarları uzaqlaşdırmaq məqsədi güdür.

“Alabayın qulaqlarını və quyruğunu kəsmək çox vacibdir. Bu, 5 min illik ənənədir”, – Türkmənistanda axaltəkə atlarının yetişdirilməsi naziri Geldy Kyarizov AzadlıqRadiosu-na belə deyib və iddia edib ki, sözügedən ənənə, əslində, itləri böyüyəndə ağrıdan qoruyur.

Berdymuhamedovun Vepaly-nı niyə bəyənmədiyi hələ bilinmir. Bilinmir ki, o, talismanın, sadəcə, bir qədər dəyişdirilməsini, yoxsa tam başqa bir qoruyucu rəmzlə əvəzlənməsini istəyir.

Açılış mərasimi sentyabrın 17-də gerçəkləşəcək Asiya Oyunlarına yarımildən az vaxt qalıb. Çox güman, bu vaxt yeni talismanın yaradılmasına yetməz.

BIR CAVAB BURAXIN