“Həyətə çıxa bilmirik, it bizi yeyir”

0
563
 

Bakının Qaradağ rayonunda, “Qurd qapısı” qəbiristanlığının yaxınlığında yerləşən yaşayış sahəsi nəhəng zibil poliqonuna çevrilib. Qəsəbənin ərazisinə hər gün paytaxtın müxtəlif rayonlarından gələn yük maşınları zibil boşaldır. Digər tərəfdən, kanalizasiya sistemi quraşdırılmadığından, axan sular onsuz da yamacda yerləşən yaşayış sahəsini sürüşmə təhlükəsi ilə üz-üzə qoyub.

Sakinlərin virtualaz.org-a bildirdiklərinə görə, xüsusən yay aylarında burada yaşamaq çətinləşir. Bir tərəfdən zibillikdən gələn leş qoxusu, digər tərəfdən də sahibsiz itlər qəsəbə sakinlərinin qorxulu röyasına çevrilib.

Evi zibilliyin kənarında yerləşən paytaxt sakini Rəna xanım deyir ki, bura ailəsi ilə birlikdə 4-5 il olar köçüb. Amma həmin müddət ərzində nə bu zibillik, nə də sahibsiz küçə itləri ilə bağlı aidiyyatı orqanlar tərəfindən tədbir görən olmayıb:

“Həyətə çıxa bilmirik, it bizi yeyir. Bir yandan qəbiristanlıq, o biri yandan zibillik, vallah, canımız boğazımıza yığılıb. Səhər itlərin əlindən uşağı yoldan məktəbə yola sala bilmirəm, qonşunun həyətindən istifadə edirəm. Zibilə görə hər gün buralarda ən azı 8-9 it fırlanır. İtlərin əlindən qorxudan gecə küçəyə çıxa bilmirik”.

Şikayətçi deyir ki, özü ötən il sahibsiz itlərin hücumuna da məruz qalıb.

“Ötən il həyətimdə küçə iti əlimdən dişlədi, 3-4 dəfə gedib vaksin vurdurdum ki, xəstəlik keçməsin. Məcburuq, dolanışıq üçün toyuq-cücə saxlayaq, itlərin əlindən onları da saxlaya bilmirik. Açıb buraxan kimi it yeyir. Bütün qonşular bu zibilliyin və itlərin əlindən beziblər”, – deyə Rəna xanım bildirir.

Sakinlər deyirlər ki, əgər bura zibil tökülməsə, sahibsiz itlər də bu qədər meydan sulamaz. Zibillərin yığılması üçün dəfələrlə müvafiq orqanlara şikayət etsələr də, baxan yoxdur. Yalnız iki il əvvəl – Avropa Oyunları ərəfəsində bura zibil tökülməsi dayandırılıb və zibillərin üstünü basdırıblar. Amma sonradan qəsəbə yenə əvvəlki vəziyyətinə qayıdıb. Şikayətçilər bildirirlər ki, bura zibillər əksər hallarda gecələr, sakinlər yatandan sonra tökülür.

Şikayətçilərin sözlərinə görə, öz vəsaitləri hesabına qaz və elektrik xətti çəksələr də, kanalizasiya çəkməyə maddi imkanları çatmayıb. Kanalizasiya olmadığından, onsuz da yamacda yerləşən qəsəbədə sürüşmə intensivləşib. Evlərdən axan çirkab suların təsirindən torpaq sürüşür, evlərdə iri çatlar yaranır.

“Evimizin gününə baxın, 4 ilin tikilisinə oxşayır? Hər yeri para-paradır. Çox çətindir, bu şəraitdə insan yaşayar? Kanalizasiya çəkdirməyə imkanımız yoxdur. Bizim imkanımız yoxdur, icra hakimiyyəti də maraqlanmır. Ona görə də, 4-5 ilin evləri çat-çatdır, elə qonşular var ki, evlərində iri yarğanlar yaranıb, yamamaqdan yorulmuşuq”, – deyə paytaxt sakini şikayətlənir.

Gülnar Əliyeva

Foto Samirə Həsənovanındır

Virtualaz.org

BIR CAVAB BURAXIN