Tükiyədə erkən nikahlar qalmaqalı

0
676

turkey wedding

Türkiyə hökumətinin din işlərinə baxan rəsmi qurumu – Din İşləri Müdirliyi son illərdə tez-tez diqqət mərkəzinə gəlir.

Əksər başqa nazirliklərin birgə büdcəsindən daha böyük büdcəyə malik bu təsisatın dünya boyunca 117 min işçisi var. Lakin bu təsisatın mühafizəkar həyat tərzini təbliğ etməsi onu son vaxtlar bir sıra ziddiyyətlərin səbəbinə çevirib.

Sonuncu ziddiyyət isə Müdirliyin internet saytında yerləşdirilmiş Dini Terminlər Lüğətindəki bir məqalə ilə bağlıdır. Bu məqalədə iddia edilir ki, İslami hüquq 9 yaşlı qızların ərə getməsinə və uşaq doğmasına icazə verir.

Bu məqalədə oğlan uşaqlarının da ata olmaq üçün minimum yaşı 12 olaraq göstərilir.

Məqaləyə hiddətli reaksiyadan sonra Müdirlik uşaq nikahlarını təbliğ etdiyi barədə ittihamları rədd etməyə məcbur olub.

Buna baxmayaraq, həddi-büluğa çatmayanların nikahı və uşaqların cinsi təcavüzünün problem olduğu bir ölkədə ali islami hakimiyyətinin son fətvasının hiddət doğurması təəccüblü deyil.

Əsas müxalifət partiyası olan CHP parlamentə sorğu təqdim edib. Partiyanın İstanbuldan olan millət vəkili Sezgin Tanrıkulunun sorğusunda deyilir: Dini İşlər Müdirliyi vətəndaş qanunlarını pozduğuna və ictimaiyyəti cinayətə sövq etdiyinə görə təhqiq ediləcəkmi?

Hazırkı Türkiyə qanunlarına görə 18 yaşına çatmış şəxslər yetkin sayılır. Lakin Türkiyənin vətəndaş qanunları hər iki cins üçün valideyn razılığı ilə nikah yaşını 17-yə endirib. Xüsusi hallarda qızlar üçün bu yaş minimumu 16-dır.

 

 

Buna baxmayaraq, təxminlərə görə Türkiyədə bütün nikahların üçdə biri 18 yaşından aşağı qızlarla bağlanıb.

Ötən oktyabrda müxalifətin qızğın müqavimətinə baxmayaraq, hakim AKP və onu dəstəkləyən MHP-nin millət vəkilləri müftilərə vətəndaş nikahı mərasimlərinin keçirilməsi icazəsi verən qanunu qəbul ediblər.

Hökumət iddia edir ki, bu qanun imamlar tərəfindən qeyri-qanuni nikahların bağlanmasının qarşısını alacaq. Amma tənqidçilər bu qənaətdədirlər ki, əksinə, qanun uşaq nikahlarının artmasına səbəb olacaq.

Tənqid hökumətə qarşı yönəlib. Kampaniyaçılar bildirirlər ki, qadınlara qarşı zorakılıqlara bundan sonra da göz yumulması mümkün deyil. Qadın haqları fəalları və iki müxalifət partiyası hökumətin qadın haqlarını müdafiə etməməsini tənqid atəşinə tuturlar. Hökumət tərəfindən təhsil, vətəndaş məcəlləsi və ədliyyə sisteminə edilmiş dəyişikliklər Dini İşlər Müdirliyinə konstitusiyaya uyğun olmayan dini hökmlər və ya fətvalar çıxarmaq icazəsi verir.

qadın

Məişət zorakılığı Türkiyədə böyük problemdir və məhkəmələr kövrək qadın və uşaqların müdafiəsindəki zəifliyinə görə tənqid olunur.

“Qadın ölümlərinə yox” platformasının bu həftə dərc edilmiş hesabatında deyilir ki, təkcə ötən il ərzində Türkiyədə 409 qadın öldürülüb və 387 uşağa qarşı cinsi təcavüz olunub.

Qadınların əksəriyyəti boşanmaq istədiklərinə görə ailə üzvləri tərəfindən qətlə yetiriliblər.

 

Hakim AKP və onun millətçi müttəfiqi MHP-nin böyük əksəriyyətə malik olduğu parlamentdə müxalifətin qanun dəyişikliklərinə təsir etmək imkanları çox azdır.

Hazırkı fövqəladə hal vəziyyətində ictimai etirazlar qadağan edilib.

Buna baxmayaraq, Türkiyənin əzişdirilmiş vətəndaş cəmiyyəti etirazını bildirmək üçün hələ də yollar tapa bilir.

Ölkənin şimal-qərbindəki Yalova və Van şəhərlərindəki dükançıların iki kampaniyası başqaları üçün nümunə ola bilər.

Van şəhərində bərbərlər uşaq gəlinlərin saçlarını düzəltməkdən imtina edirlər. Yalovada isə dərzilər azyaşlı gəlinlər üçün gəlinlik tikməkdən boyun qaçırırlar.bbc.com/azeri

 

BIR CAVAB BURAXIN