Tramp öz komandasının müdafiəsinə qalxıb

0
559

Donald Trump fevralın 16-da mətbuat konfransı keçirib

Donald Tramp fevralın 16-da mətbuat konfransı keçirib

ABŞ prezidenti Donald Tramp özünün keçmiş müşavirlərini inaqurasiyadan əvvəl Rusiya rəsmiləri ilə təsdiqlənmiş və iddia olunan əlaqələri məsələsində müdafiə edib.

AzadlıqRadiosu yazır ki, Trump-ın fevralın 16-da Ağ Evə gələndən bəri keçirdiyi ilk “solo mətbuat konfransı” milli təhlükəsizlik müşaviri Michael Flynn-in Rusiuyanın ABŞ-dakı səfiri ilə telefon söhbətinə görə istefası ilə bağlı son günlər Vaşinqtonda yaranmış hay-küyün ardınca yer alıb.

Bu istefadan dərhal sonra Konqresdəki respublikaçılar və demokratlar Trump komandasının prezident seçkisindən əvvəl Rusiya rəsmiləri ilə mümkün bağlarının araşdırılmasına çağırış ediblər.

Tramp, Flynn və başqa komanda üzvlərinin Rusiya rəsmiləri ilə qeyri-məqbul münasibətlərdə ola biləcəyi barədə iddiaları rədd edib.

O israr edib ki, nə özü, nə də onun komandası seçki kampaniyası zamanı Rusiya rəsmiləri ilə heç bir əlaqələrdə olmayıblar.

“Onlar bu barədə heç nə bilmirlər. Onlar Rusiyada olmayıblar. Onlar Rusiyaya zəng etməyiblər. Bütün bunlar saxta xəbərlərdir, – deyib Trump, – Rusiya saxta xəbərdir”.

Tramp deyib ki, Flynn dekabr ayında Rusiya səfiri Kislyakla telefon söhbətinə görə yox, bu söhbətin təbiəti barədə vise-prezident Mike Pence-ə yanlış məlumat verdiyinə görə istefaya məcbur olub.

“O öz işini görürdü” – deyib Tramp. Lakin prezident Flynn-ə Rusiya ilə ABŞ sanksiyaları məsələsini müzakirə etmək tapşırığı vermədiyini söyləyib.

Tramp deyib ki, Flynn-in sonradan bu telefon söhbətinin təfərrüatlarını xatırlamadığını deməsi qeyri-məqbul sayılıb.

Tramp bunu da bəyan edib ki, qarşısında törədilən bütün maneələrə baxmayaraq onun administrasiyası “saat kimi işləyir”.

Bəzi xəbərlərə görə, Tramp Ağ Evə gəldikdən az sonra Flynn FTB-də dindirilib.

“Moskva ilə yaxınlaşmaya media əngəl törədir”

Fevralın 14-də The New York Times qəzeti hazırkı və keçmiş ABŞ rəsmilərinə istinadən iddia etmişdi ki, Tramp kampaniyası və onun başqa adamları 2016-cı il noyabr seçkisindən aylarla əvvəl Rusiyanın kəşfiyyat rəsmiləri ilə əlaqələrdə olublar.

Flynn-dən başqa Tramp həm də keçmiş köməkçisi, bir vaxtlar Ukraynanın rusiyayönlü prezidenti Yanukoviçin müşaviri olmuş Paul Manafort-u da müdafiə edib. The New York Times sözü gedən məqaləsində onun da adını çəkmişdi.

Trump deyib ki, Manafort-un Ukraynada işlədiyini hamı bilirdi və o, Rusiyaya deyil, Ukraynaya işləyirdi.

Fevralın 16-da Tramp Rusiya ilə münasibətləri yaxşılaşdırmaq arzusunu bir daha dilə gətirib.

Lakin o bunu da deyib ki, media Moskva ilə yaxınlaşmaya əngəl törədir.

“Saxta, dəhşətli, yalan xəbərlər Rusiya ilə sövdələşməni çox çətinləşdirir” – deyib Tramp.

BIR CAVAB BURAXIN