Tarixdə iz qoyan qüdrətli hökmdar: Şah İsmayıl

0
1894
Azərbaycan Səfəvi hökmdarı Şah İsmayıl Xətai 1524-cü ildə mayın 23-də vəfat edib.

Arazinfo.com ölkə.az-a istinadən Azərbaycan tarixinə adını yazdıran bu şəxsiyyət haqqında oxucularına qısa məlumat verir.

Şah İsmayıl Əbülmüzəffər oğlu Şeyx Heydər oğlu Şeyx Cüneyd Səfəvi (d. 23 iyun 1487, Ərdəbil – ö. 23 may 1524, Ərdəbil) və ya I İsmayıl Səfəvi (ingiliscə: Shah Ismail I) – Azərbaycanın və İranın görkəmli dövlət xadimi, Səfəvilər Dövlətinin banisi və Xətai ləğəbi altında yazan tanınmış Azərbaycan şairi. Müasir Azərbaycanın milli dövlətçilik ənənələri məhz Azərbaycan dilini tarixdə ilk dəfə yeganə rəsmi dövlət dili səviyyəsinə yüksəldən Şah İsmayıldan başlanır.

Həyatı

Şah İsmayıl Xətai 1487-ci il iyun 23-də Ərdəbil şəhərində kökü tarixin çox-çox uzaq çağlarına gedib çıxan nüfuzlu Azərbaycanlı zadəgan türk ailəsində anadan olmuşdur. O, ata tərəfdən Şeyx Səfiəddinin nəslindən idi. Şah İsmayılın atası Şeyx Heydər, babası Şeyx Cüneyd olmuşdu. Şah İsmayıl ana tərəfdən də dövrünün hakim və köklü bir ailəsinə mənsub idi. Onun anası Aləmşah bəyim Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı, Sultan Yəqubun bacısı idi.

Şeyx Heydər döyüşlərin birində xəyanətlə öldürüldükdən sonra (1488), İsmayıl anası və qardaşları – Sultanəli və İbrahim ilə birlikdə İstəxrdə (Şiraz) həbsdə saxlanılır. Onda İsmayılın hələ iki yaşı tamam olmamışdı. Bir müddətdən sonra Rüstəm Mirzə qardaşlardan istifadə etmək məqsədilə onları həbsdən azad edir. Lakin döyüş zamanı İsmayılın böyük qardaşı Sultan Əlinin və «qızılbaşlar»ın necə şücaət göstərdiyini görüb qorxuya düşür, özünü və sülaləsini gələcək təhlükələrdən qurtarmaq üçün Şeyx Cüneyd nəslinə son qoymaq qərarına gəlir. O, Şeyx Sultanəlinin üzərinə qoşun göndərib onu öldürtdürür. Ölümündən öncə Şeyx Sultanəli İsmayılı özünün vərəsəsi təyin edərək Ərdəbilə göndərdi. «Qızılbaşlar» İsmayılın axtarıldığını görüb onu bir müddət Ərdəbildə daha sonra Rəştdə gizlədirlər.

Sonra onu Lahicana, Gilan hakimi Mirzə Əlinin sarayına gətirirlər. Gilana gələndə İsmayıl yeddi yaşında olur. Burada o, Həsən xanın himayəsi altında Lələ Hüseyn tərəfindən tərbiyə olunur. İsmayıl təqribən 6 il burada qalaraq, tanınmış əmir və alimlərin rəhbərliyi altında özünün dini, dünyəvi və hərbi təlimlərini davam etdirir.

13 yaşında İsmayıl artıq müstəqil şəkildə siyasi və fəaliyyətə başlayır. 1499-cu ilin avqust ayında İsmayıl özünün yaxın tərbiyəçisi və məsləhətçisi olan bir neçə qızılbaş tayfa başçısı ilə birlikdə qoşun toplamaq üçün Ərdəbilə yollandı. O, 1500-cü ilin yazında Şamlı və Rumlu tayfalarından, habelə Qaradağ və Talış əhalisindən ona qoşulmuş 2 minə yaxın qızılbaşla Qarabağ, Çuxursəd, Şuragil, Kağızman, Tircan yolu ilə Ərzincana gəldi. Burada qızılbaş tayfalarından, habelə Qaradağ sufilərindən təqribən 7 min tərəfdar toplayaraq 1500-cü ilin axırlarında Şirvana hücum etdi və Şirvanşah qoşunlarını məğlubiyyətə uğratdı. Döyüşdə Şirvanşah Fərrux Yasar öldürüldü. 1501-ci ilin payızında Təbrizə daxil olan Ismayıl özünü şah elan etdi. Bununla da paytaxtı Təbriz olan Azərbaycan Səfəvilər dövlətinin əsası qoyuldu.

I Şah İsmayılın tabe olmaq təklifini rədd edən Ağqoyunlu hökmdarı Muradla 1503-cü il iyunun 21-də Həmədan yaxınlığında döyüş də qızılbaşların qələbəsi ilə nəticələndi. Sonrakı illərdə Şah İsmayıl bütün İranı, Xorasanı, İraqi-ərəbi Səfəvilər dövlətinə qatdı.Onun dövründə Səfəvilər dövləti Yaxın Şərqin qüdrətli dövlətlərindən birinə çevrldi. 1514-cü ildə sultan I Səlimin (1512-20) başçılıq etdiyi Osmanlı ordusu ilə Çaldıran düzündə baş vermiş döyüşdə qızılbaşlar məğlubiyyətə uğradılar.

Sonrakı illərdə Şah İsmayıl Şəki hakimliyini, Şirvanşahları, gürcü çarlarını Səfəvilərdən asılı vəziyyətə saldı. O, Şəkiyə növbəti səfərdən Ərdəbilə qayıdarkən vəfat etdi. Yerinə oğlu I Təhmasib keçdi.

Onun ölümü ilə bağlı qaynaqlarda belə bir qeyd vardır ki, Şah İsmayıl ölümündən bir qədər əvvəl ova çıxır. Şahdağda öz adamları ilə cərgə ovu təşkil edir. Ov şənliyi qurtarar-qurtarmaz o, ağır şəkildə xəstələnir və dərhal Ərdəbilə qayıdır. Burada da onun halı yaxşılaşmır. Tələsik Təbrizə yola düşürlər. Yolda Sərab yaxınlığındakı Mənqutay adlı yerdə halı o qədər ağırlaşır ki, düşərgə salmalı olurlar. Həkimlərin müalicəsi bir fayda vermir. Hökmdar şair 1524-cü ildə mayın 23-də vəfat edir. Cəsədini Ərdəbilə gətirib Şeyx Səfi türbəsinin yanında dəfn edirlər.

Şah İsmayıl Xətai 38 yaşında, həyatının, yaradıcılığının, arzularının ən qaynar bir çağında dünyadan köçür, lakin qısa ömrü müddətində gördüyü işlər ona ölməzlik qazandırmış, onu Azərbaycan xalqının siyasi və mədəni tarixinin ən parlaq səhifələrindən birinin yaradıcısı kimi tanıtdırmışdır. Şah İsmayılın yüksək hərbi istedadı haqqında K. Marks yazmışdır: «Səfəvilər xanədanının banisi Şah İsmayıl fateh idi. O, on dörd illik hakimiyyəti dövründə on dörd əyalət fəth etmişdi”

PS. Şah İsmayıl haqqında günümüzdə tarixçilər arasında ziddiyyətli fikirlər olsa da (onu tərifləyənlər də, tənqid edənlər də var) o Azərbaycan tarixində böyük iz buraxan qüdrətli hökmdar və sərkərdələrdən biri olaraq qalır. Konkret olaraq Çaldıran döyüşünə gəlincə bu faciəyə səbəb Şah İsmayılın ətrafındakı bəzi Osmanlı düşməni olan əyanlar olmuşdu. Bunu Şah ismayıldan sonra ölkəni idarə etməyə başlayan İ Şah Təhmasibin xatirələri də  bir daha sübut edir. I Şah

Təhmasib O öz xatirələrində yazır:

“Mən onun (Osmanlı sultanını nəzərdə tutur) məktubuna cavabımda yazdım: “Axı iki müsəlman qoşununun biri-birinin qanını tökməyə və onları təhlükə ilə qarşı-qarşıya qoymağa necə fitva verə bilərəm?” Atam atanızla müharibə etdiyi zaman ətrafındakı bütün əmir və əsgərlər məst olublar. Onlar axşamdan səhərədək şərab içib, müharibə əhval-ruhiyyəsində olublar. O gündən bəri Çaldıran döyüşü barədə söz düşdükdə atamı aldadıb müharibəyə təhrik etdiyi üçün Dərmiş xana lənət oxuyuram”

Mənbə.http://www.arazinfo.com/wp-admin/post.php?post=39420&action=edit

Çaldıran döyüşünə səbəb Dərmiş xan olub:Şahın şok məktubu

BIR CAVAB BURAXIN