Mark Rozovski: ‘Hitlerin də yaxşı reytinqi olub’

0
727

11

Moskvanın “U Nikitinskix vorot” teatrının baş reissoru Mark Rozovski bu yaxınlarda “Atam, anam, mən və Stalin” adlı yeni pyesini tamaşaya qoyub.

Rejissor “Nastoyaşeyo Vremya”ya geniş müsahibədə bu yeni pyes, stalinizmə qayıdış təhlükəsi və Hitlerin Osvensimdəki reytinqi barədə danışıb.

ATASIZLIĞIN HEKAYƏTİ

Mark Rozovski deyir ki, bu pyes, əslində, onun valideynlərinin Stalin və “stalinşina”tərəfindən darmadağın edilmiş sevgisi barədədir:

“Bu, mənim özümün atasızlığım barədə hekayədir. Stalinin cinayətləri, bir qayda olaraq, qanunsuz repressiyalar …kimi formulə edilir. Ancaq mən bundan daha az dəhşətli olmayan, insanların şəxsi talelərinə qarşı cinayətlərə diqqət cəlb edirəm.

Valideynlərimin bir-birinə qarşı sevgisi var idi. Mən atasızlıqdan danışanda,… stalinizmin bizim evimizə, hər kəsin evinə gətirdiyi dağıntını nəzərdə tuturam.

Bəli, bəziləri tikanlı məftillərin arxasında otururdu, digələri isə guya azadlıqda qalırdılar. Ancaq o guya azadlıqda olanlar da, ataları, anaları, qardaşları, bacıları, babaları həmin qanunsuz repressiyalara məruz qaldığına görə əziyyət çəkirdilər”.

Stalinin monumenti Surgut, Rusiya

Stalinin monumenti Surgut, Rusiya

Rozovski Stalinin heykəllərini və bu yaxınlarda İvan Qroznıya qoyulmuş heykəl barədə bunları deyir: “Hamımız milli ideya axtarışındayıq. Belə bir hiss yaranır ki, bizim milli ideyamız cəlladlara və qatillərə abidələr qoymaqdan ibarətdir.

…Bu gün bizi öz keçmişimizə, artıq yaşadığımız stalinizmə sürükləyirlər və bizə sübut etməyə çalışırlar ki, bu, vətənimiz üçün ən yaxşı gələcəkdir”.

SUALLAR DÖVLƏTƏDİR

“…Bu yaxınlarda saytı açıb görürəm yazıblar ki, “Cuhudlar bizə yaşamağı öyrədirlər”(rusca söz oyunu: “Жиды учат нас жить“). Bu da sizə Konstitusiyanın pozulması, insana qarşı nifrətin, millətlərarası nifaqın qızışdırılması. Dövlət də susur. Azadlıqla heç bir əlaqəsi olmayan bəyanatlara göz yumur.

Onlar üzdəniraq ictimai təşkilatlarda birləşərək heç də ictimai olmayan qurumlarda pullar alırlar, rus xalqının adından çıxış edirlər. Bu ixtiyarı onlara kim verib?

Foto: arxiv

Foto: arxiv

Bu suallar bizim dövlətimizədir”.

Mark Rozovski “ictimaiyyətçilər” adlı zümrədən danışır:

“Onlar guya rus pravoslav kilsəsini müdafiə edirlər, onun adından danışırlar. Onlar Konstitusiyanın yasaqladığı senzuranı həyata keçirirlər. Bax belə bir hiyləgər gediş.

Ancaq axı bu “ictimaiyyətçilər” dövlət tərəfindən dəstəklənir. Bu, hansısa azadlığı, yaxud mədəniyyəti boğmaqdan ötrü edilən gedişdir. Əslində, bu, yeni tip stalinşinadır”.

“MƏNƏ HEÇ KƏS QADAĞA QOYMUR”

“Bu, sadəcə milli ideya deyil. Milli ideya vətənpərvərliklə bağlıdır. Əsl vətənpərvər Rusiya üçün azadlıq və çiçəklənmə istəyir. Ancaq bu ideyalarla bizdə yoxsulluq, müharibələr, kartoçkalar olacaq, tualet kağızını isə xaricdən gətirəcəyik.

…Mən öz teatrımda haqqında danışdığım azadlığı dəstəkləməyə çalışıram. Bu gün mənə heç kim qadağa qoymur. Mən treatrımın yaşadığı senzurasız məkanı böyük nailiyyət hesab edirəm. Düşünürəm ki, indi teatra hansısa senzor gəlsə, bloknotunu çıxarıb, tamaşama baxıb, sovet vaxtındakı kimi, 96 irad bildirsə, mən onu pilləkəndən aşağı buraxaram”.

Vladimir Medinsky

Vladimir Medinsky

“Dövlət maliyyəsi nə deməkdir? Dövlətdə olan kimin pullarıdır? Bu, məmurun, Vladimir Medinskinin (Mədəniyyət naziri) və Mədəniyyət nazirliyinin pulları deyil. Bu, bizim pullarımızdır. Bu, bizim vergi ödəyicilərinin pullarıdır. Biz bu pulları onlara ona görə vermişik ki, məmurlar onları bizim maraqlarımıza xərcləsinlər. Onlar xalqın nökərləridir. Onlar bunu vicdanla və cəmiyyətin maraqları naminə etməlidirlər. Ona görə də, onların məsuliyyəti indi yiyələndikləri vəzifələrdən bir qədər fərqlidir.

…Mədəniyyət naziri Medinski İvan Qroznıya heykəl qoyulmasını dəstəkləyib, özünü də tarixçi hesab edir. O belə hərzə şeylər danışırsa, onu, ümumiyyətlə, tarixdən də, mədəniyyət nazirliyindən də qovmaq lazımdır”.

YAXINGÖRƏN SİYASƏT

Mark Rozovski bu yaxınlarda ekranlara çıxan 28 panfolovçu haqqında filmin timsalında dövlətin tarixi yox, mifologiyanı maliyyələşdirməsinə də münasibət bildirib:

“Mənim heç cür dəstəkləyə bilməyəcəyim yaxıngörən siyasət bax budur. Digər tərəfdən, biz …KQB və DİN-in bütün arxivlərini açmalıyıq. Onlar bu gün açılmalıdır ki, cəmiyyət, nəhayət ki, tariximizin gerçəkliyini öyrənsin. Başqa yol yoxdur.

Ancaq biz hansısa təbliğatçıları ortaya çıxarmaqla göstəririk ki, xalqa sayqı göstərmirik və xalqı avam hesab edirik.

Hazırda tanışlarımın arasında gənc stalinçilər var. Onlar elə bilirlər ki, Stalinin vaxtında daha yaxşı olub. Onlarda bugünə tənqidi yanaşma saxta təsəvvürlərlə əvəzlənir. Bu, bilməməzlikdən, savasızlıqdan və boşluqdan belə olur”.

Adolf Hitler

Adolf Hitler

İCTİMAİ TƏFƏKKÜRÜN AZAD OLMASI DÖVRÜ

Tezliklə 80 yaşının tamam olacağını deyən Rozovski söyləyir ki, cavanlıqda qazandığı həyat təcrübəsi sayəsində demaqogiyaya, istənilən yalan və saxtakarlığa sərt reaksiya verməyə başlayıb.

“Altmışıncı illərin adamları ona görə xüsusi idi. Çünki, bu, ictimai təfəkkürün azad olması dövrü idi”, – o deyir.

“Bu gün mən inandığım şeylərdən danışıram: revanş bizə nə qədər güclü görünsə də, o mümkün deyil, o qalib gəlməyəcək. Əgər o qalib gəlsə, təkcə mən və uşaqlarım deyil, sizin də uşaqlarınız tələf olacaq. Vətən məhv olacaq, Rusiya məhv olacaq, rus dili məhv olacaq.

Bəli, reytinq, hamı reytinqdən danışır. Hitlerin də yaxşı reytinqi var idi. Ancaq Osvensimdə yox”, – deyir Mark Rozovski.

BIR CAVAB BURAXIN