Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə dələduzluqda təqsirləndirilən “AENT-E” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Əkbər Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Prosesdə ifadə verən zərərçəkmiş Ulduz Məmmədova bildirib ki, 2014-cü ilin noyabrında təqsirləndirilən şəxs onun evini satıb və bu pulun 3 gün müddətində qaytarılacağın deyib. Onun sözlərinə görə, evi 30 min manata satıblar. Ancaq o evin pulunu qaytarmayıb. Ən pisi isə budur ki, Ə.Cəfərov evi eyni zamanda 3-4 nəfərə sataraq, onları da aldadıb.
Məhkəmədə mübahisə yaranıb və digər zərərçəkmiş şəxslər də Ə.Cəfərov tərəfindən evlərinin bir neçə nəfərə satıldığını deyiblər.
Zərərçəkmiş Rafiq Məmmədov bildirib ki, təqsirləndirilən şəxsə 2013-cü ildə 39 min manat verib və mənzil alıb: “Mənzilin açarı da məndədir. Ancaq sonradan məlum oldu ki, bu mənzil də müqavilə əsasında 2006-cı ildə başqa bir şəxsə satılıb”.
R. Məmmədovun vəkili isə zərərçəkmiş şəxsə həm də mənəvi ziyan dəydiyini iddia edərək, buna görə 183 min manat pul vəsaiti tələb edib.
Proses sentyabrın 19-da davam edəcək.
Qeyd edək ki, Ə. Cəfərov qulluq mövqeyindən sui-istifadə edərək Xətai rayonu, Gəncə prospektində cəmiyyət tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında əvvəllər satılmış mənzilləri saxta sənədlər əsasında təkrarən ayrı-ayrı şəxslərə satmaqla 166 min 500 manat məbləğində özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir. Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanıb