Təhqirə görə mühacir Azərbaycana ekstradisiya edilə bilər

0
357

Səadət Bənəniyarlı: “Həmin şəxslərin digər ölkədən bura gətirilməsi yalnız məhkəmə qərarı ilə mümkündür”

Son günlər Avropada yaşayan bir qrup azərbaycanlı mühacir sosial şəbəkənin imkanlarından istifadə edərək, Azərbaycanda hakimiyyətdə təmsil olunan bir sıra şəxslərə və onların ailə üzvlərinə qarşı təhqir dolu çıxışlar edirlər. Ekspertlərə görə, mühacirlər Azərbaycandan kənarda olduqları üçün hüquq-mühafizə orqanlarının onlara əli çatmayacağını düşünürlər. Buna görə də onlardan bəziləri çıxışlarında tənqiddən çox, təhqirə yol verirlər.

Bəs beynəlxalq hüquq normalarına görə bu şəxslər cəzalandırıla bilərmi?

“Yeni Müsavat”a mövzu ilə bağlı danışan hüquqşünas Əsabəli Mustafayev bildirdi ki, həmin şəxslər məsuliyyətə cəlb oluna bilər: “Əgər hesab olunursa kimsə təhqir olunur, o zaman həmin şəxs təhqir edənin yaşadığı yerdə iddia qaldıra bilər. Yəni şəxsiyyətin toxunulmazlığı, nüfuz istənilən ölkədə müdafiə olunur. Sadəcə olaraq, onların yaşadığı Avropa ölkəsinə gedib, şikayət vermək olar. Şəxsin mühacirətdə olması heç nəyi dəyişmir. İstənilən adam həmin ölkənin qanunları çərçivəsində öz hərəkətlərinə görə məsuliyyət daşıyır. Onları Azərbaycana ekstradisiya da edə bilərlər. Məsələn, onlar barəsində Azərbaycanda cinayət işi qaldırılsa, hökumət ekstradisiya üçün müraciət edə bilər. Azərbaycan ”İnterpol”un üzvüdür. Ona görə də kimsə cinayət törədib, qaçıb gizlənirsə, o zaman onu axtarışa verib, tutdurmaq olar”.

Hüquq müdafiəçisi Səadət Bənəniyarlı isə hesab edir ki, yalnız məhkəmə qərarı varsa, onları cəzalandırmaq mümkündür: “Həmin şəxslər ölkə daxilində qanun pozuntusu, cinayət törətməyibsə, onların digər ölkədən bura gətirilməsi yalnız məhkəmə qərarı ilə mümkündür. Məhkəmə qərarı yoxdursa, bu, mümkün deyil. Kiminsə haradasa gedib cəzalandırılmasına gəlincə isə bunun üçün həmin ölkənin daxili qanunları pozulmalıdır. Əgər ölkənin daxili qanunu pozulubsa, o zaman şəxsləri orada cəzalandıra bilərlər. Çox zaman söz azadlığı ilə kimisə təhqir etməyi qarışıq salırlar. Sui-istifadələr əslində gətirib bu kimi qarşıdurmalara çıxarır. İndiki vəziyyəti anormal hesab edirəm. Düşünürəm ki, bu, heç də doğru hərəkət deyil. Yəni mühacirətdə olan hər hansı bir vətəndaşın dövlət qurumuna və nümayəndəsinə qarşı şikayəti varsa, bunun üçün Avropanın müvafiq qurumlarına müraciət edə bilər. Azərbaycan Avropa ölkəsidir və Avropa İnsan Haqları Məhkəməsində də bizim vətəndaşların şikayətlərinə baxılır. Onlar da bundan istifadə edib, öz hüquqlarını müdafiə edə bilərlər. Lakin görürük ki, sosial şəbəkələrdə təhqirlərə keçiblər. Bunu doğru saymıram. İnsan var ki, mühacirətdədir, yaşamaq üçün oranı seçib. Belə olan halda vacib deyil ki, anadan olduğu ölkəyə qarşı əks-təbliğat aparsın. Əgər ona qarşı heç bir kampaniya yoxdursa, öz hüququnu müdafiə etmirsə, o zaman düşünürəm ki, sosial şəbəkələrdə bu cür addımlar atmağa da gərək yoxdur. Yaxşı olar ki, ayrı-ayrı şəxsiyyətləri təhqir etmədən özlərinin hüquqlarını müdafiə etsinlər, yaxud da mövqelərini açıqlasınlar. Təhqir etməsələr, insanlarda daha çox müsbət rəy yaradarlar”. “Yeni Müsavat”

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

three × one =