İranın Azərbaycan vilayətində baş verən daşqın və sel fəlakəti Təbrizdə futbol matçının baş tutmasına mane olmayıb.
Axar.az xəbər verir ki, bu gün Təbrizdə baş tutan “Perspolisi” (Tehran) ilə “Maşinsazi” (Təbriz) oyunu iki məqamla diqqəti çəkib. Təbrizlilər stadionda siyasi plakatın qaldırılması yasağına uyğun davranıblar, ancaq yenə də Qarabağı yad ediblər. Onlar “Məcnun Leylini sevməzdi, bilsəydi Qarabağ var!” şüarı dalğalandırmaqla, Qarabağa “qeyri-siyasi” dəstək nümayiş etdiriblər.
Digər məqam isə “Perspolisi” ilə bağlıdır. “Maşinsazi” üzərində qələbədən sonra “Perspolisi” komandası və azarkeşləri qələbəni qeyd etmək istəyiblər. Onların şənlənməsinə Təbriz polisi icazə verməyib. Sosial şəbəkədə yayılan videoda görünür ki, Təbriz polisi “Perspolisi” komandasına “Azərbaycanda matəmdir” deyə, şənlik etməyi məsləhət görmür, buna baxmayaraq, tehranlılar azarkeşlərinə xitabən, müxtəlif şüarlar səsləndirir və sevinc nidaları qışqırırlar.
Tribunalardan buna cavab olaraq təbrizlilərin “Azərbaycan oyaqdı, öz elinə dayaqdı!” şüarı ucalır. “Perspolisi” komandası azarkeşləri isə bu şüara aşağılayıcı sözlərlə qarşılıq verirlər.
Qeyd edək ki, ötən gecədən başlayan daşqınlar nəticəsində Şərqi Azərbaycan vilayətində 37 nəfər həlak olub, 32 nəfər isə itkin düşüb. Qeyri-rəsmi məlumata görə, itkilər daha çoxdur.
https://youtu.be/29TGvewzLho