“Süni uşaq qidaları genetik dəyişdirilmiş heyvanların məhsullarıdır”

0
614

“Hazırda hazırlanan süni qidaların əksəriyyəti genetik modifikasiya olunmuş heyvanlardan hazırlanır. O heyvanlar ki, bir sutka ərzində 80-100 litrə qədər süd verir. O inəklər hətta bir-iki ildən sonra ağır süd vəzilərini daşıya bilmirlər. Bəzi infeksiyalara tutulurlar və müəyyən müddətdən sonra onların ətləri də istifadəyə yararsız hesab olunur. Valideynlər də bu cür inəklərin südünü öz uşaqlarına rəva bilirlər”.

Bunu Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının pediatrı, tibb elmləri doktoru Ələkbər Həsənov deyib.

Ə.Həsənov bildirib ki, uşaqların düzgün qidalanmaması və xüsusən də, raxitin profilaktikasının düzgün aparılmaması nəticəsində əmələ gələn pataloji hallar, uşaqlarda xəstəliklərin əmələ gəlməsinə şərait yaradan əsas faktorlardan hesab olunur. “Ana südündən uşaqların kəsilməsi və süni qidalandırılması bəşəriyyətdə valideynlərin uşaqlarına qarşı etdikləri ən böyük “cinayət”dir. Çünki bu kimi genetik modifikasya olunmuş süd məhsulları uşaqların əqli inkişafının formalaşmasında çox ciddi təsirləri var. Belə uşaqlarda oyanıqlıq, itaətsizlik, hiperaktivlik halları müşahidə olunur. Onların daxili orqanları, xüsusilə dalağı və qaraciyəri ana südü ilə qidalanan uşaqlara nisbətdə böyük olur. Və çox vaxt müayinələr zamanı biz valideynlərə uşaqlarının dalağının və qaraciyərinin böyük olmasını bildirəndə, təşvişə düşürlər. Onlar uşaqlarını bütün müayinələrdən keçirirərək buna çarə axtarırlar, amma bunun əsl səbəbi vaxtında uşaqların düzgün qidalanmamasıdır”, – həkim deyib.

Onun sözlərinə görə, bəzi hallarda həkimlər ana südünü müayinə etməyə göndərirlər. Bu isə yalnışdır. Ana südü müayinə olunmur, çünki ananın döş vəzisində elə bir “filtir” var ki, o heç bir virusu buraxmır. Hətta sarılıqlı, QİÇS-li anaların uşaqlarını südlə qidalandırması məsləhət görülür. Ana südündən heç bir xəstəlik, virus uşağa keçmir. Ona görə də ana südünü müayinə olunmasının heç bir tibbi əsası yoxdur. Əksinə ana südündə anticisimlər müəyyən olunur ki, bu da hansısa mikroba qarşı davamlılığın olması deməkdir. “Sadəcə olaraq, indiki dövrdə bəzi analar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “Ana südü ilə qidalanma” proqramı ilə yaxından tanış olsalar, onlar körpələrini öz südlərindən məhrum etməzlər. Buna çox səthi yanaşıldığına görə, ana südünün nə qədər möcüzəvi bir əhəmiyyətə malik olduğunu bilmirlər. Bəzi analar özləri yaxşı qidalanmadığı halda südlərinin az olduğunu deyirlər. Amma bu doğru fikir deyil. Belə ki, qadın hələ hamilə olarkən, 6 ayından başlayaraq uşağın qidası onun dərialtı toxumasında toplanır. Ona görə də qadınların hamilə olduğu dövrdə 10-15 kilo çəkiləri artır. Bu da onların dərisinin altında toplanmış, bəzilərinin dediyi kimi yağ deyil, uşağın qidalanması üçün lazım olan maddələrdir.

Bundan əlavə, ana südü ilə qidalanan uşaqlar ilin hansı fəslindən asılı olmayaraq suya ehtiyacları olmur. Çünki ana südünün konsentrasiyası temperatura uyğun olaraq, qışda qatı, yayda isə duru olur. Ana südündə olan immunoqlobinləri heç nəylə əvəz etmək olmaz”. Ə.Həsənov onu da deyib ki, telefon və planşetlər hələ tam yetişməmiş uşağın orqanizmində iki hormonu məhv edir. Onlardan birincisi seratonin maddəsidir ki, bu uşaqların əhval-ruhiyyəsini yaxşı saxlayır. Televizor, kompüterə meyilli olan uşaqlarda seratoninin miqdarı azalır. İkincisi isə onlarda endolfin deyilən, hormonun azalmasıdır. Bu hormon ağrıkəsici funksiyanı yerinə yetirir. Bu hormonun azalması uşaqlarda baş ağrıları və özlərinə qapanma halları ilə müşayiət olunur. Belə hallar isə məktəbəqədər, eləcə də məktəbaşlı uşaqlarda daha çox rast gəlinir. Belə uşaqlar çox aqressiv olurlar. “Valideynlər bilməlidirlər ki, əgər onların uşaqları gün ərzində 1 saatdan çox elektron vasitələrdən istifadə edirsə, o uşaqların nəinki özlərini, onların valideynlərini də “məhv etmək” səviyyəsinə qədər gətirib çıxarır. Ona görə onların yaşına uyğun olaraq proqram qurulmalıdır. Valideynlərə bir daha səslənirəm ki, uşaqlarınızı işiniz xatirinə oyunlarla baş-başa buraxaraq, onların gələcəyinə böyük zərbə vurmuş olursunuz”.

Ülviyyə

Virtualaz.org

BIR CAVAB BURAXIN