Sumqayıtda “Azərbaycan xalqına qarşı soyqırımları tarixində Xocalı” mövzusunda elmi konfrans keçirilib

0
464

Fevralın 22-də Sumqayıt Dövlət Universitetində (SDU) bu ali təhsil müəssisəsinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycan xalqına qarşı soyqırımları tarixində Xocalı” mövzusunda elmi konfrans keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Xocalıda baş verən qanlı hadisələri əks etdirən fotoşəkillər, qəzet, jurnal materialları və kitablardan ibarət sərgi ilə tanış olublar.

Universitetin rektoru, professor Elxan Hüseynov vurğulayıb ki, amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş Xocalı qətliamından bizi 25 il ayırır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı soyqırımı bəşər tarixində ən qanlı faciələrdən biridir. Azərbaycanın tarixinə qanlı hərflərlə yazılmış həmin gecədə erməni silahlı dəstələri hələ SSRİ dövründən Xankəndi şəhərində yerləşən, şəxsi heyətinin xeyli hissəsi ermənilərdən ibarət olan 366-cı motoatıcı alayın zirehli texnikasının və hərbçilərinin köməyi ilə qədim Xocalı şəhərini yerlə-yeksan ediblər. Xocalı faciəsi 200 ilə qədər bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır. Soyqırımı zamanı 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib. Erməni təcavüzkarlarının törətdikləri bu vəhşilik yaddaşlardan heç zaman silinməyəcək.

Rektor diqqətə çatdırıb ki, o zamankı Azərbaycan hakimiyyəti bu dəhşətli hadisəyə siyasi qiymət verilməsi, qanlı qırğın barədə obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün heç bir əsaslı iş görmədi. Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra həmin qanlı faciəyə hüquqi-siyasi qiymət verildi. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi elan etdi. Hər il bu müdhiş faciənin ildönümü respublikamızda və dünyanın müxtəlif ölkələrində ürəkağrısı ilə qeyd olunur. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılır. Prezident İlham Əliyev erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması istiqamətində məqsədyönlü və ardıcıl addımlar atır.

Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov qeyd edib ki, bu elmi müəssisədə aparılan tədqiqatların mühüm istiqamətlərindən biri xalqımıza qarşı ermənilərin həyata keçirdiyi soyqırımları tarixinin tədqiqidir. Tarix İnstitutunda son onillikdə dünyanın müxtəlif ölkələrindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı əks etdirən külli miqdarda arxiv sənədləri gətirilərək toplu şəklində nəşr olunub. Azərbaycan tarixçiləri də bu sənədlər əsasında ölkəmizin bütün bölgələrində həyata keçirilmiş soyqırımlara ayrı-ayrılıqda tədqiqat əsərləri həsr ediblər. 1914-1918-ci illərdə böyük dövlətlərin fəal köməyi ilə terrorçu-ekstremist erməni təşkilatlarının Azərbaycanın və Şərqi Anadolunun türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi soyqırımları dünya tarixinin ən dəhşətli soyqırımlarıdır. Sovet tarix elminə mətin bolşeviklərdən biri kimi daxil edilən Stepan Şaumyan əslində erməni millətçilərinin ən ifrat və ən iri terrorçu təşkilatı olan “Daşnaksütyun” partiyasının üzvü olub. Təkcə XX əsrdə azərbaycanlılar dörd dəfə kütləvi qırğınlara, soyqırımlara və etnik təmizləmələrə məruz qalıb. Y.Mahmudov deyib: “Xocalı faciəsi 200 illik qanlı tariximizin son soyqırımıdır”.

Aprel ayında “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda keçiriləcək dördüncü beynəlxalq elmi konfrans barədə məlumat verən institut direktoru bildirib ki, tədbirdə Azərbaycan tarixçiləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən alimlər də iştirak edəcək və ermənilərin azərbaycanlılara, ümumilikdə türk-müsəlman xalqlarına qarşı həyata keçirdikləri deportasiya və soyqırımlarından danışılacaq.

Tədbirdə, həmçinin SDU-nun tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev “XX əsrin ən böyük faciəsi – Xocalı soyqırımı”, Tarix İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov “1948-1953-cü illərdə azərbaycanlıların deportasiyası soyqırımı cinayətidir”, SDU-nun Avropa və Amerika ölkələrinin yeni və ən yeni tarixi kafedrasının müdiri, professor Şirxan Səlimov “Ermənilərin Şamaxıda törətdiyi soyqırımı (1918-ci il)”, Tarix İnstitutunun tarix üzrə fəlsəfə doktoru Güntəkin Nəcəfli “Azərbaycanda və Şərqi Anadoluda törədilmiş soyqırımları yeni arxiv sənədlərində” mövzularında məruzələri dinlənilib.

Sonda Tarix İnstitutunun şöbə müdiri, professor Şahin Fazil Xocalı soyqırımına həsr etdiyi şeirini səsləndirib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

seventeen − sixteen =