Su tayfasının  – Susaylılar – II YAZI  

0
1060
Buludxan Xəlilov,
filologiya üzrə elmlər doktoru, professor

Susaylılar qədim türklərin iç-içə yaşayış tərzini, içdən kənara, dışarı çıxmağın qayda-qanunlarını yaşatmış və qoruyub saxlamışdır. Belə ki, Susay əhli təbiətə hakim olduqdan sonra, təbiətin dilini daha dərindən öyrəndikdən sonra  özləri üçün yeni-yeni əkin-biçin sahələri, otlaq yerləri tutmuş və həmin yerlərdə abadlıq işləri aparmışlar. Bunun nəticəsində Quba-Xudat yolunun üstündəSusay-Palasa kəndini bina etmişlər. Palasa yerli ləhcədə əkin-biçin yeri, əkin-biçin sahəsi mənasında başa düşülür. Susaylıların  Susay-Palasa kəndində əkin-biçin sahələri daha geniş və böyükdür.  Həm də Susay-Palasa kəndi susaylıların aran yeridir.
Susaylılar eyni zamanda Xudat-Yalama yolunun üstündə  də məskunlaşmış və burada SusayQışlaq kəndini inşa etmişlər. Onlar bu kəndi qışlaq yeri kimi seçmişlər. Başqa sözlə, Susay-Qışlaq kəndi susaylıların qışlaq yeridir. Bu da onu göstərir ki, türklərin vaxtilə həyatında, məişətində özünü göstərən yaylaq və qışlaq həyat tərzi hal-hazırda da qorunur. Və belə bir həyat tərzi indi də susaylılarda  mövcuddur.

Müqayisə üçün onu da qeyd edək ki, Rusiyanın Perm ərazisində Susay adlı qəsəbə vardır. Bunların hamısı onu göstərir ki,  türklərin yaşadıqları ərazilərin bir çoxunun areal  adlarının mövcudluğu təbii bir proses olmuşdur. Türklər bir ərazidən başqa bir əraziyə köç etdikdən sonra təzə köç etdikləri əraziyə dədə-baba yurdlarındakı ilkin adları vermişlər. Nəticədə bir yer adının başqa ərazilərdə də arealları əmələ gəlmişdir. Belə bir təbii prosesi susaylıların yayılma arealı da təsdiq edir.
Susayın özünəməxsus təbiəti vardır. Hər şeydən əvvəl, Susayda fəsillərin hər biri gözəldir.Yaz, yay, payız, qış fəsilləri necə olmalıdırsa, Susayda elə o cür də olur. Təbiətin təbiiliyini    görmək və duymaq üçün Susayın yazını, yayını, payızını və qışını görmək lazımdır. Hələ görmək azdır, bu fəsillərin hər birində yaşamaq, bu fəsillərin tələbinə uyğun ömür sürmək lazımdır. Susaylılar belə bir ömür sürdükləri üçün olduqca təbii, təmiz, saf və xeyirxahdırlar.Görünür ki, Susayın təbiəti onun insanlarının qanına, canına hopmuşdur. Burada gen yaddaşı ilə yanaşı, təbiətin insana verdikləri, insanların xarakter və xasiyyətlərinin formalaşmasında oynadığı rol heç də az deyildir. İnsanın böyüyüb boya-başa çatmasında, formalaşmasında gen və mühitlə yanaşı, təbiətin də böyük rolu vardır. Susayın təbiəti nə qədər təbiidirsə, onun insanları da bir o qədər təbii və səmimidirlər. Burada yaşayan insanlar salam verib salam almanı təkcə özlərinə borc bilmir, eyni zamanda bu etiket qaydasını təbii tələbat kimi qəbul edirlər. Susaylıların təbirincə desək, necə ki, insan susuz və çörəksiz yaşaya bilmir, eləcə də salamsız, kəlamsız yaşaya bilməz. Susaylılara görə, salamsız, kəlamsız dolanmaq mümkün deyildir. Susaylıların böyüyü də, kiçiyi də ədəb-ərkan qaydalarına riayət edir, bir-birinə yerli-yerində təzim göstərir, salam verən insanın qarşısında hörmət əlaməti olaraq ayağa durur, böyüklərin əllərindən, çocuqların gözlərindən öpürlər. Bu cür münasibət, böyük-kiçik yolunu gözləmək, ədəb-ərkan qaydalarına riayət etmək Susayın öz qanunu kimi hər bir susaylının əməl etdiyi müqəddəs işlərdən biridir.
Susay kəndi dağ kəndidir.Bu dağ kəndində yaşayanlarla Susay-Palasada (aranda ) yaşayanlar arasında  çoxlu zarafatlar var. Susayda (dağ kəndində) yaşayanlar zarafatla aranda (Susay-Palasada) yaşayanlara deyirlər: Kişini öldürmək istəyirsən, yonca ək, qadını öldürmək istəyirsən, çiyələk ək. Bu zarafat oradan yaranıbdır ki,  aranda (Susay-Palasada ) əkin-biçin işləri dağdakından (Susaydakından) daha çoxdur.
Susaylılar  “Kimdə pul olmaz ?” sualına belə cavab verirlər: “Yaş kəsəndə, baş kəsəndə, zurna çalanda pul olmaz.”  Onlar  “yaş kəsən” deyəndə meşəbəyini, ” baş kəsən”

deyəndə qəssabı nəzərdə tuturlar.
Susaylılar evə gələn, lakin içəri girməyən, çörək yeməyənlər barədə belə deyirlər: ”Həyətdən gəlib həyətdən qayıtmazlar.”
Susaylılar deyir: ”İçki insanı öldürür, qumar isə söndürür.”  Susaylılara görə,  “Qadının yaşını,  kişinin aldığı maaşı soruşmazlar.”

Susaylılar öz kəndlərində havanın necə olacağı barədə də dəqiq məlumat verməyi bacarırlar. Nə vaxt yağış yağacağı, nə vaxt günəş çıxacağı, havanın nə vaxt soyuyacağı barədə uzun illərin sınağından çıxmış, sınanılmış məlumatlar hər zaman özünü doğruldur. Məsələn, susaylılar Susay kəndində havanın cümə və şənbə günlərində tutulması barədə belə söyləyirlər: “Hava cümə tutularsa, şənbə açılar. Əgər şənbə tutularsa, gec açılar”.
Susaylılar ata, ana, qardaş, bacı,  qonaq-qara, böyük-kiçik, bir sözlə, adam qədri bilənlərdir. Onlar hər şeyə qiymət verməyi bacarır və qədir-qiymətini uca tuturlar.Bir baxın, ana laylası barədə necə də maraqlı söyləyirlər:

 

Şirin olur arı balı,

Yemək üçün beçə balı,

Anam mənə layla dedi

Lap endirdi  heçə balı.

 

 

Yaxud ata və ana barəsində:

 

Arzu çəkir min tərəfə,

Yolsa ancaq bir yanadır.

Qohum, qardaş çox da olsa,

Dərdə yanan bir anamdır.

Dərdə yanan bir atamdır.

 

Yaxud qardaş barəsində:

 

Qardaş kişmiş kimidir

Dadlı, bişmiş kimidir.

Qardaşdan sonra bacı

Düşüb itmiş kimidir.

 

Yaxşı bir misal var ki, uşaq nə qədər əziz olsa da, onun tərbiyəsi ondan da əzizdir.Bu mənada Susaydakı uşaqların ədəb-ərkanına söz ola bilməz.Susayda böyüklər kimi uşaqlar da qonağa böyük hörmət və sayğıyla yanaşırlar. Uşaqlar qonağı qabaqlayaraq ya ilk salam verən olurlar, ya da “xoş gəldiniz” deyirlər.
Susay kəndi bulaq suları ilə çox zəngindir. Bu kəndin ərazisində çoxlu sayda bulaqlar vardır. Bəzən xalq etimologiyasına görə, Susay sözünü bu ərazidə bulaq sularının çox olması ilə izah edirlər. Belə ki, Susay sözünü su say sözlərinin birləşməsi ilə əlaqələndirirlər. Və belə hesab edirlər ki, burada çoxlu bulaqların (suların) olması ilə bağlı olaraq insanlar buranı ən yaxşı yaşayış yeri hesab edərək bir-birinə həmin suları hesablamaq, saymaq üçün susay (yəni suyu say) demişlər.


Susay ərazisində suyu bir-birindən sərin olan bulaqlar əsasən bunlar
: Dəndəli bulağı, Sosna bulağı, Orucun bulağı, Hacıtağı bulağı, Daşbulaq, Ovçu bulağı , Qızdırma bulağı, Tala bulağı, Ələsgər bulağı, Yağlı bulaq, Heydər bulağı, Yelsuyu bulağı, Vələs bulağı, Fındıqlı bulaq, Alpan bulağı, Çeşmə bulağı, Xalfəmməd bulağı, Nəbi bulağı, Hətəm bulağı, Hacıağa bulağı, Qaragüney bulağı, Rizvan bulağı, Acıbulaq, Pərci bulağı və s. Bu bulaqlardan elələri var ki, onun suyu müalicəvi əhəmiyyətə malikdir. Məsələn, Qızdırma və Yelsuyu bulaqları bu qəbildən olan bulaqlardır. Bu bulaqların suyundan yel xəstəliyinin müalicəsində istifadə olunur.
Susay kəndi biçənəkləri ilə də çox zəngindir. Yeri gəlmişkən qeyd edək ki, xalq etimologiyasına görə, Susay sözü susay, çay, çayırsözləri ilə bağlıdır. Buradakı  say, çay, çayır sözü müasir anlamda “biçin” sahəsi mənasındadır.Yəni Susay sözü  suyu olan, biçin sahəsi olan anlamındadır. Susay ərazisindəki  biçənək sahələrinin adları əsasən bunlardır: Kik biçənəyi, Bağ biçənəyi, Məgəllər biçənəyi, Yırğıncı biçənəyi, Cüvəqarı biçənəyi, Pəricahanqarı biçənəyi, Tala biçənəyi, Feytinin talası, Şıxgüneyi biçənəyi, Rusçalan biçənəyi, Mağay biçənəyi, Beşhektar biçənəyi, Güneyindalı biçənəyi, Suallar biçənəyi, Pirnəzərin bağı, Qarağaclıq biçənəyi, Nəbinin dərəsi, Uçqunun arxı, Üçşakka biçənəyi, Yəhərmərc biçənəyi, Məmmədəlinin kəndirəkəni biçənəyi, Qaraqaşlar biçənəyi, Əvələktaxta biçənəyi və s.

Ümumiyyətlə, türkün yaşadığı ərazilər bulaqları, biçənəkləri ilə yanaşı, həm də dərələri, yaylaqları, əkin sahələri, pirləri, müqəddəs ocaqları ilə də zəngin olmuşdur. Bunların hamısını Susay ərazisində də görmək mümkündür. Onların bir qismini nəzərdən keçirmək yerinə düşər.


Susaydakı dərə adları:
Yoxuşqul dərəsi, Vəli dərəsi, Baxça dərəsi, Buludun dərəsi, Başın dərəsi, Mıxlı dərə, Piriarxı dərəsi, Hacıağanın dərəsi, Ayıdərəsi, İlandərə və s.


Susaydakı yaylaq adları:
Qəliblər, Gül dərə, Yürüştəpə, Sudayanan daş, Vələvur, Məsdərgah, Dovşançuxur, Mıxtökən, Çaylaq, Duq, Qaragüney, Şirvanlıdərə, Qırxlar, Qırxbulaq, Şıxbabaoturan, Nərimanoturan, Yelqıran, Dəhnənin boğazı və s.
Susaydakı əkin yerləri: Zoğal əkini, Qurdların düzü, Atlar yatağı, Dəli dərə, Canqulu meşə, Şıxduran, Alttaxça, Armudluq, İsrafilin çuxuru, Ələsgərin yeri, Fitinin talası, Qozlu dərə və s.
Susaydakı pirlər, müqəddəs ocaqlar: Pirqeyibbaba, Veysəlqara (Üveysəlqaranı), Yel piri, Qızdırma Piri, Dişpiri, Başpiri, Pirsüleymani, Murad piri, Xıdır Nəbi piri və s.
Qədim insanlar, o cümlədən türklər pirlərə, müqəddəs ocaqlara tarixən inanmışlar. Onlarda tarix boyu ağaca, daşa, suya, dağa, və s.-yə inam olmuşdur. İndi də bu adət-ənənə qalmaqdadır. Dağlarda, su, ağac, daş və s. ətrafında müqəddəs ocaqlar və pirlər qorunmaqdadır. Belə bir adət-ənənə Susaylılar tərəfindən də qorunub saxlanılmaqdadır. Susaydakı pirlərin əksəriyyəti ağac pirlərdir. Məsələn, Pirqeyibbaba, Veysəlqara (Üveysəlqaranı), Yelpiri, Qızdırma piri, Pirsüleymani, Murad piri, Xıdır Nəbi piri bu qəbildən olan pirlərdir. Bu ağac pirlərin bir qisminin başında bulaq da vardır. Məsələn, Yelpiri, Qizdırma piri belələrindəndir. Hər iki pirə yel xəstəliyindən, ayaq və bel ağrılarından şəfa tapmaq üçün gəlirlər, suyundan istifadə edirlər ( içirlər, ağrıyan yerləri yuyurlar), arzularının, niyyətlərinin həyata keçməsi üçün ağacın( pirin) qol-budaqlarına qırmızı parça bağlayırlar. Bu ağacların qol-budaqlarında hər bir vaxt çoxlu sayda bağlanmış qırmızı parçalar görmək mümkündür.
Susay ərazisindəki Dişpiri və Başpiri daş pirlərdəndir. Xalqın inamına görə, dişi ağrıyanlar Dişpirinə, başı ağrıyanlar isə Başpirinə gedir və dualar edir, şəfa tapırlar.  

BIR CAVAB BURAXIN