Stalini necə öldürdülər? (2)/Əziz Mustafa

0
739

 

Serqo atasının Stalinə zəhər verdirərək öldürülməsində əli olduğunu birbaşa demir, ancaq belə şeyin ola biləcəyini ehtimal edir.

Stalinin necə öldürülməsi ilə bağlı diqqəti cəlb edən bir məsələ də onun mühafizəçilərinin istintaqa verdikləri ifadələr oldu. Mühafizəçilərin dediklərinə görə, Stalin ona verilən 3 butulka mineral suyu içəndən sonra zəhərlənib. Bunu sübut edə biləcək fakt da var. Belə ki, Stalin mineral suyu içəndən sonra özünü pis hiss edərək masanın arxasındakı kürsüdə əyləşib. Masanın üstündə isə mineral su butulkası və stəkan vardı. Zəhərin dərhal təsir göstərməsindən sonra Stalinin dili tutulub. Hər halda Stalini belə bir vəziyyətdə də tapmışdılar. Sonralar, yəni 1953-cü il noyabr ayının 8-də Stalinin muzeyinə iki butulka ( biri narzan, digəri borjomi) mineral su butulkası vermişdilər. Amma 3-cü butulka yoxa çıxmışdı. Ola bilsin ki, məhz zəhər həmin 3-cü butulkada olub və izi itirmək üçün onu məhv ediblər.

Həkimlərin gizli diaqnozları

Stalinin ölümü ilə bağlı onu müalicə edən həkimlərin jurnalda yazdıqları qeydlər bir çox müəmmaların üstünün qismən də olsa açılmasına yardım edib. Hər halda Stalinin son anlarında onun yanında olan həkimlərin jurnalda yazdıqları da bunu sübut etməkdədir. Bununla bağlı bəzi faktlara diqqəti cəlb etmək istəyirik:

“2 mart 1953-cü il. Stalin huşsuz halda divanda uzanıb, gözləri bağlıdır, nəbzi dəqiqədə 78 dəfə vurur, təzyiqi 190/110-dur. Vəziyyəti olduqca ağırdır. Sağ əli və ayağı iflicdir, gündüz saat 4-də 3 çay qaşığı çay verildi. Saat 7-də vəziyyəti daha da ağırlaşdı. 18.30. Xəstəyə 4 çay qaşığı limonlu çay verildi. 22.45. Xəstə gözlərini açdı, nə isə demək istədi, deyə bilmədi”.

Əslində həkimlər xəstənin zəhərləndiyini anlayır və bunu açıq şəkildə dillərinə gətirməyə və jurnalda qeyd etməyə qorxurdular.

“4 mart, gecə saat 01. Xəstənin vəziyyəti ağırdır, nəfəs almaqda çətinlik çəkərək boğulur. Ona görə də nəfəsliyə oksigen balonu qoşmalı olduq. 8.00 Sifəti qəfildən göyərdi, dərisi qaralmağa başladı”.

Əslində dərinin göyərməsi və qaralması da Stalinin zəhərləndiyini göstərir. Göy rəng, adətən, insanın zəhərli anilin, nitrobenzol, bertolet duzu ilə zəhərlənməsində baş verir. Adıçəkilən zəhərlərlə zəhərlənən insanların qanında hemoqlobin qara rəngə çalan metqemoqlobinə çevrilir. Bütün bunlar da Stalinə zəhər verildiyini bir daha sübut edir. Belə güman etmək olar ki, Stalinə bir neçə zəhərin qarışığı ilə zəhər verilib. Martın 5-də Stalinin son analizlərinin cavabı gəlib. Analizlərdə deyilir: “Qanın analizi zamanı onda zəhərli ağ qan hissəciklərinin sayı normadan iki dəfə çox, 17 min aşkar edilib”.

Bu, artıq Stalinin zəhərləndiyinə şübhə yeri qoymurdu. Lakin həkimlər bunu Beriyaya deməyə cəsarət etmirdilər. Çünki özlərinin günahkar çıxarılacaqlarından ehtiyat edirdilər. Beriya o saat həkimlərin Stalini zəhərlədiklərini deyərək, onlardan soruşacaqdı: “Düzünü deyin, sizlərdən hansınız Stalini zəhərlədiniz”.

Stalin isə həmin an ölümlə çarpışmaqda davam edirdi. Martın 5-də səhər Stalin qan qusmağa başladı. Nəticədə onun nəbzi yavaş-yavaş döyünməyə başladı, təzyiq sürətlə aşağı düşdü. 11.30-da Stalinin vəziyyəti daha da ağırlaşdı. Həmin vaxt atasının yanında olan Vasilinin qulağına həkim son analizlərin nəticəsini söylədi. Vasili isə dərhal qışqırdı: “Atamı zəhərləyiblər”.

“21.30. Stalinin vəziyyəti daha da ağırlaşdı. Artıq onun ömrünün sayılan dəqiqələri qalıb. 21.50. Stalin son dəfə dərindən nəfəs alaraq hərəkətsiz qalır”.

Beləliklə, mənfi və müsbət tərəfləri ilə dünyanın ən böyük siyasi xadimlərindən biri olan Stalin həyatdan getdi. Stalinin ölümü ilə bağlı digər bir müəmma da ona iynə vurulması ilə bağlıdır. Arxivdə olan sənədlərə görə, tibb bacısı, əslən yəhudi olan Moiseyeva saat 21.45-də ona kalsiy-qlukonat iynəsi vurub. Bu iynədən az sonra Stalin vəfat edib. Belə güman edilir ki, Moiseyeva Stalinə zəhərli iynə vurub. Ancaq o bunu kimin göstərişi ilə edib, bu bilinmir.

Xruşşov dolayısilə Stalini zəhərlədiklərini etiraf edir

Stalinə zəhər verilərək öldürülməsi barədə Kremlin divarları arxasında uzun illər sakit, ya da, belə demək mümkünsə, gizli müzakirələr getdi. Üstündən illər ötəndən sonra Xruşşov gözlənilmədən müəmmalı açıqlama verdi. 1963-cü il iyul ayının 19-da Macarıstan nümayəndə heyəti ilə görüşdə Xruşşov belə demişdi: “Bəzi yoldaşlar belə hesab edirlər ki, XX qurultayda Stalinlə bağlı çıxarılan qərar səhvdir. Onlar bununla bağlı həqiqəti xalqa deyəcəkləri təqdirdə, onların ayağa qalxacağını və Mərkəzi Komitəni hakimiyyətdən salacaqlarına ümid edirlər. Ancaq bu, heç də belə deyil. Stalin öz adamlarını güllələyir, onları həbslərə göndərirdi. Biz də buna görə onu… ( ancaq o sözünün dalını gətirmədən dayanır. Yəqin ki, aradan götürdük, qisas aldıq ondan demək istəyib). O, hakimiyyətdən öz məqsədləri üçün sui-istifadə edirdi Ona görə də biz onu mühakimə etdik. Heç kim də Stalini təmizə çıxara bilməz”.

Xruşşov yenə də çıxışına fasilə verir, sonra qızışaraq qışqıra-qışqıra deyir: “Tarixdə çox tiranlar olub, ancaq onların hamısı sonda dəhşətli əzablarla ölüblər. Onlar özlərinin istifadə etdikləri balta ilə də qətlə yetiriliblər”.

Bununla da Xruşşov faktiki olaraq Stalindən qisas aldıqlarını özü də bilmədən söyləmiş olub.

Belə ehtimal edilir ki, Beriya və Xruşşov, həmçinin Malenkov və digərləri Stalinin aradan götürülməsində maraqlı olublar. Şübhəsiz ki, həmin dövrdə Beriya dövlətdə ikinci adam idi və o belə hesab edirdi ki, ölkəyə rəhbərliyi özü edəcək. Çünki bütün hüquq-mühafizə orqanları, o cümlədən Dövlət Təhlükəsizliyi Komitəsi Beriyaya tabe idi və onun əmrini, şübhəsiz ki, yerinə yetirəcəkdilər. Amma Beriya səhv etdiyini Xruşşov və onun tərəfdarları tərəfindən gözlənilmədən həbs ediləndən sonra başa düşdü…

Yəhudi izi

Stalinin ölümündə yəhudilərin əlinin olduğu barədə də ehtimallar var. Belə ki, İsraildə sosialist rejimi qura bilməyən və bundan təəssüf hissi keçirən Stalin bunun səbəbini SSRİ-dən gedən yəhudilərin ABŞ-ı dəstəkləmələrində və bununla da onların sosializmə xəyanət etmələrində görürdü. Ona görə də Stalin İsrailə köç edən xəyanətkar yəhudilərin qisasını SSRİ-də qoyub getdikləri soydaşlarından çıxmağı planlaşdırmışdı. Onun planına əsasən, ölkədəki rəhbər vəzifələrdə olan yəhudi elitası məhv ediləcək, digər yəhudilər isə Uzaq Şərqə sürgün ediləcəkdilər. Yəhudilərin sürgünü 1953-cü il mart ayının 15-18-nə təyin edilmişdi. Bununla əlaqədar müvafiq göstərişlər də verilmiş, köç üçün 30-40 min vaqon hazırlanmışdı. Əslində Stalin ölkənin ali orqanlarının yəhudi elitasından təmizlənməsi prosesinə hələ 1948-ci ildə başlamışdı. Həmin dövrdə sovet sionistlərinin lideri olan Mixoels qətlə yetirilmişdi. Buna səbəb isə onun Stalinin göstərişlərini yerinə yetirmək əvəzinə, İsraildəki soydaşlarının ABŞ-la sıx əlaqələr qurmasını dəstəkləməsi olmuşdu. 1951-ci ilin ikinci yarısından başlayaraq, Stalinin göstərişi ilə Dövlət Təhlükəsizliyi Komitəsində çalışan bütün yəhudilər işdən çıxarılmış və həbs edilmişdilər. Həbs edilənlər arasında SSRİ kəşfiyyatının tanınmış simaları, o cümlədən Dövlət Təhlükəsizliyi Komitəsinin rəis müavini, general-leytenant Pitovranov, general-leytenant Selivanovski də var idilər. Məşhur dövlət xadimi Sverdlovun oğlu polkovnik Andrey Sverdlov da həbsə atılmışdı. Həbs edilənlər arasında ölkənin müxtəlif hüquq-mühafizə orqanlarında çalışan onlarla general, polkovnik vardı.

Amma Stalinin ölümü ilə də yəhudilərin sürgünü məsələsi gündəmdən çıxmış oldu. Beriya isə, öz növbəsində, yəhudilərin sürğünə göndərilməsinə imkan vermədi.

Beləliklə, əldə olan sənədlər Stalinin öldürüldüyü barədə nəticəyə gəlməyə imkan verir. Necə deyərlər, Stalin özü də bir vaxtlar sürgünlərdə çürütdüyü və ya güllələtdiyi adamların taleyinə oxşar bir tale ilə həyatını başa vurdu. Əslində Stalini kim öldürüb-öldürməməsindən asılı olmayaraq, onun həyatının sonu da belə olmalı idi. Çünki hər bir adam bu dünyada əkdiyini biçir. Stalin də öz oxşar əməllərinin qurbanı oldu.

(son)

BIR CAVAB BURAXIN