Stalin, Xruşov və Brejnev lətifələrdə – Birinci barəsindəki lətifələrdən xəbərsizmiş, üçüncü xoşhal olurmuş

0
1038

SSRİ kimi nəhəng bir dövlətin rəhbərləri olmuş Stalin, Xruşov və Brejnevin digər liderlərlə müqayisədə siyasi fəaliyyətlərində maraq doğuran, cəmiyyətdə səs-küyə səbəb olan hadisələr daha çox olub. Bunlar nə qədər məxfi saxlanılsa da, müxtəlif mənbələrdən bu hadisələr haqqında ictimaiyyətə informasiyalar sızıb. Beləliklə, siyasi liderlərlər haqqında rəy formalaşmaqla yanışı, həm də bir çox lətifələr meydana çıxıb.

Stalin özü haqqında lətifələrdən az xəbərdar olub. Çünki heç kim cürət edib bu haqda ona danışmayıb. Stalinə nəinki lətifə danışmaq, adi bir təqdimatda cüzi bir səhv buraxmaq rəhbərin qəzəbinə və sərt raksiyasına səbəb ola bilərdi. Məsələn:
Mark Reyzen Stalinin ən çox sevdiyi ifaçılardan biri olub. Bayram tədbirlərinin birində Stalin köməkçisinə göstəriş verib ki, tədbirdə Reyzen də iştirak etsin. Reyzenə bu haqda məlumat verəndə ifaçı Böyük Teatrdan işdən azad olunduğunu söyləyib. Buna baxmayaraq, ona iştirakının vacibliyini deyiblər və bu haqda həm də Stalini məlumatlandırıblar. Reyzeni isə işdən çıxaran incəsənət işləri üzrə komitənin sədri Xarçenko olub. Tədbirdə Reyzenin çıxışından sonra Stalin həm onu, həm də Xarçenkonu yanına çağırıb və komitə sədrindən soruşub:

– Siz kimsiniz?

– İncəsənət işləri üzrə komitənin sədri

Stalin Reyzeni işarə edərək növbəti sualı verib:

– Bəs bu kimdir?

– Reyzen.

– Cavabınız düzgün olmadı. Bu Dövlət Akademik Böyük Teatrın solisti, SSRİ xalq artisti Mark Osipoviç Reyzendir, siz isə nəcissiniz. Təkrar edin!

– Bu Dövlət Akademik Böyük Teatrın solisti, SSRİ xalq artisti Mark Osipoviç Reyzendir, mən isə nəcisəm…

– Bax, indi düzgün cavab oldu.

Xruşov haqqında lətifələri onun üzünə söyləyiblər və o da bunu gülə-gülə qarşılayıb, özü də bir lətifə söyləyib.

Brejnev isə yaxın ətrafından xahiş edib ki, onun haqqında olan lətifələri onun özünə də söyləsinlər. Bu lətifələrdən xoşhallanan Brejnev qürurla söyləyib ki, əgər mənə lətifə qoşurlarsa, bu, mənim mövcudluğumun, fəaliyyətimin nəticəsidir.
Amma onu da qeyd edək ki, belə lətifələrdə bir çox hallarda həqiqətlər öz əksini tapıb.

Məsələn, bunlardan biri Stalinin öz silahdaşlarını necə xof içində saxlamağı ilə bağlıdır:

Adəti üzrə gecə yarıyadək işləyən Stalin silahdaşlarını narahat etmək və qorxu içində saxlamaq üçün gecədən xeyli kecmiş Beriyaya zəng vurur:

– Lavrenti, yenə qadınlarla əylənirsən?

– Xeyr yoldaş Stalin, gecədən xeyli keçib, istirahət edirəm.

– Oldu, Lavrenti, düşündüm ki, yəqin əylənirsən, gecən xeyrə qalsın.

Stalin daha sonra Mikoyana zəng vurur:

– Yoldaş Mikoyan, başa düşürəm, gecdir, istirahət edirsən, amma sənə bir sualım var.

– Buyurun, yoldaş Stalin.

– Bakı komissarları neçə nəfər olub, onlardan neçəsi ölüb?

– Yoldaş Stalin 27 nəfər olub, 26-ı ölüb.

– Aydındır, yoldaş Mikoyan, indi get rahat yat.

Stalin dəstəyi yerə qoyandan sonra öz-özünə düşünüb: silahdaşlarım bundan sonra çətin yatar, indi gedib istirahət edə bilərəm.

Stalinlə bağlı daha çox gerçəkliyiə uyğun olan digər bir lətifə:

“NKVD”-yə rəhbərliyi dövründə Yejov Stalinin repressiya maşınının sükanında əyləşən ən qəddar komissarlardan biri olub. Stalin bu cəlladın bütün “imkan”larından istifadə edib. Bu həqiqət haqqında söylənilən lətifəni də zarafat kimi qəbul etmək olmaz:

Xarici işlər komissarı Litvinovun həyat yoldaşını həbs edəndə komissar bu haqda Stalinə şikayət edir:

– Yoldaş Stalin, mən inanıram ki, siz bu haqsızlığa göz yummayacaqsınız. Yejov mənim həyat yoldaşımı həbs edib.

– Yejov bunu elə-belə yerdən etməz, yəqin ki, həyat yoldaşınız haqqında material var.

– Yoldaş Stalin, Yejovun materiallarını axtarsaq, oradan sizin haqqınızda da material çıxacaq. Axı bu haqsızlıqdır.

– Yoldaş Litvinov, hər şey ola bilər. Biz “NKVD”-nin işinə qarışa bilmərik.

Nikita Xruşov ilk dəfə olaraq Stalinin şəxsiyyətə pərəstiş məsələsini qaldıranda bir çox siyasətçilər bunu cəsarətli addım adlandırsalar da, Xruşovun daxilində böyük qorxu olub. Söylənilən lətifələrin birində bu qorxunun böyüklüyü həqiqətən də gülüş doğurur:

Bir gün Xruşov Molotovu çağırıb deyir ki, amerikalılar yenə də dünyanı təəcübləndiriblər. Bir amerikalı peyda olub ki, o ölü adamları dirildə bilir. Gərək biz də qeyri-adi bacarığı olan bir rus çıxaraq ortalığa. Molotov Xruşovu dinlədikdən sonra cavab verir:

– Yoldaş Xruşov, gəlin deyək ki, bizdə bir rus var, təyyarədən sürətli uçur.

– Birdən dedilər, sübut edin?

– Onda biz təklif edərik ki, əvvəlcə amerikalı öz bacarığını göstərsin, Stalini diriltsin.

– Birdən diriltdi?

– Yoldaş Xruşov, Stalin dirilsə, siz təyyarə sürəti ilə yox, raket sürəti ilə uçacaqsınız.

Durğunluq illərinin müəllifi kimi tarixdə qalan Brejnevin hədiyyə, mükafat, təltif həvəskarı olduğu hamıya bəlli idi. Amma bir müəmmalı məsələ var idi ki, Brejnev qeneralissimus rütbəsinin ona verilməsi haqqında məsələ qaldırmayıb. Bu müəmmanın cavabını da lətifədə tapmaq olar:

Bir gün Suslovdan soruşurlar ki, Brejnev nəyə görə generalissimus rütbəsini almaq istəmir. Suslov həqiqəti deməyi qərəra alır:

– Çünki yoldaş Brejnev bu sözü ifadə edə bilmir.

Brejnevin son illərində səhhətində yaranmış problemlər və bu problemlərin onun fəaliyyətində çətinlik yaratması da lətifələrə səbəb olub:

Köməkçiləri Brejnevə məlumat verirlər ki, əhali arasında belə söhbət gəzir ki, baş katib artıq yerindən dura bilmir, onun xidməti avtomobilində də Brejnev deyil, müqəvva gedib gəlir. Brejnev bu söhbətdən sonra radio ilə xalqa müraciət etmək qərarına gəlir:

– Mənə məlumat verdilər ki, guya mənim xidməti avtomobilimdə mənim əvəzimə müqəvva gedib-gəlir. Sizi əmin edirəm ki, bu belə deyil. Müqəvvanın əvəzinə mən gedib gəlirəm.

Göründüyü kimi hər bir zarafatda bir həqiqət var. Xüsusilə də siyasi xarakterli olanda bu daha aydın sezilir.

İlham Cəmiloğlu, Musavat.com