Edama məhkum edilmiş canilərin vertolyotla qaçış cəhdi

0
443

1980-ci illərin sonlarında SSRİ-də siyasi və ictimai sabitliyin pozulması ölkənin ayrı-ayrı bölgələrində yeni cinayətkar dəstələrin yaranması ilə müşayiət olunub. Dəstə üzvlərinin qanunsuz silah gəzdirməsi adi hala çevrilib ki, bu da əvvəlki illərlə müqayisədə cinayətlərin sayını artırıb. Bir çox hallarda hüquq-mühafizə orqanlarının əməkdaşları cinayət hadisələrinin qarşısını almaqda və onların açılmasında çətinlik çəkiblər.

Təkcə 1990-cı ildə kiçik bir muxtar respublikada, Abxaziyada 4 ay ərzində qanunsuz gəzdirilən 3 mindən artıq silah aşkar olunub. Onların harada saxlanılması məsələsi müzakirə olunanda qərara alınıb ki, silahlar muxtar respublikanın mərkəzi olan Suxumi şəhərəindəki istintaq təcridxanasında saxlanılsın. İstintaq təcridxanasında saxlanılanlar isə bu məsələdən xəbərdar olublar.

Həmin ərəfədə təcridxanada 75 nəfər saxlanılıb. Onlardan 15-i qəsdən adamöldürmə, 8 nəfəri quldurluq və soyğunçuluq maddələri ilə ittiham olunublar.

Təcridxanada saxlanılanlardan ikisi – məhkəməsi sona çatmış Pavel Prunçak və Miron Dzidzariya məhkəmənin hökmü ilə ən ağır cəzaya, ölüm hökmünə məhkum ediliblər. Onların hər ikisi eyni kamerada, qeyri-rəsmi “ölüm kamerası” adlandırılan 7-ci kamerada saxlanılıb.

Təcridxananın daxili rejiminə görə hər gün səhər kameralar açılaraq təmizlik işləri aparılıb. Nizamnaməyə görə təmizlik işləri aparılanda kamerada növbətçi zabit və nəzarətçi dayanmalı imiş. Yalnız təmizlik aparan xidmətçi işini yekunlaşdırdıqdan sonra onlar kameraları tərk edə bilərmişlər. Ancaq 1990-cı ilin avqustun 11-də təcridxana əməkdaşları nizamnaməni pozublar.

Belə ki, səhər saatlarında xidmətçi kameraya daxil olanda növbətçi zabit kameraya gəlməyib, yalnız nəzarətçi qapının ağzında onu gözləyib. Əslində bu proses çox da uzun çəkməyib. Xidmətçi 2-3 dəqiqə ərzində kameranın döşəməsini nəm əski ilə silib çıxıb. Qeyd edək ki, həbsxanalardan fərqli olaraq istintaq təçridxanalarında kameralar mülki ştatlarda olan xidmətçilər tərəfindən təmizlənib. 

2-3 dəqiqə çox kiçik bir müddət olsa da, 7-ci kameranın “sakinləri” bu vaxtdan “səmərəli” istifadə ediblər. Ölüm hökmünə məhkum olunmuş Prunçak və Dzidzariya qapının yanında dayanmış nəzarətçini bir göz qırpımında içəri salıblar və dərhal digər iki nəfər növbətçi zabiti də öz xidməti otağından çıxarıb kameraya gətiriblər. Digər kameraların açarlarını ələ keçirən cinayətkarlar bütün kameraları qapılarını açaraq içəridəkiləri çölə buraxıblar.

Bundan sonra Pavel Prunçak silahlar saxlanılan otağı axtarıb və bunun üçün çox da vaxt sərf etməyib. Mərtəbənin sonundakı otaqda olan 3 mindən artıq silah ələ keçirilib. Çox qısa bir müddətdə təcridxananın bütün işçiləri kameralara salınıb. Yalnız bir nəfər, serjant Fyodr Vekua güllə yağışı altında təcridxana binasını tərk edə bilib və binadan çıxan kimi giriş qapısını arxadan bağlayıb.

Serjant həyəcan siqnalı verdikdən sonra hüquq-mühafizə orqanlarının rəhbərliyi və əməkdaşları dərhal təcridxananın qarşısına toplaşıblar. Təcridxana mühasirəyə alınıb.

Mövcud vəziyyətdə təcridxanaya hücum etmək mümkünsüz sayılıb. Bu çoxsaylı ölümlə nəticələnə bilərdi. Digər tərəfdən həm məhkumların, həm də girov götürülmüş təcridxana əməkdaşlarının yaxınlarının təcridxana qarşısına yığışması daha da sıxlıq yaradıb.

Tərəflər arasında danışıqlar başlanıb. İki gün ərzində bu danışıqlar heç bir nəticə verməyib. Pavel Prunçak və Miron Dzidzariya vertolyot tələb ediblər – onun birbaşa təcridxananın damına enməsini istəyiblər. Onlara başa salınıb ki, bu texniki baxımdan mümkün deyil.

Danışıqların növbəti mərhələsində vertolyotun Suxuminin mərkəzində yerləşən Lenin meydanına enməsi razılaşdırılıb. Danışıqlara görə, xüsusi avtobusla Prunçak özünə yaxın olan 22 nəfərlə və 3 girovla vertolyata minməsi, uçuş başlananda girovların buraxılması razılaşdırılıb.

Təcridxana qarşısında danışıqların aparıldığı vaxt Moskvada əməliyyat planı hazırlanıb. Dövlət Təhlükəsizlik Komitəsinin “Alfa” qrupundan 22 nəfər, Daxili İşlər Nazirliyinin xüsusi təyinatlılarından isə 27 nəfər Suxumiyə göndərilib. Əməliyyatın keçirilməsini DTK sədri Vladimir Kryuçkov birbaşa özü nəzarətə götürüb.

Nəhayət, 4 gündən sonra danışıqlara əsasən təcridxananın həyətinə “RAF-2233” mikroavtobusu verilib. Həmin avtobusa partlayıcı qurğu yerləşdirilib. Məqsəd içəridəkiləri məhv etmək yox, çaşqınlıq yaratmaq olub. Avtobus hərəkətə başlayandan 2 dəqiqə sonra mikroavtubusda kiçik partlayış baş verib. “Alfa” qrupunun üzvləri hücuma keçiblər, bir göz qırpımında 3 nəfər girov hərəkətdə olan avtobusun açıq qapısından çölə atılıb, ilk olaraq cinayətkar qrupun əsas üzvləri Pavel Prunçak və Miron Dzidzariya tərksilah olunaraq özləri girova çevriliblər və dərhal dəstənin digər üzvlərindən silahı yerə qoymağı tələb ediblər. Cinayətkarlardan yalnız bir nəfər müqavimət göstərməyə cəhd edib. Onun bu cəhdi elə yerindəcə Pavel Prunçak və Miron Dzidzariyanın güllələnməsi ilə nəticələnib.

Eyni vaxtda Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları təcridxana binasında əməliyyat aparıblar. İçəridə olanlar böyük peşəkarlıqla tərksilah olunaraq zərərsizləşdirilib və bu əməliyyat cəmisi 45 saniyə çəkib.

Beləliklə, 4 günlük danışıqlardan sonra 49 nəfər peşəkar əməliyyatçı 75 nəfər peşəkar və həm də silahlanmış cinayətkarı zərərsizləşdirməyə nail olublar.

Musavat.com