Soyuq müharibə dövrünün qurbanı: “Treşer”in faciəli aqibəti/Əziz Mustafa

0
390

Soyuq müharibə illərində belə demək mümkünsə SSRİ ilə ABŞ və onun müttəfiqləri arasında gizli müharibə dünyanın hər yerində, havada, suda və sualtında gedirdi. Bu da öz növbəsində çoxlu sayda müəmmalı hadisələrin baş verməsinə, hər iki tərəfdən təyyarələrin, sualtı qayıqların sirli şəkildə qəzaya uğraması və ya yoxa çıxması ilə müşayiət olunmağa başladı. O vaxt hər iki tərəf bunun arxasında qarşı tərəfin dayandığını bilsə də, bunu açıq şəkildə etiraf etməyə cəsarətləri çatmırdı və ya bununla bağlı digər tərəfin də analoji açıqlama verəcəyindən ehtiyat edirdlər. Bu baxımdan ABŞ tarixində ən böyük sualtı qayiqlardan olan “Treşer”in müəmmalı şəkildə qəzaya uğraması özü ilə çoxlu sayda ehtimallar ortaya çıxardı. “Treşer”in inşasına soyuq müharibə dövrünün ən qızğın çağlarında, 1958-ci il may ayının 28-də başlanıldı. Bu sualtı qayiq “akula-zindan” (thresher shark) adlanırdı. “Treşer” sovet sualtı qayıqlarının aşkar edilərək izlənilməsi və məhv edilməsi, həmçinin sualtından öncədən müəyyən edilən havadakı və qurudakı hədəflərin məhvi üçün nəzərdə tutulmuşdu. Bu məqsədlə “Treşer”in burun hissəsində güclü hidrolokator quraşdırılmış, onun göyərtəsində 50 kilometr məsafədə istənilən hədəfi məhv etməyə qadir olan atombaşlıqlı 4 torpedo atıcı qurğusu yerləşdirilmişdi. 1960-cı ildə suya buraxılan bu sualtıqayıq ən mürəkkəb şəraitdə sınaqdan çıxarıldı. Əvvəlcə onun sürətini və şərti düşmən sualtı qayığını izləməsini və onu məhv etməsini yoxladılar. Sonra “Treşer”in sualtı partlayışa nə qədər davamlı olmasını yoxlamaq məqsədi ilə dənizin dərin yerində güclü bomba partlatdılar. Adi sualtı qayıqların partlayışa dözməyərək məhv olmasına baxmayaraq “Treşer” bu partlayışdan ciddi zədə almadı. “Treşer”in komandiri, olduqca təcrübəli dənizçi hesab edilən kapitan-leytenant Con Uesli Xarvi bu güclü partlaışın qayığa təsir etmədiyini görəndə heyrətini saxlaya bilməyərək qışqırmışdı: “İndi bizi sovet sualtı qayıqları məhv edə bilməyəcəklər. Biz onlara- sovetlərə kim olduğumuzu sübut göstərəcəyik”,-demişdi.

Xarvi ABŞ-da inşa edilən ilk sualtı “Nautiluse” atom sualtı qayığının sınaqdan çıxarılması və onunla şimal qütbünü fəth etməsi ilə tanınırdı. “Treşer”in digər heyəti də böyük təcrübəsi olan dənizçilərdən ibarət idi və onlar yüksək peşəkarlığa mailik idilər.

Sınaq, yoxsa məhvə gedən yol?

1963-cü il aprel ayının 9-da “Treşer” Portsmut limanından çıxaraq yeni sınaq meydanına yollandı. Sualtı qayığı inşa edən mütəxəssislər onun minimum 300 metr, maksimum isə 330 metr dərinliyə enməsini planlaşdırmışdılar. Bu məqsədlə də Portsmut limanından 700 kilometr uzaqlıqda olan və dənizin dərinliyi 2 -5 kilometr hesab edilən ərazi sınaq meydanı kimi seçilmişdi. Sınaqdan sonra “Treşer” geri qayıdaraq ABŞ-da ilk sualtı qayığın suya buraxılmasının 63 illik yubileyində iştirak etməli idi. “Treşer”in hərbi təyinatlı sınaqları keçirməyəcəyini nəzərə alaraq onun göyərtəsindəki atombaşlıqlı 21 torpedonu limanda saxlamaq qərarına gəlmişdilər. Amma sınağın necə keçiriləcəyini müşahidə etmək üçün “Treşer”in göyərtəsində qayıq heyətindən əlavə mülki mühəndislər, hərbi və gəmiqayırma müəssisələrinin nümayəndələri daxil olmaqla 129 nəfər vardı. Gəmini hər ehtimalqa qarşı sınaq yerinə “Skaylark” xilasedici kateri müşayiət edirdi. “Skaylark”da 260 metr dərinlikdə qəzaya uğrayanların xilas edilməsi üçün nəzərdə tutulan xilasedici kapsul vardı.

Nə isə sınaq səhər saat 7-də başladı. Əvvəlcə hər şey öz qaydasında gedirdi. “Treşer” asanlıqla 120 metr dərinliyə endi. Halbuki əvvəllər “Treşer” çox təsadüfi hallarda 100 metr dərinliyə enirdi. “Treşer” əksər hallarda 80-90 metr dərinlikdə üzməyə üstünlük verirdi. Təxminən 1 saatdan sonra “Treşer” nəzərdə tutulan dərinliyə-330 metrə yaxınlaşmağa başladı. Sualtı qayıqdan məlumat verdilər ki, yüngül çətinlik hiss edirlər, ancaq ciddi problem yoxdur. Bunun ardınca gələn məlumat isə qarışıq cümlələrdən ibarət idi və heç nə anlaşılmırdı: “Çənləri yelləməyə cəhd edirəm… Sizə məlumat verəcəyəm”…

Saat 9.14-də “Treşer” ilə əlaqə kəsildi. “Skaylark” isə “Treşer”lə əlaqə saxlamaq üçün bütün cəhdlərini işə salmışdı. Amma əlaqə yox idi. Sualtı qayıq ilə əlaqə kəsiləndən bir neçə dəqiqə sonra “Skaylark”ın rabitə cihazında qəribə bir uğultu eşidildi. Hələ II Dünya müharibəsi illərində sualtı qayıqda xidmət edən təcrübəli şturman bu səsi Sualtı qayığın korpusunun parçalanması kimi dəyərləndirdi və dərhal da :” “Treşer” iki yerə parçalandı”,-dedi.

Dərhal həyəcan təbili ilə hərbi təyyarələr havaya qaldırıldı, yaxınlıqdakı limanlarda lövbər salan xilasedici gəmilər hadisə yerinə göndərildi. Amma onlar hadisə yerində 2-3 min metr ərazidə su üzərinə yayılan yağlı ləkədən başqa bir şey aşkar edə bilmədilər. Sualtı qayığa nə olmuşdu? Bunu müəyyən edə bilmədilər. Həmin dövrdə 330 metr dərinlikdə batan sualtı qayığın yerini müəyyən emək üçün xüsusi aparat olmadığından “ Treşer” lə bağlı nə baş verdiyini müəyyən etmək mümkün olmadı.

“Treşer” qəzasında SSRİ izləri?

“Treşer”in müəmmalı şəkildə qəzaya uğraması həmin dövrdə çoxsaylı ehtimalların meydana çıxmasına səbəb olmuşdu. Belə ehtimal edilirdi ki, “Treşer”in məhvinə səbəb SSRİ sualtı qayıqları olub. Bu ehtimalın ortaya çıxması da əsassız deyildi. Belə ki, soyuq müharibə illərində sualtında əsl bir-birini izləmə və təqib etmə “yarışı” gedirdi. Nəticədə dəfələrlə SSRİ və ABŞ sualtı qayıqları arasında toqquşma baş vermişdi. Həmin dövrdə okeanın hansısa yerində müəmmalı şəkildə ABŞ-a və ya SSRİ-yə məxsus sualtı qayıqların qəzaya uğraması barədə xəbərlər yayılsa da, onun mahiyyəti barədə məlumat verilmirdi. Yeri gəlmişkən onu da deyək ki, “Treşer”in, həmin dövrdə dünyada analoqu olmayan sualtı qayığın suya buraxılması xəbəri SSRİ-də narahtlıqla qarşılanmışdı. Ona görə də SSRİ sualtı qayıqları ABŞ limanlarını xüsusi nəzarət altında saxlayırdılar. Bəzi məlumatlara görə, SSRİ xüsusi xidmət orqanları həmin dövrdə “Treşer”in məhv edilməsi üçün xüsusi plan hazırlamışdılar. Həmin plana əsasən “Treşer”i yalnız dənizdə deyil, həm də lövbər saldığı limanda məhv etmək və ya onun daxilində partlayışa səbəb olacaq texniki təxribatın həyata keçirilməsi nəzədə tutulmuşdu. Hətta sınaq keçirilən əraziyə SSRİ sualtı qayıqlarının yaxınlaşdığı və gəmiyə 330 metr dərinliyə enəndən sonra raketlə atəş açdığı belə istisna edilmirdi. Amma o vaxt bunu təkzib və təsdiq etmək mümkün olmadı. Çünki əldə fakt yox idi.

“Treşer” tapılır

1982-ci ildə məşhur okeanqraf Robert Ballard 1912-ci ildə qəzaya uğrayan “Titanik” gəmisinin yerini aşkar etmək üçün aparat kəşf etdiyini bildirərək, ABŞ hökumətindən axtarışlara başlaması üçün icazə istədi. ABŞ hökuməti isə əvvəlcə “Treşer” və 1968-ci ildə müəmalı şəkildə batan daha bir sualtı qayığın- “Skorpion”un aşkar edilməsini, yalnız bundan sonra ona “Titanik” axtarmağa icazə veriləcəyini bəyan etdi. Ballard çarəsiz qalaraq buna razılıq verdi. 1985-ci ildə “Treşer” in batdığı ərazinin sualtı şəkilləri çəkildi. Məlum oldu ki, “Treşer”güclü partlayış nəticəsində xırda hissələrə parçalanıb. Su üzərinə çıxarılan sualtı qayıq qalıqlarının ekspertizası gösərdi ki, reaktorun soyutma hissəsinə trubka gümüşlə qaynaq əvəzinə adi qaynaqla birləşdirilib. Bu da nəticədə sualtına enən qayığın təzyiqlərə davam gətirməyərək dağılmasına gətirib çıxarıb

Amma bunu kim edib? Belə güman edilir ki, bu iş sualtı qayığıa qarşı düşünülmüş şəkildə həyata keçirilən təxribatla bağlıdır. Ola bilsin ki həmin vaxt sualtı qayığın inşasında SSRİ kəşfiyyatına işləyən hansısa mühəndis olub. Çünki əks halda qaynağın gümüş əvəzinə adi qurğuşunla aparılmasının qəzaya səbəb olacağı hətta mütəxəssis olmayan adama da belə məlum idi. ABŞ xüsusi xdmət orqanları həmin dövrdə “Treşer”in inşasında iştirak edən mühəndislərn kimliyi ilə maraqlandılar. Ancaq həmin mühəndislərin çoxu dünyasını dəyişdiyindən “Treşer”in təxribat nəticəsində məhv edildiyini sübut etmək mümkün olmadı. Ona görə də “Treşer”in müəmmalı şəkildə qəzaya uğramasının səbəbləri günümüzdə də sirr olaraq qalmaqda davam edir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

thirteen − two =