Son 10 ildə ABŞ-da qurbanlarının sayına görə ƏN BÖYÜK SİLAHLI İNSİDENTLƏR

0
527

Son 10 ildə ABŞ-da qurbanlarının sayına görə ƏN BÖYÜK SİLAHLI İNSİDENTLƏR

2017-ci il oktyabrın 2-nə keçən gecə ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərindəki “Mandalay Bay” otel-əyləncə kompleksinin yaxınlığında keçirilən musiqi festivalı zamanı insanların atəşə tutulması nəticəsində azı 50 nəfər həlak olub, 500-dən çox insan zərər çəkib. Bu faciə ABŞ-ın müasir tarixinə insanların atəş açılmaqla kütləvi şəkildə qətlə yetirildiyi ən qanlı hadisə kimi daxil olub.

Publika.az ABŞ-da 2007-ci ildən bəri silah işlətməklə törədilən və qurbanlarının sayına görə ən böyük terror aktları barədə məlumatları təqdim edir. Son 10 ildə on nəfərdən çox insanın ölümü ilə nəticələnən 9 belə hadisə baş verib.

2007-ci il aprelin 16-da Şimali Koreyadan olan və şizofreniyadan əziyyət çəkən Seung-Hui Cho adlı 23 yaşlı tələbə Virciniyanın Politexnik İnstitutunun yataqxana və təhsil kompleksində tapançalardan atəş açaraq 32 nəfəri qətlə yetirib, 25 nəfəri yaralayıb, sonra isə özünə qəsd edib.

2009-cu il aprelin 3-də Nyu-York ştatının Binqemton şəhərində 41 yaşlı vyetnamlı Jiverly Antares Vong miqrasiya mərkəzinin əməkdaşlarına və ziyarətçilərə tapançalardan atəş açıb. Nəticədə 13 nəfər həlak olub, 4 nəfər yaralanıb. Polis binanı mühasirəyə alarkən vyetnamlı özünü öldürüb. Cani hadisədən əvvəl yerli telekanallara yolladığı məktubda ingilis dilini pis bildiyinə görə alçaldıldığı üçün qisas almaq qərarına gəldiyini yazıb.

2009-cu il noyabrın 5-də Texas ştatında yerləşən Fort-Hud hərbi bazasında işləyən tibb xidməti mayoru, Fələstin əsilli amerikalı Nidal Malik Həsən tapançadan atəş açaraq İraq və Əfqanıstana getməyə hazırlaşan 13 hərbçini öldürüb, 29 nəfəri, o cümlədən 2 mülki şəxsi yaralayıb. Polisin açdığı atəş nəticəsində bir neçə yara alan Həsən iflic olub. O, məhkəmədə çıxış edərkən bu addımı dini inancı baxımından atdığını və bu yolla müsəlmanları qorumağa çalışdığını bildirib. 2013-cü ilin avqust ayında ölüm cəzasına məhkum edilib. Barəsində çıxarılan hökm hələ icra olunmayıb.

2012-ci il iyulun 20-də Kolorado ştatının Avrora şəhərində “Qara cəngavər: əfsanənin qayıdışı” filminin premyerasında bir nəfər zala gözyaşardıcı qumbara atıb və sonra tamaşaçıları tüfəngdən atəşə tutub. Nəticədə 12 nəfər həyatını itirib, 70 nəfər yaralanıb. Hadisədə şübhəli bilinən 24 yaşlı James Eagan Holmes polis tərəfindən saxlanılıb və 2015-ci il iyulun 16-da kütləvi qətldə günahkar bilinərək ömürlük həbs cəzasına məhkum olunub.

2012-ci il dekabrın 14-də yüngül autizmdən əziyyət çəkən 20 yaşlı Adam Peter Lanza iki tapança və tüfənglə silahlanaraq Konnektikut ştatının Nyutaun şəhərində yerləşən ”Sandy Hook” ibtidai məktəbində insanlara atəş açıb. Nəticədə 5-10 yaş arasında 20 uşaq və 6 nəfər yaşlı insan həlak olub. O, hadisədən öncə anasını da qətlə yetirib. Cani sonda özünü güllə ilə vuraraq intihar edib.

2013-cü il sentyabrın 16-da ABŞ Hərbi Dəniz Qüvvələrinin Kolumbiya dairəsində yerləşən “Vaşinqton-Neyvi-yard” gəmiqayırma və silahlandırma komandanlığının mənzil-qərargahında bu hərbi bazanın keçmiş işçisi 34 yaşlı Aaron Alexis tüfəng və tapançadan ətrafdakı insanlara atəş açaraq 12 nəfəri qətlə yetirib, 10 nəfərdən çox insanı yaralayıb. O, polis tərəfindən güllə ilə vurularaq öldürülüb.

2015-ci il dekabrın 2-də Kaliforniya ştatının San-Bernardino şəhərində fiziki imkanları məhdud insanlara yardım mərkəzinin konfrans zalına soxulan iki nəfər oradakı işçiləri tapança və tüfənglərdən atəşə tutub. İnsident nəticəsində 14 nəfər həlak olub, 17 nəfər yaralanıb. Polis hadisə yerindən qaçmağa cəhd edən 28 yaşlı Səid Fərruxu və onun 27 yaşlı həyat yoldaşı Təşfin Malikin avtomobilini atəşə tutaraq hər ikisini öldürüb. Hadisədən öncə onların İŞİD qruplaşmasına qoşulduğu bildirilirdi.

2016-cı il iyunun 12-də Florida ştatının Orlando şəhərində Əfqanıstan əsilli 29 yaşlı ABŞ vətəndaşı Omar Mətin qeyr-ənənəvi seksual oriyentirli şəxslərin toplaşdığı “Pluse” gecə klubuna hücum edərək 49 nəfəri öldürüb, 58 nəfəri yaralayıb. Hücum edən şəxs polis tərəfindən güllələnib. Reuters agentliyinin məlumatına əsasən, hücumun məsuliyyətini İŞİD qruplaşması üzərinə götürüb. (Azərtac)

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

15 − eleven =