“Siyabxan! Həbsdə çürüyəcəksən! Bilmirsən ki, hamı MTN-ə haqq verir?…”

0
674

Ləğv edilmiş MTN-nin rəhbərliyinin taxta biznesindən “töycü” yığdığı hələ Eldar Mahmudovun qruplaşmasının darmadağın edilməsindən əvvəl çoxlarına məlum idi. Mahmudov-Çovdarov qruplaşması həm özləri taxta biznesi ilə məşğul olurdu, həm bu bizneslə məşğul olan digər sahibkarlardan aylıq haqq toplayırdı. Haqq verməyənləri isə  qandallayıb MTN-ə aparır və onları öz qaydaları ilə “başa salırdılar”.

MTN-dəki cinayətkar qruplaşmanın taxta alveri ilə məşğul olanların başına hansı oyunları açması  haqda detallı şəkildə Çovdarov və digərlərinin işi üzrə artıq məhkəmə baxışı mərhələsində olan ittiham aktında da bəhs olunur. Bunlardan biri də Rusiyadan Azərbaycana taxta gətirib satan, habelə buradan İrana göndərən “Miraj” MMC-nin direktorunun və təsisçisinin başına gələnlərdir.

“Sən bilmirsən ki, hamı MTN-ə haqq verir?”

Zərərçəkmiş şəxs qismində ifadə verən Siyabxan Səmədov (MMC-nin direktoru) deyir ki, 2014-cü il payızın axırlarında tanımadığı şəxs ona zəng vurub və deyib: “MTN-dənik, səhər nazirliyə gəlməlisən”.

Zəng edən şəxs kimliyini açıqlamayıb, Siyabxanı nazirliyə niyə çağırdıqlarını deməyib. Siyabxan ertəsi gün yollanır MTN-ə, komendaturaya yaxınlaşıb ona zəng vurmuş şəxsin nömrəsini yığır, gəldiyini xəbər verir. Taxta alverçisini qapıda qarşılayırlar, MTN-nin binasına aparıb otaqlardan birinə salırlar. Siyabxanı dəhlizdə qarşılayan 40-45 yaşlı, adını bilmədiyi MTN işçisi deyir: “Sən bilmirsən ki, taxta ticarəti ilə məşğul olanların hamısı MTN-ə haqq verir. Bəs sən niyə bizi tanımırsan?”.

Sol tərəfdə narkotik, sağda civə, içəridə silah…

Siyabxan cavab verir ki, MTN-i tanıyır, ancaq sahibkarlardan hədə-qorxu yolu ilə haqq yığan  kimi yox, dövlətin milli təhlükəsizliyə cavabdeh nazirliyi kimi. Bu cavab MTN əməkdaşının xoşuna gəlmir, Siyabxana hədə qorxu gəlir: “Evinin girişinin sol tərəfində narkotik, sağında civə, şkafında isə silah çıxanda ağlın başına gələcək”.

Siyabxana indi aydın olur ki, hara düşüb və onu hansı aqibət gözləyir. MTN-çi ona deyir: “200 min dollar verməlisən. Əks halda bu deyilənlər sənin evindən çıxacaq!”. Taxta alverçisi yalvarmağa başlayır: “Neçə ildi işləyirəm, hələ də 2 otaqlı evdə yaşayıram. Cəmi 1 maşınım var, zəhmətlə, zülmlə qazandığımı uşağımın müalicəsinə xərcləyirəm”.

General Çovdarovun idarəsinin həmin işçisi guya yumşalır, dərhal məbləği yarıya endirir: “100 min!”

Ancaq Siyabxan razılaşmır, deyir ki, bu məbləğdə pul onda yoxdur, heç bu gedişlə olmayacaq da. Bu zaman MTN-çi “müəllimlə məsləhətləşməli olduğunu” deyib çölə çıxır. Bir neçə dəqiqədən sonra geri qayıdır, “Səlim müəllim (Çovdarovun rəhbərlik etdiyi Baş idarənin idarə rəisi, polkovnik Səlim Məmmədov, hazırda mühakimə olunur) çağırır”.

Polkovnik Səlim Məmmədov qışqırıb dedi…

Əməkdaş onu Səlimin otağına aparır. İçəri girən kimi Səlim deyir: “Siyabxan! Sən bilirsən ki, türmədə çürüyəcəksən! Niyə tələb olunan pulu vermirsən?”

Siyabxan yenə təkrarlayır ki, onda 100 min dollar yoxdur və olmayacaq. Bu zaman Səlim məbləği yarıya endirir, taxta alverçisinə qışqırıb deyir: “Konkret 50 min gətirməsən burdan çıxa bilməyəcəksən!”. Daha sonra Səlim işçilərinə əmr edir ki, Siyabxanı qaytarsınlar həmin otağa. Orada 3-4 nəfər idmançı görkəmli MTN-çi Siyabxanı hədələyir, təhdid edir və pulu verməsə “içəri basacaqlarını” deyir. Nəhayət Siyabxan razılaşır, pulu düzəltmək üçün bir həftə vaxt istəyir: “Gedim maşınımı satım, bir vaqon da taxta satıb üstünü düzəldim”.

MTN-in yaxınlığında, şam ağacının altında…

Taxta ticarətçisi belə də edir, “Toyota Prado” avtomobilini 32 min dollara satır, bu puldan 30 min manatını götürür, satdığı taxtanın pulundan 15 min manat üstünə əlavə edir, cəmi 45 min manat düzəldir. Səlimə xəbər göndərir ki, pul hazırdır. Səlim tapşırır ki, Siyabxan MTN-nin qarşısına gəlib ona xəbər versin. 2014-cü ilin payızının sonlarında o, MTN-in yaxınlığındakı şam ağaclarının altında Səlimlə görüşür və pul bağlamasını çatdırır. Səlim bağlamanı açmadan məbləği soruşur. Siyabxan “45 min manatdı, dollara çevirəndə 50 mindən də çox edir” deyir. Səlim “Səndən bir az da taxta götürəcəm” deyib gedir. Sonralar Səlim taxta məsələsinə görə bir neçə dəfə də onunla əlaqə saxlayır.

 

Çovdarovun kürəkəni hücuma keçir

Lakin Siyabxanın başına gələnlər bununla bitmir. Bir müddət sonra ona Çovdarovun kürəkəni Rəşaddan (Rəşad Əmircanov, MTN-in polkovnik-leytenantı, şöbə rəisi) ona zəng gəlir. Kürəkən bildirir ki, Siyabxan və “Miraj” MMC-nin təsisçisi İntizam Ağakişiyev Dövlət Statistika Komitəsinin yanındakı binanın altında yerləşən restorana gəlməlidir. Bu hadisə 2015-ci ilin əvvəllərində baş verirdi.

S.Səmədov və İ.Ağakişiyev deyilən yerə gedirlər. Çovdarovun kürəkəni görüşə tək gəlir. Söhbətə başlayıb deyir ki, onların Keşlə yük stansiyasında taxta alveri ilə məşğul olan “İP Namazov” adlı şirkəti var. Bu səbəbdən “Miraj” MMC ya öz fəaliyyətini dayandırmalı, ya da onlara aylıq haqq verməlidir. Lakin bu hədəyə baxmayaraq Siyabxan və ortağı daha bir neçə ay fəaliyyətlərini davam etdirirlər.

Qara maskalıların basqını: “Sizə deməyiblər işi dayandırın?”

Aradan bir neçə ay keçmiş 7-8 nəfərdən ibarət MTN qara maskalısı “Miraj” MMC-nin Keşlə bazarının qarşısında, “Kiyev” restoranının yaxınlığında yerləşən iki ofisinə basqın edir, heç bir səbəb göstərmədən Ağakişiyevi qamarlayıb aparırlar. MTN-çilərdən bir hissəsi Siyabxanın oturduğu ofisə daxil olur və sənədləri yığışdırır. Bu vaxt onlardan birinə zəng gəlir. Zəng vuran şəxs Siyabxanın özünü də MTN-ə gətirməyi əmr edir.

Sahibkar deyir ki, MTN-çilər onun ofisinə basqın edəndə “sizə deməyiblər ki, işləməyəsiz?” deyiblər. Başa düşür ki, basqınçıları onların üstünə göndərən Çovdarovun kürəkənidir.

Siyabxan az qalıbmış ki, özünü öldürsün…

Siyabxanı və İltimzamı MTN-ə aparırlar, Çovdarovun işçiləri onlara hədə-qorxu gəlir, pul verməli olduqlarını deyir. Rəşad özü də onlara barmaq silkələyib xəbərdar edir ki, “içəri basdıracaq”. Ancaq onları bir neçə saatlıq hədə-qorxudan sonra MTN-dən buraxırlar. Siyabxan Səmədov deyir ki, ertəsi gün işə qayıdıb, qapıları açıb və işçilərə işə davam etməyi tapşırıb. Ancaq özü Çovdarovun adamlarının təzyiqindən cana doyubmuş və az qalıbmış ki, özünü öldürsün…

Nəhayət Eldar Mahmudovun ulduzu sönür, Siyabxan onun işdən azad edilməsini eşidəndə Səlimə zəng vurur, verdiyi 45 mini geri tələb edir. Əks halda şikayət edəcəyini bildirir. Səlim isə “bir həftə vaxt” istəyir. Ancaq çox keçmədən onun özünü tutub basırlar “içəri”…

Virtualaz.org

BIR CAVAB BURAXIN