“Şalvarımı soyundurub çəkdilər…”

0
645

“İşgəncələrə birtəhər dözürdüm. Şalvarımı soyunduranda dedim, «gətirin, nəyə istəyirsiz, qol çəkim»”.

Bakı sakini Araz Orucov AzadlıqRadiosu-na məruz qaldığı işgəncələrdən və qanunsuz həbsindən danışır.

“TEZ-TEZ OTAQLARI DƏYİŞİR, DÖYÜRDÜLƏR”

Bakıxanov qəsəbəsindəki “Həyat yolu” şadlıq evində ofisiantlıq edib həm anasını, həm də özünü dolandıran Arazın həyatını kabusa döndəriblər. Gənc həyatının 1 ilini törətmədiyi bir cinayətə görə Kürdəxanıdakı İstintaq təcridxanasında keçirməli olub. Həmin müddətdə həm sağlamlığını, həm də ev-eşiyini itirib.

İddiasına görə, onun və anasının həyatını iflic vəziyyətə salansa polislər olub:

“Keçən il mayın 8-də iş yoldaşım zəng vurdu ki, “dur gəl, işdə görüşək”. Evdən azca aralanmışdım ki, mənimlə qarşı-qarşıya gələn beş nəfər üstümə hücum çəkdi. Tutub qollarımı qandalladılar, maşına oturtdular. “Nə baş verir” deyə soruşanda, dedilər, “darıxma, bölməyə çataq, biləcəksən”. Məni 37-ci polis bölməsinə gətirdilər, dedilər, “yaşadığın ərazidə iki evə oğurluğa girmisən, de görək, kiminlə olmusan, nə aparmısan”. Bildirdim ki, başımı aşağı salıb, ofisiantlığımı edib anamla özümü dolandırıram. Oğurluq, narkotika, dələduzluq – ümumiyyətlə, cinayət mənlik deyil. Bölməyə gətiriləndən az sonra işgəncə maşını işə düşdü, qollarımı, ağzımı, gözümü yapışqanla bağlayıb dəyənəklə, yumruq-təpiklə döyməyə başladılar. Tez-tez otaqları dəyişir və döyməyə davam edirdilər. Mən vəkil tələb etdikcə, onlar döydülər. Deyirdilər ki, hər iki evin sahibi üzünə duracaq ki, oğru sənsən. Döyülməkdən bir iş aşmadıqda, başımdan bədənimə cərəyan verdilər. Dedim, «ölsəm də etmədiyim cinayəti boynuma götürməyəcəyəm»”.

“ŞALVARIMI SOYUNDURDULAR”

Ancaq deməsinə görə, şəxsiyyətinin təhqirinə keçəndə razılaşmalı olub:

“Şalvarımı soyundurdular, lüt elədilər, məni çəkdilər. Dedilər, “onsuz da əlimizdəsən, sənədləşdirəcəyik, “sroka” gedəcəksən, hansı “zona” gedib düşsən, bu çəkilişdən sonra orada günün qara olacaq”. Dedim, “gətirin, nəyə istəyirsiz, qol çəkim”. Zərərçəkən kişi də Əli adlı polisin sinif yoldaşı idi. Üzümə onu durğuzdular. Dedi, oğru budur”.

“Etirafedici ifadələri” alındıqdan sonra onu Xətai rayon Məhkəməsinə aparıb barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. 1 il Bakı istintaq Təcridxanasında saxlanılıb:

“Bu bir ildə heç bir istintaq hərəkəti aparılmadı, mənə psixoloji təsir etmək üçün bir neçə dəfə müstəntiq gəldi, dedi, “onsuz da bu cinayət sənin üstündədir, artıq gecdir” və sairə…”

ƏSL OĞRULAR HƏBS OLUNUB

Bu ilin mayında kameranın qapısı açılıb və ona azadlığa çıxması ilə bağlı qərar olduğu bildirilib. Sən demə, Arazın üzərinə yıxdıqları oğurluq faktlarının üstü açılıb və əsl oğrular həbs olunub.

Bu xəbər Arazdan ötrü bəlkə də həyatında eşitdiyi ilk sevindirici xəbər idi. Ancaq ömrü uzun sürməyən bir sevinc hissi… Araz deyir, təhsilsiz, ətrafdan xəbərsiz anasının aldadıldığını, ötən bir ildə ev-eşiklərinin əllərindən çıxdığını biləndə həyatın növbəti və daha ağır zərbəsini alıb:

“İki nəfər anamın çarəsiz durumundan faydalanaraq mənim azad olunmağıma vasitəçi kimi kömək edə biləcəklərini deyib, anamdan pul istəyib. Anam da evimizi qısa müddətdə çox ucuz qiymətə satıb, pulu onlara verib. Aldadıldığını anlayanda isə gec olub”.

POLİS DEYİR, İŞGƏNCƏ OLMAYIB

İndi Araz Orucov işgəncəyə və qanunsuz həbsdə saxlanmaya görə məhkəməyə müraciət etməyə hazırlaşır. O, işgəncə verən polis əməkdaşları barəsində cinayət işi qaldırılmasını, 1 il qanunsuz həbsdə saxlanılmasına görə maddi və mənəvi kompensasiya tələbi qaldırmaq fikrindədir. Bu işdə ona yardımçı ola biləcək vəkil axtarışındadır.

Anası isə evini satdırıb pullarını mənimsəyənlərdən Xətai rayon prokurorluğuna şikayət edib. Hətta onlardan biri həbs olunub.

Xətai rayon polis idarəsinin 37-ci polis bölməsindən “Qaynar xətt”ə bildiriblər ki, Araz Orucova qarşı hər hansı işgəncə olmayıb. Etmədiyi cinayəti boynuna almasına gəlincə, bölmədə belə hesab edirlər ki, əməkdaşlar vətəndaşla yüksək səs tonunda danışdıqlarından o, qorxuya düşərək törətmədiyi cinayəti üzərinə götürüb.

Azadlıq radıosu

BIR CAVAB BURAXIN