Şahmar Ələkbərovun aktrisaları təhlükə altına qoyan son mübahisəli filmi

0
960


Arazinfo.com Moderator.az-a istinadən  mərhum aktyor-rejissor Şahmar Ələbərovun ömrünün sonunda, xəstə-xəstə lentə aldığı son film-“Sahilsiz gecə” barəsindəi maraqlı faktı təqdim edir:
Mərhum Şahmar Ələkbərovun son ekran işi olan film çəkildiyi  1989-cu ildə böyük səs-küyə səbəb oldu. “Sahilsiz gecə”nin baş qəhrəmanı Zibeydə müharibə dövründə əxlaqsızlığa düçar olmuş qadındır. Onu bu yola çəkən adamlar arasında bir erməni qadını da var. Həyatının böyük hissəsini bu mühitdə keçirən Zibeydənin mənəvi oyanışı yalnız ahıl yaşında baş verir. Kənddə iki gəncin sevgisinə şahid olan qadın əvvəlcə bu sirri saxlamaq üçün ödənc istəyir, lakin sonra xatirələr burulğanında öz nakam məhəbbətini yada salır və fikrindən vaz keçir…
Bu film ekrana çıxdığı gündən böyük mübahisələr doğurdu. “Azərbaycan qadınının keşiyində duran” bəzi şəxslər Şahmar Ələkbərovun ekran işini “daş-qalaq etdilər”. “Sahilsiz gecə” cəmi bir neçə dəfə nümayiş olunduqdan sonra ekranlardan biryolluq itdi. Ona münasibət bu gün də birmənalı deyil.
Hətta aktrisaları hədələyənlər də az olmayıb. Filmdə çəkilən aktrisalardan biri vaxtilə bu sətirlərin müəllifinə verdiyi açıqlamada film haqqında maraqlı detalları bilmək mümkündür:
“Film nümayiş olunanda bəzi etirazlara səbəb oldu. Həmin vaxt Şahmar Ələkbərov bərk xəstə olsa da, belə şeylərə fikir vermirdi. Çox peşəkar yanaşırdı və deyirdi ki, belə şeylər olur. Amma mənim haqqımda da deyirdilər ki, guya o filmdən sonra məni döyüblər. Bu tamamilə yalandı. Amma mən bu gün də sevinirəm ki, “Sahilsiz gecə”yə çəkilmişəm. Çünki Şahmar Ələkbərov kimi bir adamla işləmişəm”.
Mərhum aktrisa Nuriyyə Əhmədova isə ömrünün sonunda verdiyi müsahibədə film haqqında daha açıq məqamlara toxunmuşdu:
“Bir dəfə Şahmar zəng elədi ki, kinostudiyaya gəlmə, burda millət doludur, səni öldürərlər. Demə, qadınlar kinostudiyanın həyətinə yığışaraq etiraz edib qışqırırmışlar. Sonradan məlum oldu ki, bu piketin keçirilməsində kinostudiyada işləyən ermənilərin də əli varmış. Əslində filmdə etiraz ediləsi məqam yox idi. Orda sadəcə olaraq qadınların müharibə vaxtı düşdüyü mühit göstərilirdi. Göstərilirdi ki, müharibə qadınları özləri istəmədən fahişəliyə düçar edir. Və o vaxt elə mövzuda film çəkmək çətin bir iş idi. Çox təəssüf ki, o cür ekran əsəri yiyəsiz qaldı”.
Elmin Nuri

BIR CAVAB BURAXIN