“Səbr edin, bəlkə nə vaxtsa…” – Zaxarovadan kinayəli cavab
Xəbər verdiyimiz kimi, Kiyevin Peçerskiy rayon məhkəməsi Rusiya Müdafiə naziri Sergey Şoyqunun həbsinə icazə verib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova feysbuk hesabında Peçerskiy rayon məhkəməsinin qərarını şərh edib.
“Kiyevin Peçerskiy rayon məhkəməsi Müdafiə naziri Sergey Şoyqunun həbsinə dair qərar verib. Bu, güclü hekayədir: Rusiya ilə döyüşmək üçün Müdafiə nazirini rayon məhkəməsinə çağırmaq! Bu ki, əladır! Bəs niyə ancaq onu çağırıblar?! Axı məhkəmə tankçıları da Ukrayna sərhədlərini pozmaqda ittiham edir… Belə anlaşılır ki, tankçılar təqsirkar deyillər, ya da rayon məhkəməsi onların həqiqətən də nəzakətli olmaqdan imtina edib Kiyevin Peçerskiy rayon məhkəməsinə qədər gedib çıxacaqlarından qorxub.
Peçerskiy məhkəməsinin məntiqini anlayıram. Onlar da istəyirlər ki, nəhayət Ukraynada da normal Müdafiə naziri olsun. Lakin bunun üçün bizdən Sergey Kujuqetoviçi güclə almaq düzgün deyil! Səbr edin, bəlkə sizin də nə vaxtsa şansınız gətirər!”, – M. Zaxarova yazıb.