Rusiyadan Azərbaycana artan təzyiqlər nəyə xidmət edir? ANALİZ

0
726

 

Son vaxtlar Rusiyada Azərbaycan əleyhinə xoşagəlməz bir münasibət hiss edilməkdədir. Bu daha çox bir vaxtlar bağlı qapılar arxasında ölkəmizə münasibətdə həyata keçirilən ikili oyunların, daha dəqiq desək Ermənistanın müdafiəsinin açıq müstəviyə çıxarılması ilə bağlıdır. Hər halda bu ilin yanvar ayının 17-də xarici işlər naziri Sergey Lavrovun KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın daxili işi olmadığını söyləməsini, bunun ardınca Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyətinin dayandırılması istiqamətində atılan addımları, Moskvada keçirilən paradda qondarma Dağlıq Qarabağın “bayraqlarının” dalğalandırılmasına göz yumulmasını təsadüfi adlandırmaq çətindir. Buna paralel olaraq Putinin ən yaxın adamlarından biri, Kremlin ideoloqlarından hesab edilən Duqinin Rusiyanın münaqişənin həllində indiki vəziyyətin qorunub saxlanılmasında maraqlı olduğunu və status-kvonun dəyişdirilməsinə imkan verməyəcəyini, Bakının ən yaxşı halda Qarabağ ətrafındakı işğal edilmiş 7 rayondan yalnız 5-nin azad ediləcəyinə ümid edə biləcəyini deməsi də anti Azərbaycan siyasətinin açıq müstəviyə keçirilməsi kimi dəyərləndirilə bilər. Rusiyanın neytral mövqedən geri çəkilərək açıq şəkildə münaqişənin həllində Ermənistanı müdafiə etməsinin arxasında erməniəsilli xarici işlər naziri Sergey Lavrovun dayandığı ehtimal edilir. Hər halda ötən ilin aprel döyüşləri göstərdi ki, Lavrov açıq şəkildə Ermənistanı müdafiə edir. Moskvanın münaqişənin həllində neytal mövqedən geri çəkilməsi və anti Azərbaycan mövqeyini ortaya qoyması təbii ki, çoxsaylı suallar ortaya çıxarıb: Bəs Rusiyanın təcavüzkar Ermənistanı açıq şəkildə müdafiə etməsinin arxasında nə dayanır? Məsələ ilə bağlı “Yeniavaz.com”a açıqlamasında politoloq Qabil Hüseynli Rusiyada o cümlədən Sankt-Peterburqda və Moskvada hərbi paradlar zamanı baş verənləri müəyyən güclər tərəfindən iki ölkə arasında vəziyyəti gərginləşdirmək cəhdləri kimi dəyərləndirdi: “Şübhəsiz ki, baş verən son hadisələr azərbaycanlıar arasında ruh düşgünlüyü yaradılmasına yönəlib. Rusiyanın bölgədə maraqları var və onun hər vasitə ilə qoruyub saxlamağa çalışır. Duqinin Bakıya son səfərini də mən bu baxımdan Azərbaycana Moskvadan verilən mesaj kimi dəyərləndirirəm. O Azərbaycan rəhbərliyinin nəzərinə münaqişənin həllinə münasibətdə Rusiyanın mövqeyini çatdırdı. Duqinin Bakıdakı açıqlamaları da göstərdi ki, Rusiya bölgədə vəziyyətin dəyişməsinə imkan verməyəcək”.

Rusiyanın anti Azərbaycan siyasətində xarici işlər naziri erməni əsilli Sergey Lavrovun oynadığı rola gəlincə, politoloq burada da təəccüblü bir şeyin olmadığını söylədi: “I Pyotrdan başlayaraq ermənilər Rusiyadan özlərinin maraqlarının təmini üçün istifadə etməyə başlayıblar. Belə bir siyasət bu gün də davam edir”.

Millət vəkili, politoloq Fəzail İbrahimli isə Rusiyada hazırda özünü göstərən anti Azərbaycan siyasətinin arxasında dövlətin deyil, ayrı-ayrı güclərin dayandığını söylədi: “Rusiyanın dövlət siyasəti həmişə Azərbaycanla qarşılıqlı maraqların təmini üzərində qurulub. Bu baxımdan son dövrlərdə Rusiyda özünü göstərən anti Azərbaycan ovqatı dövlət siyasəti deyil. Rusiyadakı bəzi güclər müxtəlif yollarla ölkədə Azərbaycan əleyhinə düşmənçiliyi körükləyirlər. Yəni harada erməni varsa, orada hökmən anti Azərbaycan təbliğatı gedir. Bütün bunlara baxmayaraq Azərbaycanla Rusiya arasında səmimi münasibətlər var. Ona görə də bəzi qüvvələr bu münasibətlərə xələl gətirmək məqsədi ilə hər vasitəyə əl atırlar”.

Rusiyada Azərbaycana qarşı düşmənçiliyin qızışdırılmasında Lavrovun rolu ola bilməsi ehtimalına gəlncə, Fəzail İbrahimli erməni lobbisinin adı çəklən ölkədə güclü olduğunu vurğuladı: “Amma yenə də qeyd etmək istəyirəm ki, bu, Rusiyanın dövlət siyasəti deyil. Onun axasında iki ölkə arasında münasibətləri gərginləşdirməyə çalışan güclər dayanır”.

Əziz Mustafa

BIR CAVAB BURAXIN