Rusiya xüsusi xidmət orqanları xaricdəki rejim əleyhdarlarını necə məhv edirdilər?/Əziz Mustafa

0
734
Image of killer pointing his gun at camera with focus on its muzzle; Shutterstock ID 69244597; PO: aol; Job: production; Client: drone

Rusiyada çarizmi devirərək hakimiyyətə gəldikləri ilk günlərdən Leninin başçılıq etdiyi bolşevik rejiminin əsas məqsədi öz əleyhdarlarını terror yolu ilə aradan qaldırmaq olmdu. Bu müstəvidə də Rusiya xüsusi xidmət orqanları 100 ilə yaxın bir müddətdir ki, terroru özlərinin əsas silahına çevirərək minlərlə günahsız insanları məhv etdilər. On illərlə Rusiya xüsusi xidmət orqanları xaricdəki rejim əleyhdarı gücləri məhv etmək üçün xüsusi əməliyyat planları hazırladılar. Rusiya xüsusi xidmət orqanlarının xaricdə həyata keçirdikləri qalmaqallı terror aktları həmişə beynəlxalq aləmdə təşvişlə qarşılandı. Qərbin aparıcı dövlətləri olan ABŞ, İngiltərə, Fransa, Almaniya kimi ölkələr belə Moskvanın həyata keçirdiyi terror aktlarının qarşısını almaqda çətinlik çəkirdilər. Çünki adları çəkilən ölkələrin xüsusi xidmət orqanları əksər hallarda rusların terror aktlarını harada və kimə qarşı keçirəcəklərini müəyyən etməkdə çətinlik çəkirdilər.

İlk qurban çar generalı Aleksandr Kutepov oldu

Keçmiş çar imperiyasını demək olar ki, onun vaxtı ilə mövcud olan hüdudları daxilində bərpa edən bolşeviklər həmin dövrdə xaricə qaçmağa məcbur olan rejim düşmənlərinin hər addımlarını izləyirdilər. Bu çərçivədə də onları məhv etmək üçün Lenin və onun əlaltısı, cəllad kimi ad çıxaran Stalin tərəfindən xüsusi xidmət orqanlarına xaricdəki rejim düşmənlərini məhv etmək barədə xüsusi tapşırıq verilmişdi. Bu məqsədlə də SSRİ xüsusi xidmət orqanları tərəfindən ayrı-ayrı adamları aradan qaldırmaq üçün terror planı hazırlanmışdı. Bu planın ilk hədəfi isə həmin dövrdə Parisdə yaşayan keçmiş çar generalı Aleksandr Kutepov oldu. Aleksandr Kutepov ötən əsrin 20-ci illərinin əvvəllərində bolşevik təqibindən yaxa qurtarmaq üçün qaçıb Fransaya sığınmışdı. O, Parisdə bolşevik rejimi əleyhinə təbliğat aparır, eyni zamanda SSRİ daxilində rejimə qarşı mübarizə məqsədi ilə gizli antibolşevik qruplar hazırlayırdı. Bunu nəzərə alan SSRİ xüsusi xidmət orqanları Kutepovu zərərsizləşdirmək üçün Fransaya xüsusi terrorçu qrup göndərdi. Parisdə uzun müddət generalın hər addımını izləyən bu terrorçu qrup onun ətrafındakı adamlardan birini ələ almağa müvəffəq oldu. Onlar həmin adam vasitəsi ilə morfidən istifadə etməklə generalı oğurlaya bildilər. Əvvəlcə Kutepovu SSRİ-yə gətirmək planlaşdırılmışdı. Lakin buna nail olmayanda onu aradan qaldırmaq üçün generala verilən morfinin miqdarını artırdılar. Nəticədə, Kutepov bundan dünyasını dəyişdi.

8 il sonra SSRİ xüsusi xidmət orqanları daha bir terror planını həyata keçirdilər. Bu dəfə onların qurbanı xaricdəki Ukrayna millətçilərinin rəhbəri Yevgeni Konovalts oldu. Konovalts xaricdə SSRİ ilə mübarizə üçün xüsusi silahlı dəstələr yaratmaqla məşğul idi. Konovaltsın öldürülməsi terror ustası hesab edilən agent Pavel Sudoplatova tapşırıldı. Pavel Sudoplatov Konovaltsın rəğbətini qazanmaq üçün xeyli tər tökməli oldu. Onun etimadını qazandıqdan sonra dərhal Moskvanın tapşırığını həyata keçirdi. 1938-ci il may ayının 30-da Hollandyanın Rotterdam şəhərində Konovaltsla görüşən Sudoplatov ona içində bomba gizlədilən konfet qutusu verdi. Heç nədən şübhələnməyən Konovalts konfet qutusunu açmaq istəyərkən bomba partladı. Dəhşətli partlayış nəticəsində Ukrayna millətçilərinin rəhbəri hadisə yerindəcə dünyasını dəyişdi. Pavel Sudoplatov isə hadisə yerindən qaçaraq gizlənə bildi.

Trotski balta ilə şaqqalandı

Bolşeviklərin hakimiyyətə gəlməsində müəyyən xidmətləri olan və vaxtı ilə onlar arasında Lenindən sonra ikinci adam hesab edilən Trotski rejim tərəfindən həyata keçirilən sərt terror hərəkətlərini bəyənmirdi. O, SSRİ-də sosializmin daha yumşaq əsaslarla və uzun müddət ərzində tədricən qurulmasının tərəfdarı idi. Bunu açıq şəkildə dediyinə görə özünü daha çox leninçi kimi göstərən Stalin və ətrafındakılar addımbaşı Trotskini gözdən salmağa başladılar. Bu da Stalinin ətrafında daha çox rejim tərəfdarının toplanmasına gətirib çıxardı. Leninin ölümündən sonra dərhal özünü onun varisi elan edən Stalin ölkədə hakimiyyəti ələ aldı. Bundan sonra Trotski və ətrafındakılar xalq düşməni elan edildilər. Nəticədə, tezliklə həbs ediləcəyini hiss edən Trotski ötən əsrin 20-ci illərinin sonlarında xaricə mühacirət etməyə məcbur oldu. SSRİ xüsusi xidmət orqanlarının əli çatmasın deyə o, yaşayış yeri kimi Meksikanı seçdi. Lakin Stalin rejimi burada da onu sakit buraxmadı. Trotskiyə bir neçə dəfə sui-qəsd cəhdinə baş vuruldu. Lakin hər dəfə olduqca ehtiyatlı olan Trotski ölümdən yaxa qurtara bildi. 1940-cı ilin may ayında Moskvadan Meksikaya xüsusi hazırlıq görən terror qrupu göndərildi. Onlar Trotskinin yataq otağına hücum edərək oranı atəşə tutdular. Lakin Trotski işini ehtiyatlı tutaraq digər otaqda yatdığından onu öldürmək cəhdi boşa çıxdı. Bunu görən SSRİ xüsusi xidmət orqanlarının əməkdaşı, Trotskinin öldürülməsi planına rəhbərlik edən Pavel Sudoplatov digər bir planı işə saldı. O, Trotskinin ətrafına yeridilən yerli casus Ramon Merkederdən istifadə etdi. Merkeder xüsusi tapşırıqla Trotskinin yanına göndərildi. Trotskiyə əlyazmasını oxumasını xahiş edən Merkeder onun başının qarışmasından dərhal istifadə etmək qərarına gəldi. O, paltosunun altında gizlətdiyi balta ilə başı yazını oxumağa qarışan Trotskini şaqqaladı. Hadisə yerinə Trotskinin mühafizəçiləri gələndə artıq gec idi. Ramon Mekederi hadisə yerində yaxalayaraq həbs etdilər. Ona Trotskini öldürməyə görə 20 il həbs cəzası verildi. Həbs müddəti başa çatandan sonra Merkeder SSRİ-yə gəldi. Ona, Trotskini öldürən terrorçuya SSRİ-də Sovet İttifaqı Qəhrəmanı adı verildi. Ötən əsrin 70-ci illərində Merkeder Kubaya gedərək orada xarici işlər nazirinin məsləhətçisi işləməyə başladı.

Terror müharibədən sonra da davam etdi

İkinci Dünya Müharibəsi başa çatandan sonra da KQB-nin xaricdə terror qırğınları davam etdi. 1945-1960-ci illərdə xaricdəki rejim əleyhdarı yüzlərlə insan məhv edildi. Onların arasında məşhur azərbaycanlılar, o cümlədən Düdənginski də var idi. 1957-ci ildə Moskva Münhendəki Ukrayna millətçilərinin rəhbəri Lev Rebeti məhv etmək planını işə saldı. Bu məqsədlə də KQB agenti zəhərli mayeni pistolet vasitəsi ilə Rebetin süfətinə piskürtməli idi. Bundan məqsəd qətlin izini itirməyə hesablanmışdı. Rebetin öldürülməsini terrorçu-casus Boqdan Staşinski həyata keçirdi. Almaniyanın ən mahir həkimləri belə Rebetin nədən öldüyünü və hansı yolla zəhərlənməyə məruz qaldığını müəyyən edə bilmədilər. Bundan sonra Staşinskiyə eyni metodla Ukrayna milli hərəkatının ən görkəmli nümayəndələrindən olan Banderanı aradan qaldırmaq tapşırıldı. 1959-cu il oktyabr ayının 15-də Banderanın evinin girəcəyində Staşinski onun sifətinə pistoletdən Rebeti öldürdüyü zaman istifadə etdiyi zəhəri püskürtdü. Lakin pistolet yaxşı işləmədi. Bandera dərhal köməyə adam çağırdı. Staşinski qaçdı. Kömək gələndə üzündə cüzi cırmaq yeri olan Bandera sağ idi. Əvvəlcə ona heç nə olmayacağı güman edildi. Lakin qanına zəhər yeriyən Bandera həkimə aparılarkən yolda keçindi. Bundan bir neçə il sonra izi itirmək üçün KQB tərəfindən öldürüləcəyini hiss edən Staşinski Qərbi Almaniyaya qaçaraq hökumət orqanlarına təslim oldu. Ona 8 il iş verdilər. Həbsdən çıxandan sonra isə Staşinski izsiz-tozsuz yoxa çıxdı. Onun SSRİ xüsusi xidmət orqanları tərəfindən ələ keçirilərək satqınlığa görə məhv edildyi və ya ABŞ-a qaçaraq gizləndiyi ehtimal edilir.

SSRİ xüsusi xidmət orqanları tərəfindən terror 70-ci illərdə də davam etdi. 1978-cı il sentybar ayının 7-də BBC radiostansiyasının ofisindən çıxarkən bolqar dissident və yazıçı Georgi Markov KQB tərəfindən hazırlanan zəhərli çətirlə silahlanan agentin hücumuna məruz qaldı. Bolqar dissident zəhərli çətirin təsadüfən özünə dəydiyini zənn edərək bədəninin cüzi cızılmasına fikir vermədi. Bədəninə zəhər yeriyən Markov ertəsi gün güclü zəhərlənmədən dünyasını dəyişdi. Onu öldürən qatili isə tapmaq mümkün olmadı.

Litvinenkonun səs-küylü qətli

2000-ci illərin əvvəllərindən başlayaraq Rusiya xüsusi xidmət orqanları yenə də rejim əleyhdarı gücləri müxtəlif yollarla aradan qaldırmağa başladılar. Bu çərçivədə də növbəti qurban Aleksandr Litvinenko oldu. Peşəkar casus olan Litvinenko 2000-ci illərin əvvəllərində İngiltərəyə qaçaraq bir çox sirləri xarici kəşfiyyata vermişdi. Ona görə də, Litvinenkonun aradan qaldırılması qərara alınmışdı. 2006-cı ildə Litvinenko xaricə “qaçan” agentlər Andrey Luqovoy və Dmitri Kovtun ilə görüşdü. Görüş zamanı “qaçqın” casuslar fürsətdən istifadə edərək onun çayına zəhərli maddə olan polonium tökdülər. Bu çayı içən Litvinenko müəmmalı şəkildə dünyasını dəyişdi. İngiltərədə uzun müddət Litvinenkonun öldürülməsinin səbəbləri araşdırıldı. Bu ilin yanvar ayının 26-da Litvinenkonun öldürülməsi ilə bağlı araşdırmalara rəhbərlik edən hakim Robert Ouen hazırladığı hesabatla məhkəmə qarşısında çıxış etdi. Hesabatda deyilir: “Litvinenkonun öldürülməsi planı Rusiya Federal Təhqiqat Xidmətinin o vaxtkı rəhbəri Nikolay Patruşev tərəfindən hazırlanıb və Putin tərəfindən bəyənilib.”

Əlbəttə bir səhifəlik yazıda əvvəlcə SSRİ, indi də Rusiya xüsusi xidmət orqanları tərəfindən xaricdə rejim əleyhdarı güclərə qarşı həyata keçirilən bütün terror hadisələri haqqında danışmaq mümkün deyil. Yalnız onu qeyd etmək istəyirik ki, hazırda da terror oyunları davam edir və çox güman ki, bundan sonra da davam edəcək.

BIR CAVAB BURAXIN