Xəzər: qanadlı raketlərin sınaq meydanı

0
770

Əziz Mustafa

Xəzər dənizi tarixboyu özünəməxsus açılmamış sirləri ilə beynəlxalq aləmin diqqət mərkəzində olub. Bu müstəvidə də istər qədimlərdə, istərsə də günümüzdə Xəzər özü ilə çoxlu sayda sirləri qorumaqda davam edir. Xəzərin tarixində özünəməxsus müəmmalı izlər buraxan hadisələrdən bir çoxu yaxın keçmişimizlə, SSRİ dövrü ilə bağlıdır. Belə hadisələrdən biri də Xəzərin, belə demək mümkünsə, məhv edilmiş qanadlı raketlərin sınaqdan çıxarılması və onlar tərəfindən vurulan gəmilər üçün məzarlıq rolunu oynaması ilə əlaqədardır. İş orasındadır ki, SSRİ dövründə Xəzərdəki iki böyük yerdə, Buzaçi yarımadası və Aktau ( keçmiş Şevçenko) yaxınlığındakı ada qanadlı raketlərin sınaqdan çıxarılması üçün ən böyük poliqonlar kimi istifadə edilirdi. Ona görə də hələ ötən əsrin 50-60-cı illərində Xəzərdəki bu iki ada ətrafında çoxlu sayda şayiələr dolaşmaqda idi. Həmin adaların ətrafı ən yüksək səviyyədə qorunur və təsadüfən də olsa, oraya yaxınlaşan istənilən obyekt yerindəcə məhv edilirdi. SSRİ dağılandan sonra bu sirli adalar bir müddət unuduldu. Yalnız 2012-ci il iyun aynın 28-də Qazaxıstanın “Neyza” sərhəd-mühafizə kateri ada yaxınlığında xidməti borcunu həyata keçirərkən təsadüfən batmış gəminin qalıqlarına dəyərək ciddi zədə aldı. Nəticədə sərhəd-mühafizə əməkdaşlarını xilas etmək mümkün olsa da, kater dənizin dibinə getdi. Yalnız bir aydan sonra xüsusi texnikanın yardımı ilə kateri batdığı yerdən qaldırmaq və onu təmir üçün gəmi təmiri zavodlarından birinə göndərmək mümkün oldu. Bu hadisədən sonra Xəzərdə unudulmuş sirli iki ada ilə bağlı məsələ yenidən diqqəti özünə cəlb etdi.

Qanadlı raketlər və qurbanlar

Ötən əsrin 50-60-cı illərində SSRİ ilə ABŞ arasında ballistik raketlərin yaradılması sahəsində əsl rəqabət gedirdi. O vaxt SSRİ yeni raketlərin istehsalı və sınaqları ilə bağlı ABŞ-ın məxfi xəbər tuta bilməməsi üçün Sibirdə, Altaylarda, qütb arxasında, o cümlədən Xəzər dənizində xüsusi sınaq meydanları-poliqonlar yaratmışdı. 1958-ci ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə Xəzər dənizində 77-ci xüsusi sınaq meydanının -poliqonunun yaradılması barədə qərar qəbul edildi. Bu qərara əsasən, Rusiya Hərbi Elmi Tədqiqat Mərkəzinin 6-cı İdarəetmə İnstitutunun nəzarəti altında Buzaçi yarımadasında və keçmiş Şevçenko limanı yaxınlığındakı adada uzaqmənzilli raketlərin sınaq mərkəzi və hərbi təyinatlı yardımçı gəmilərdən ibarət divizion təşkil edilmişdi. Bununla belə, Xəzərdə uzaq və ortamənzilli qanadlı raketlərin sınaqdan çıxarılmasına hələ 1953-cü ildə başlanılmışdı. Belə ki, 1953-cü ilin dekabr ayında “TU-4” təyyarəsi tərəfindən Xəzərə KS (Kometa) raketi atıldı. Qara dənizdəki 27 saylı hərbi-dəniz donanmasına məxsus “TU-4”dən buraxılan raketlə Xəzərdəki şərti adı “Kursk” olan gəmi-obyekt məhv edildi. O vaxt Xəzər Qara dənizdəki hərbi-dəniz donanmasına məxsus təyyarələrdən və gəmilərdən buraxılan qanadlı raketlərlə, sözün əsl mənasında, hədəfə çevrilmişdi. Qanadlı raketlərin sınaqdan çıxarılması zamanı Xəzərdə üzən mülki gəmilər, həmçinin dəniz üzərindən uçan sərnişin və yük təyyarələri də qurbana çevrilmişdi. O vaxt Qara dənizdən Xəzərə atılan qanadlı raketlərlə mülki gəmilərin və təyyarələrin məhv edilməsi ilə bağlı məlumatlar olduqca gizli saxlanılırdı. SSRİ-nin dağılmasından 23 ildən artıq vaxt ötməsinə baxmayaraq, hələ də bununla bağlı sirlər olduqca məxfi şəkildə saxlanılır. Yalnız xeyli sonralar Qara dənizdən atılan qanadlı raketlərin böyük təhlükə mənbəyinə çevrilməsini görən SSRİ Nazirlər Kabineti bu məqsədlə Xəzərdə iki ada və onun ətrafının yeni raketlərin sınaq mərkəzinə çevrilməsini qərara aldı. Xəzərdəki Buzaçi yarımadasındakı 77 saylı hərbi sınaq poliqonunda ilk qanadlı raketin sınağı 1958-ci il, may ayının 28-də keçirildi. Əvvəlcə, “K-10S” qanadlı raketi ilə nəzərdə tutulan obyekt məhv edildi. 1958-ci ilin noyabr ayının 15-də isə “KSP-2” qanadlı aviasiya raketi sınaqdan çıxarıldı. Ötən əsrin 60-cı illərində isə 77 saylı poliqonda aviasiya- raket kompleksinin (ARK) sınaqlarına başlanıldı.

Qeyd edək ki, “ARK K-26” qanadlı raketləri dənizdəki və yerüstü obyektlərin, həmçinin radiolokasiya stansiyalarının məhvi üçün nəzərdə tutulub. Bu raketlərin yerüstü və zavod sınaqları öncə 1966-cı ilin noyabr, 1967-ci ilin mart aylarında Kazandakı aviasiya zavodunda həyata keçirildi. “ARK K-26” raketlərinin sınaqdan çıxarılması üçün iki ədəd “TU-16K-10” təyyarəsi hazırlanmışdı. Ancaq ilk sınaqlar arzuedilən nəticəni vermədiyindən onun təkmilləşdirilməsinə və çatışmazlıqarını aradan qaldırmağa başladılar. Bu da nəticədə iki ilin itirilməsi demək oldu. 1969-cu ilin yazında nəhayət ki, “ARK K-26” uğurla sınaqdan çıxarıldı. Dərhal da “ARK K-26”nı daha etibarlı şəkildə yoxlamaq üçün Xəzərdəki Buzaçi adasına gətirdilər. Bu raket dənizdəki hədəfləri olduqca yüksək dəqiqliklə məhv edirdi. Bununla belə, “ARK K-26” qanadlı raketlərinin daha uzaq məsafələrdəki hədəfi məhv etməsi üçün həmin dövrdə axtarışlar davam edirdi. Nəticədə qısa müddətdə strateji hədəflərin məhv edilməsini nəzərdə tutan “X-22PSI”, gəmi əleyhinə “X-22PQ” və radiolokasiyaların məhv edilməsini nəzərdə tutan “X-22P” qanadlı raketləri hazırlandı və onların Xəzərdə sınaqlarına başlanıldı. Buna paralel olaraq, ötən əsrin 70-ci illərində Xəzərdə aviasiya qanadlı raketlərinin sınaqlarına start verildi. Həmin dövrdə SSRİ-nin daxili dənizinə çevrilən Xəzərdə Qara dəniz-Baltik dənizi və Şimal hərbi dəniz donanması gəmilərinin iştirakı ilə müntəzəm olaraq hərbi dəniz təlimləri keçirilirdi. Bu təlimlərdən məqsəd qanadlı raketlərin sınaqdan çıxarılmasını təmin etmək idi.

Vurulmuş gəmilər qəbiristanlığı

Qeyd etdiyimiz kimi, qanadlı raketlərin sınaqları zamanı Xəzərdə üzən gəmilər də hədəfə tuş gəlirdi. Məsələn, dənizdə təmir-bərpa işlərini həyata keçirən “Tura” adlı gəmi sınaq meydanı kimi istifadə edilən Buzaçi və Şevçenko (Aktau) yaxınlığından 150 kilometr məsafədə üzərkən faciə ilə üzləşdi. Belə ki, sınaq məqsədi ilə buraxılan qanadlı “X-22” raketi səhvən “Tura”ya yönələrək 15 metr hündürlükdən onun üzərindən keçdi. Nəticədə raketin qaldırdığı dalğalar az qalsın gəminin məhvinə səbəb olacaqdı. Həmin dövrdə istismar müddəti başa çatan köhnə gəmiləri Buzaçi yarımadası və Şevçenko yaxınlığındakı adaya gətirir, sonra isə onu Qara və Baltik dənizlərindən atılan qanadlı raketlərlə məhv edirdilər. Nəticədə hər iki ada ətrafında yüzlərlə gəmi batırıldı. Ümumiyyətlə, həmin dövrdə Xəzərdə yalnız qanadlı raketlərlə dəniz üzərindəki hədəflər deyil, həm də buraya gətirilən sualtı qayıqlar da məhv edilirdi. Nəticədə Xəzər dənizinin müəyyən hissələri uzun illər təhlükə və ölüm zonasına çevrilmişdi. O vaxt təsadüfən məhv edilən mülki gəmilərin və Xəzər üzərində uçan müxtəliftəyinatlı təyyarələrin “səhv” üzündən vurulması geniş yer almışdı. Lakin SSRİ-də insan ölümünə səbəb olan bu faciələrin üzərini ört-basdır edir, onu nasazlıq və ya təbii fəlakətlərlə izah edirdilər. Həmin dövrdə mülki obyektlərin məhv edilməsi ilə bağlı məlumatlar isə olduqca gizli şəkildə saxlanılırdı. Təxmini məlumatlara görə, ötən əsrin 60-80-ci illərində Xəzərdə ən azından 35-40 mülki obyekt, o cümlədən müxtəliftəyinatlı gəmilər və təyyarələr vurulub. SSRİ dağılandan sonra Xəzərdəki qanadlı raketlərin sınaqdan çıxarıldığı Buzaçi yarımadası və Şevçenko yaxınlığındakı ada müstəqilliyini əldə edən Qazaxıstan və Türkmənistanın əraziləri daxilində qaldı. Amma bu vaxtadək hər iki adanın ətrafında üzən gəmilər vaxtilə məhv edilən gəmilərin qalıqlarına ilişərək batmaqda davam edirlər. Ona görə də imkan dairəsində gəmilərə adıçəkilən adalara 25-30 kilometr yaxınlaşmaq qadağan edilib. Onu da deyək ki, Buzaçi və Şevçenko yaxınlığındakı adalarda nüvə başlıqlı raketlərin də sınaqdan çıxarıldığı və nəticədə minlərlə canlının məhv olduğu barədə məlumatlar var. Lakin, hələlik, bu adalarda vaxtı ilə nə baş verdiyini və onu araşdırmaq mümkün olmur. Belə ki, adaya yaxınlaşan istənilən gəmi qəza təhlükəsi ilə üzləşir. Nəticədə adadakı sirləri öyrənmək mümkün olmur.

BIR CAVAB BURAXIN