İyun ayının 20-də Rusiyanın Sankt-Peterburq şəhərində Prezident Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan Prezidentləri arasında aprel müharibəsindən sonra ikinci görüş keçiriləcək. Bununla bağlı Putinin mətbuat xidmətinin rəhbəri Peskovun verdiyi məlumata görə, Putin əvvəlcə təkbətək halda Prezidentlər İlham Əliyev və Serj Sarkisyanla görüşəcək. Sonra isə onlarla birlikdə Qarabağ münaqişəsinin həlli yollarını birgə müzakirə edəcək. Peskov müzakirələrin əsasən Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında gedəcəyini söyləsə də, bununla bağlı Putinin görüşdə tərəflərə hansı həll planını təqdim edəcəyi barədə hər hansı məlumat verməyib. Buna paralel olaraq belə ehtimal edilir ki, Sankt-Peterburqda keçiriləcək görüş əvvəlcədən Qərblə razılaşdırılıb. Ermənistanın ümid etdiyi atəşkəsə nəzarət mexanizmi məsələsindən ümumiyyətlə imtina olunub və münaqişənin həlli planını Rusiya diktə edəcək. Məlumatlara görə, Rusiya görüşə 2011-ci ildə qəbul olunmuş “Kazan düsturu” ilə gəlir. Bu da ilkin mərhələdə Qarabağ ətrafı rayonlardan 5, yaxud 6-nın qaytarılmasını nəzərdə tutur.
Bundan əlavə ATƏT-in Minsk Qrupu vasitəçilik missiyasını həyata keçirməyə başladığı 23 il ərzində ilk dəfə münaqişənin həlli ilə bağlı Sankt-Peterburqda keçiriləcək görüşdə müşahidəçi kimi iştirak edəcək. Bu da Prezidentlərin qarşıdan gələn üçtərəfli görüşü barədə çoxsaylı ehtimalların ortaya çıxmasına yol açıb. Belə bir fikir vurğulanır ki, Rusiya bununla da münaqişənin həllini monopoliyasına alaraq Fransa və ABŞ-ı oyundankənar vəziyyətə sala bilib. Əslində cəbhə bölgəsindəki son hadisələrdən sonra Qərbdə problemin həllinin Rusiyanın əlində olduğu aydın şəkildə eşidilməkdə idi. Məsələn, iyun ayının 7-də prezident İlham Əliyevlə görüşündə Almaniya kansleri Angela Merkel Qarabağ münaqişəsinin açarının Rusiyanın əlində olduğunu açıq şəkildə etiraf etmişdi. Bununla ATƏT-in Minsk Qrupunun digər iki həmsədrinin Prezidentlərin Sankt-Peterburq şəhərindəki görüşündə iştirak edib-etməməsi də heç nə ifadə etmir. Yəni əslində ATƏT-in Minsk Qrupu yaradıldığı gündən onun həmsədrləri olan ölkələrin problemin həllinə münasibətləri demək olar üst-üstə düşüb. Nəticədə, hər üç həmsədr ölkə münaqişənin dondurulması və mövcud status-kvonun qorunub saxlanılması mövqeyindən çıxış ediblər. Lakin cəbhədə baş verən son aprel döyüşlərində Azərbaycan ordusunun qazandığı uğurlar Rusiya başda olmaqla həmsədr ölkələrə göstərdi ki, status-kvonun uzun müddət qorunub saxlanılması mümkün olmayacaq və münaqişənin həlli artıq qaçılmaz zərurətə çevrilib. Bununla belə Rusiya xarici işlər naziri Sergey Lavrovun aprel ayında Bakıya və Yerevana səfərləri zamanı fərqli fikirlər söyləməsi Kremlin işğal edilmiş ərazilərin azad edilməsi məsələsində Ermənistana hər hansı təzyiq göstərməyəcəyi şübhəsini ortaya çıxardı. Belə ki, Lavrov Bakıda 5 rayonun azad edilməsindən danışdığı halda, Yerevanda 1994-cü ildə əldə edilən atəşkəs rejiminin qorunub saxlanılacağını və danışıqların da bu müstəvidə davam etdiriləcəyini vurğuladı. Bu isə Rusiyanın yenidən münaqişənin həllində status-kvonu qoruyub saxlamaq üçün cəhdlərə baş vuracağı anlamına gəlirdi. Buna paralel olaraq rusiyalı həmsədr Popovun münaqişənin həlli üçün qondarma və separatçı qurumun da danışıqlarda iştirak etməsinin vacibliyini söyləməsi və bunsuz problemi aradan qaldırmağın mümkün olmayacağını vurğulaması da Kremlin münaqişə ətrafında yeni oyunlara baş vurduğu ehtimalını gündəmə gətirib…
Yenə də erməni təxribatı
Prezidentlərin Sankt-Peterburq görüşü ərəfəsində Ermənistan bir daha rusiyalı həmsədr Popovla həmrəy olduğunu nümayiş etdirərək yeni təxribata əl atıb. Belə ki, Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov Yerevanda jurnalistlərə açıqlamasında deyib ki, münaqişənin həlli Dağlıq Qarabağ “rəsmiləri”nin də danışıqlarda iştirak etməsindən asılıdır. O bildirib ki, Dağlıq Qarabağın danışıqlarda iştirakı üçün zəmanət verilməlidir: “Biz Dağlıq Qarabağın danışıqlarda tamhüquqlu iştirakçı olması ilə bağlı dəfələrlə fikirlər səsləndirmişik. Düzdür, Dağlıq Qarabağ danışıqlarda tamhüquqlu olmasa da iştirak edir. Təsadüfi deyil ki, həmsədrlər son mərhələdə Qarabağın danışıqlarda iştirakının əhəmiyyətini vurğulayıblar. Qarabağsız bu problemi həll etmək mümkün deyil. Dağlıq Qarabağ danışıqların tamhüquqlu iştirakçısı olmalıdır. Əks təqdirdə biz qapını örtməliyik”. Xatırladaq ki, erməni tərəfi həmişə Prezidentlərin görüşü ərəfəsində hansısa təxribatlara əl atıb və çirkin oyunlarını yenə də davam etdirir.
Belə ki, bundan əvvəl də bir neçə dəfə Ermənistan rəhbərliyi qondarma Dağlıq Qarabağ rejimini danışıqlar masasına əyləşdirmək istəyib. Lakin hər dəfə Azərbaycanın bununla bağlı qətiyyətli mövqe nümayiş etdirməsindən sonra separatçı rejimin nümayəndələrinin danışıqlarda iştirak etməsi cəhdlərinin qarşısı alınıb.
Onu da deyək ki, Prezidentlərin Vyana danışıqlarında da Ermənistanı və onu dəstəkləyənlərin müxtəlif yollarla Dağlıq Qarabağ separatçılarının görüşdə iştirakını təmin etmə cəhdləri iflasa uğradı. Azərbaycan Prezideninin separatçıların iştirak edəcəyi hər hansı sülh danışıqlarına qatılmayacağını bəyan etməsindən sonra qarşı tərəf geri addım atmağa məcbur oldu. Ancaq hadisələrin gedişi göstərir ki, yenə də Ermənistan tərəfi təxribatlarını davam etdirir.
Rusiya Ermənistana təzyiq göstərməsə…
Prezidentlərin Sankt-Peterburq görüşünün uğurla başa çatıb-çatmaması ilk növbədə Rusiyanın Ermənistanı işğal etdiyi əraziləri azad etməyə razı sala bilməsindən asılı olacaq. Bununla bağlı məsələyə münasibət bildirən Milli Məclisin deputatı Asim Mollazadə mətbuata verdiyi açıqlamasında deyib ki, Azərbaycan tərəfi bu görüşlə bağlı Rusiyadan işğalçı Ermənistana təzyiq edilməsini gözləyir: “Biz gözləyirik ki, məsuliyyəti üzərinə götürən, Azərbaycanın işğalçı Ermənistana qarşı apardığı son hərbi əməliyyatların qarşısını alan və hazırda aparılan danışıqların təşəbbüskarı kimi çıxış edən Rusiya torpaqların işğaldan azad edilməsi üçün rəsmi İrəvanı buna məcbur edəcək. Əks halda bu, növbəti nəticəsiz görüş olacaq və Azərbaycan tərəfinin sülh danışıqlarına olan inamını daha da azaldacaq. Düşünürəm ki, bu gün vəziyyət gündən-günə daha da ağırlaşır. İşğalçı Ermənistan tam iflasa uğrayan ölkə kimi sülh istiqamətində də heç bir müsbət addım atmaq istəmir. Əksinə, Ermənistan təxribatların sayını artırır. Ancaq Rusiyanın imkanları və şansı var. Rusiya da bu şansdan doğru istifadə edərək, Ermənistan üzərində öz təsir imkanlarını tətbiq etməlidir və sülhpərvər siyasətini bütün dünyaya nümayiş etdirməlidir. Bununla bağlı bu gün Rusiya üçün şans yaranıb və Rusiya da bundan məharətlə istifadə etməlidir. Çünki Ukrayna hadisələrindən sonra Rusiyanın imicinə böyük zərbə dəyib”.
- Mollazadə qeyd edib ki, bu gün Azərbaycan-Rusiya münasibətləri normal tərəfdaşlıq istiqamətində inkişaf edir: “Ancaq bizə də çox maraqlı və təəccüblüdür ki, bu gün Rusiyanın regionda forpostu olan Ermənistanda rəsmi olaraq rus dilinin tədrisinə qadağa var. Hətta, bu qadağa Ermənistanın qanunvericiliyində də öz əksini tapıb. Azərbaycanda isə rus əhalisinə və mədəniyyətinə hörmət var. İki xalq arasında dostluq münasibətləri mövcuddur. Azərbaycanda rus dili ilə bağlı heç bir problem yoxdur. Belə bir paradoksal vəziyyətlə bağlı Rusiya yaxşı düşünməli və ədalətli addımlar atmalıdır”. Ermənistanda isə belə ehtimal edilir ki, Putin Sarkisyanı işğal altında olan Azərbaycan ərazilərinin qaytarılmasını nəzərdə tutan hansısa sənədi imzlamağa məcbur edəcək.
“1in.am” saytı yazır ki, ATƏT-in görüşdə iştirak etməməsi Ermənistan üçün təhlükəlidir: “İstisna deyil ki, ATƏT-in bəyanatı formal xarakter daşıyır. Digər tərəfdən, Rusiyanın siyasi təşəbbüsləri var. Vyana görüşündən dərhal sonra Lavrov bununla bağlı izahatlar verdi. Maraqlıdır ki, Lavrovun bəyanatından sonra nə Fransa, nə də ABŞ heç bir söz demədi. Lavrov dedi ki, Vyana görüşü ABŞ-ın təşəbbüsüdür və görüşdə razılaşdırılmış məsələlərin həlli Rusiyanın üzərinə qoyulub. Güman ki, Qərb Rusiyadan yeni müharibənin qarşısını almağı istəyib, münaqişənin hansısa formada həllində ona azadlıq verib. İndi maraqlıdır ki, Rusiya münaqişənin həllini hansı formada həyata keçirəcək. O da faktdır ki, prosesin Rusiya tərəfindən aparılması Ermənistan üçün təhlükəlidir”.
“Lragir.am” saytı isə Rusiyanın Ermənistanı əraziləri müharibə olmadan qaytarmağa məcbur edəcəyini yazıb. Lakin Putin özünün hərbi müttəfiqinə təzyiq yolu tutaraq onu Azərbaycanın ərazilərini azad etməyə məcbur edə biləcəkmi? Hər halda buna inanmaq çətindir. Ancaq o da aydındır ki, Azərbaycan və Ermənistan Prezidentləri arasında nəzərdə tutulan Sankt-Peterburq görüşü də uğursuz nətcələnsə, onda bu, Rusiyanın münaqişənin həllini özünün monopliyasına alma cəhdlərinin sonu demək olacaq.