«RUSİYA BÜTÖV BİR ÖLKƏNİ MƏHV EDƏ BİLƏR…» – ABŞ quru qoşunlarının komandanı

0
602

ABŞ ordusunun Avropadakı komandanı, general-leytenant Ben Hodces Almaniyanın “Bild” nəşrinə müsahibəsində Rusiyanın hibrid üsullarla hərbi əməliyyatlar və elektron müharibə aparmasından, həmçinin hücum olunacağı təqdirdə çevik cavab hərəkətləriylə bağlı çətinliklər barəsində danışıb. “AzPolitika” bu maraqlı müsahibəni təqdim edir.

– Cənab general, Rusiya hal-hazırda NATO üçün ən böyük təhlükədirmi?

– Bəli, lakin xatırlatmaq vacibdir ki, söhbət yalnız bir təhlükədən getmir. Amma buna baxmayaraq, hətta belə bir niyyəti olmasa da, hər halda Rusiya bütöv bir ölkəni məhv edə biləcək yeganə təhlükədir. Rusiyadan fərqli olaraq, İŞİD sübut edib ki, bizim hamımızı tam məhv etmək arzusundadır. Ancaq onun bu cür imkanı yoxdur.

– ABŞ-ın rəhbərliyi ilə koalisiya qüvvələrinin həyata keçirdikləri “Anakonda” kod adlı hərbi təlim ssenarisinin reallaşması riski nə qədərdir (Söhbət Polşaya gizli hücumdan gedir)?

– Bu cür hücum az ehtimal olunandır, lakin mövcud vəziyyətin saxlanılmasının ən yaxşı üsulu – təlimlər keçirməklə bizim hazır olduğumuzun nümayiş etdirilməsidir. Önləyici tədbir o zaman işləyir ki, ortaya lazımı güc qoyulsun.

– Əgər hücum olarsa, onda buna qarşı cəld reaksiya verə biləcəyinizə əminsinizmi?

– Əgər hücum olarsa və düşmən kiber silaha, dezinformasiyaya və hərbi fəaliyyətlərin aparılması üçün digər hibrid üsullara əl atarsa, onda nəyin baş verdiyi dəqiq bilinməlidir. Mən həqiqətən də hibrid fəaliyyətlər çərçivəsində təcavüz ola biləcəyindən bərk narahatam. Bundan başqa bizim üçün əsas məsələ çoxmillətli hərbi birliklərin sürətli şəkildə bir araya gətirilməsidir. Bizim ruslar kimi sərbəst hərəkət imkanlarımız yoxdur. Ona görə də biz özünəməxsus şəkildə hərbi Şengen zonası yaratmalıyıq.

– Hərbi Şengen zonası dedikdə nəyi nəzərdə tutursunuz?

– Bizə hərbi Şengen zonası sərbəst hərəkətin təmin edilməsi üçün lazımdır. Bununla da biz böhran yarandığı zaman, bunun qarşısını almaq və ya lazımı reaksiya vermək üçün operativ hərəkət etməliyik.

– Siz hesab edirsiniz ki, hücum olduğu təqdirdə NATO birlik göstərəcək?

– Tamamilə əminəm. NATO yarandığı gündən, alyansın bütün üzv ölkələri bir yerdə olublar.

– Rusiya ordusu son illərdə nə dərəcədə güclənib?

– Ruslar hərbi əməliyyatların elektron metodlarla aparılmasını əhəmiyyətli şəkildə yaxşılaşdırıblar. Bu o deməkdir ki, əgər kimsə elektron siqnal göndərirsə, onda ruslar həmin siqnalı kəsə bilər, əngəl törədər və ya bu siqnalın haradan gəldiyini, kimə göndərildiyini müəyyənləşdirərlər. Beləliklə onlar səni görmədən də hətta uzaq məsafədən sənə atəş aça bilərlər. Bu çox təhlükəlidir.

– Biz bu təhlükəyə hazırıqmı?

– Biz rusların Ukraynada elektron metodlardan necə istifadə etdiklərini gördük və bir çox şey öyrəndik. Hər dəfə ukraynalılar nə isə etmək istəyəndə, ruslar vaxtında bunu müəyyənləşdirib, tez atəş açırdılar. Millətlərarası əməkdaşlıq zamanı ilk növbədə bizə təhlükəsiz rabitə xidməti lazımdır. Əks təqdirdə ruslar asanlıqla bizim yerimizi təsbit edərək, atəş açacaqlar.

– Almaniyanın Xarici İşlər naziri Frank Valter Ştaynmayer NATO-nun təlimlərini tənqid edərək bunu tankların simvolik paradı və “hərbi nərilti” adlandırıb. Bunu necə şərh edərdiniz?

– Mən xarici işlər nazirinə hörmətlə yanaşıram və təlimlərin gedişində 23 ölkə əsgərinin yerinə yetirdiklərindən də qürur duyuram.

– Rusiya təlimlərə müşahidəçi kimi dəvət olunmuşdu. Sizcə nə üçün dəvətdən imtina edildi?

– Onda gərək digər ölkələr kimi müşahidəçi olan Rusiya, burada baş verənlərin həqiqəqtən də təlim olduğunu qəbul etməliydi. Ona görə də ruslar nəzarətçi qismində gəlməyi üstün tuturlar. Beləliklə onlar haradasa söyləyirlər ki, bu legitim təlim deyil, hücuma hazırlaşmaqdır və bunun üçün də yoxlamağa gəlmişik. Bu cür oyunlarla onlar baş verənləri təhrif etməyə cəhd göstərirlər. Bütün bunların hamısı rusların informasiya ilə davranış metodlarına aiddir. Biz bu cür yanaşmanı “4D” adlandırırıq -dismiss, distract, distort, dismay (sapdırmaq, yayındırmaq, korlamaq, qorxutmaq).

– Rusiyanın artıq Kalininqradda nüvə silahı yerləşdirməsi barəsində hansısa bir işarə varmı?

– Mən bilmirəm, onlar orada nüvə silahı yerləşdiriblərmi. Ancaq mən bilirəm ki, Rusiya Kalininqradda “İskander” kompekslərini yerləşdirmək üçün hərbi təlimlər keçirib. ”İskander” raketləri nüvə başlıqları ilə təchiz oluna bilər. Rusiyanın açıq şəkildə nüvə silahından istifadə barədə danışması və Avropanın Danimarka, İsveç və Rumıniya kimi ölkələrini nüvə hücumu ilə qorxutması hədsiz məsuliyyətsizlikdir. Bu böyük təxribatdır. Rusiya iddia edir ki, o nəhəg dövlətdir və həm də istəyir ki, ona nəhəng dövlət kimi münasibət bəslənilsin. Əgər belədirsə, onda gərək, Rusiyada özünü nəhəng dövlət kimi məsuliyyətli aparsın.

– Siz Varşava sammitindən nə gözləyirsiniz?

– Mən hesab edirəm ki, Varşava sammitindən sonra, alyans vahid orqanizm təəssuratı bağışlayacaq. Biz ona görə bir olacağıq ki, burada söhbət NATO–nun bütün 28 üzvünün ümumi təhlükəsizliyindən gedir. Həm də söhbət yalnız Rusiya ilə bağlı təhlükəsizlik konteksindən getmir. Alyans ölkələri üçün digər təhlükələr də var. Məslən, İŞİD və kütləvi miqrasiya.

Tərcümə etdi: Vaqif Nəsibov

BIR CAVAB BURAXIN