Rusiya Azərbaycana qarşı “Talışıstan”kartını işə salır?

0
893

Ötən gün Sankt-Peterburqda mərkəzi magistral qovşaqlarında Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı təxribat cəhdlərinin qarşısı alınıb.
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğundan AZƏRTAC-a bildiriblər ki, Vitebskiy prospekti istiqamətindəki yol zolağının üzərindəki kəsişmədə “Talışıstana azadlıq” başlıqlı lövhə asılıb.
Şüarın bir başında Rusiya Federasiyasının dövlət bayrağı, ortada qondarma qurumun bayrağı, digər tərəfində isə İran İslam Respublikasının bayrağı əks olunub. Bu lövhə, həmçinin Sankt-Peterburqun daxili dəmir yolu stansiyasında da asılıb.
Təxribat məzmunlu lövhələr barədə xəbər alan baş konsul Sultan Qasımov dərhal əks tədbirlər görərək, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə səlahiyyətli əməliyyat idarələrinin rəhbərliyi, xüsusilə polis polkovniki Nikolay Xlusovla əlaqə yaradıb.
Aparılmış danışıqlar nəticəsində həmin lövhənin götürülməsi barədə razılıq əldə edilib. Baş konsul bu cür təxribatların ikitərəfli münasibətlərə xələl gətirmək məqsədilə törədildiyini Rusiya Daxili İşlər Nazirliyinin rəhbərliyinə izah edib. Baş konsulun həyata keçirdiyi təcili tədbirlər nəticəsində “Talışıstana azadlıq” başlıqlı lövhələr Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə səlahiyyətli əməliyyat idarələrinin məsul şəxsləri tərəfindən götürülüb.
Qeyd edək ki, 6 noyabr Rusiyada “Milli birlik günü” ilə əlaqədar qeyri-iş günüdür. Təxribatçı qüvvələr məhz qeyri-iş günlərində öz məkrli fikirlərini həyata keçirmək istəyiblər. Lakin baş konsulun yerli hökumət və hüquq mühafizə orqanlarının rəsmiləri ilə qurduğu əməkdaşlıq əlaqələri sayəsində bu təxribatın qarşısını almaq mümkün olub.

BIR CAVAB BURAXIN