Rüfət Aslanlıdan şikayət hazırlanır: Tanınmış şəxslər…

0
630


 

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) nağdsız bank əməliyyatlarının aparılması ilə bağlı verdiyi qərar ictimai sektorda ciddi etiraza səbəb olub.

Bununla bağlı Axar.az saytına QHT sədri Niyaməddin Orduxanlı danışıb. Onun sözlərinə görə, hazırda bu qərar QHT sektorunda çox ciddi problemlər yaratmaqdadır:

“Bu qərar QHT-lərin fəaliyyətini iflic edə bilər. Ölkədə 3000 QHT var. Və hər il Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə yüzlərlə QHT-nin layihəsi dəstəklənir və icra olunur. Bu layihələrin böyük əksəriyyəti rayonlarda, bölgələrdə aparılır. Əgər Nəzarət Palatası belə bir məhdudiyyət yaradırsa, bundan sonra QHT rayonlarda layihəsini necə icra edə bilər?! Rayonlarda layihələrin icrası zamanı yüzlərlə, minlərlə insanın bu prosesə qoşulması olur. İndi baxın, rayonlarda yaşayan insanların neçə faizinin bank hesabı var? Layihə çərçivəsində 3 ay və ya 6 ay fəaliyyət göstərirlər. Bu müddət ərzində maaş alırlar. Və başqa kiçik həcmli xərclər aparılır. İndi biz kiçik həcmli vəsaitləri necə həyata keçirək? Biz QHT olaraq rayonda yaşayan və bank hesabı olan adamı hardan tapaq? Və söhbət bir necə adamdan yox, yüzlərlə insandan gedir”.

N.Orduxanlı bu qərarın Azərbaycanın milli maraqlarına da ziyan olduğunu iddia edib:

“Beynəlxalq təşkilatlar bu qərardan istifadə edib, Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyətinin ağırlaşdırılmasına dair növbəti hesabatlar hazırlayacaqlar və dünyanın aparıcı qurumlarına göndərəcəklər. Kimə lazımdır bu? Bəllidir ki, bəzi beynəlxalq təşkilatlar Azərbaycanın imicinin korlanması üçün müxtəlif bəhanələr axtarır. Bu isə onlar üçün göydəndüşmə bəhanə olacaq. Bilirsiniz ki, bu təşkilatların əksəriyyəti erməni diasporuna yaxındır və onların maliyyə hesabına fəaliyyət göstərirlər. Həmçinin də nəzərə almaq lazımdır ki, artıq yüzlərlə QHT buna etiraz etməkdədır. Artıq sosial şəbəkələrdə ölkənin çox məşhur QHT sədrləri buna öz etirazlarını bildiriblər. Hətta bir sıra QHT-lər cənab Prezident İlham Əliyevə müraciət etmək niyyətindədir. Məncə, bu məsələyə çox ciddi yanaşmaq lazmdır. Maliyyə Bazarlarına Nəzarət Palatasının nağdsız əməliyyatların aparılması ilə bağlı minimum həddin aradan qaldırılması başadüşülən deyil. Onsuz da QHT-lərə ayrılan vəsait çox deyil. Bir necə min manatı əhatə edir. Məsələn, 5 aylıq layihəyə 6000 manat vəsait ayrılır. Bu nə böyük vəsaitdir ki, hələ bir MBNP buna məhdudiyyət qoyur? Bu o deməkdir ki, layihənin icrası dayanmalıdır”.

N.Orduxanlı bildirib ki, bu etiraz Maliyyə Bazarlarına Nəzarət Palatasının bank vasitəsi ilə nağdsız əməliyyatların keçirilməsi qərarına qarşı çıxmaq deyil:

“Əlbəttə, ölkədə maliyyə şəffaflığının təmin edilməsi üçün irihəcmli maliyyə vəsaitlərinin bank vasitəsi ilə həyata keçirilməsi vacidbdir və bunu dəstəkləyirik. Ancaq bir daha qeyd etmək istəyirəm ki, kiçik həcmli maliyyə vəsaitlərinin nağdsız həyata keçrilməsi məsələsinə yenidən baxılmalıdır və burada müəyyən bir ortaq mövqeyə gəlinməlidir ki, QHT-lərə mane olmasınlar və onlar da dövlətdən aldıqları dəstəklə öz layihələrini icra edə bilsinlər”.

Qeyd edək ki, millət vəkili, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev də bu qərara qarşı çıxıb və məsələyə yenidən baxılmasının vacibliyini bildirib.

 

BIR CAVAB BURAXIN