Papa İrəvan səfəri çərçivəsində Gümrüdə dini ayin keçirəcək.
İyunun 24-də Ermənistana səfəri planlaşdırılan Roma Papası Fransiskin səfərinin bəzi təfərrüatları məlum olub. Anspress-in məlumatına görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti xəbər yayıb. Səfərin sonunda Roma Papası və bütün emənilərin katolikosu birgə bəyanatı imzalayacaqlar.
Papa səfər çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyanla görüşəcək. Həmin vaxt İrəvanda yerləşən kilsələrdə yığıncaqlar təşkil ediləcək. Fransiskin erməni katolikosu II Qareginlə birlikdə həmin yığıncaqların birində iştirak edəcəyi nəzərdə tutulub.
Papanın səfər proqramına qondarma erməni soyqırımı abidəsini ziyarət etmək də salınıb. O, iyunun 25-də qondarma abidəni ziyarət edəcək.
Fransisk Rusiya hərbi bazası yerləşdirilən Gümrüyə də gedəcək. Bu səfər zamanı onu erməni katolikosu II Qaregin müşayiət edəcək. Din xadimləri orada ayin mərasimlərində iştirak edəcəklər.
Roma papası bu il sentyabrın 30-dan oktyabrın 2-nə kimi Tiflis və Bakıya da səfər edəcək.
Məlumdur ki, Ermənistanın Gümrüdə Rusiyanın bir hərbi bazası və 5 mindən çox hərbçisi var.
Ümumilikdə, Roma Papası ermənilər və erməni lobbisinə yaxınlığı ilə seçilir. Papa bir neçə dəfə qondarma erməni soyqırımı ətrafında qalmaqallı çıxışları ilə gündəmə gəlib. Ötən ilin aprel ayında Roma papası Fransisk ermənilərin I Dünya müharibəsi zamanı Osmanlı əsgərləri ilə döyüşdə qətlini “soyqırım” adlandırıb. Roma papasının bu fikri qondarma soyqırımın 100 illiyi münasibətilə keçirilən tədbirdə səslənib.
Bundan əlavə Roma papası ötən əsrdə insanlığa qarşı törədilən üç böyük və misilsiz faciələr sırasında qondarma soyqırımı da xatırladıb. “XX əsrin ilk soyqırımı hesab olunanlardan birincisi erməni xalqına vurulan zərbədir”, – deyə Papa bildirib.
Həmin vaxtlar Papa hətta “erməni soyqırımı” üçün ayin də təşkil etmişdi. Tədbirdə Ermənistan prezidenti Serj Sarkisyan, dünya ermənilərinin ruhani lideri və Erməni Apostolik Kilsəsinin Katalikosu II Qaregin və Kilikiya Katalikosu I Aram da iştirak edib.
Bu ayin və Papanın “erməni soyqırımı” ifadəsini işlətməsi rəsmi Ankara və Vatikan arasında münasibətlərin gərginləşməsinə səbəb olmuşdu. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Roma Papası I Fransiskin qondarma erməni soyqırımı barədə dediklərini cəfəngiyat adlandırıb.