«REGİONUN MÜDAFİƏ PLANINI HAZIRLAYIRIQ…» – NATO generalından Rusiya ilə “lokal müharibə” anonsu

0
586

Çex general Petr Pavel 2014-cü ildən NATO-nun hərbi komitəsinin sədri vəzifəsini icra edir. “AzPolitika” oxucuları üçün maraqlı olacağını düşünərək onun Fransanın “Le Monde” qəzetinə verdiyi müsahibəsini təqdim edirik.

– İyul ayının əvvəlində Varşavada NATO-nun sammiti keçiriləcək. Müttəfiqlərin bir hissəsi şərq tərəfdən Rusiyadan gələ biləcək təhlükələr üzərində dayanmaq, digərləri isə cənubdan yarana biləcək terror təhlükəsinə diqqət çəkməyin vacibliyini önə çəkirlər. Sizcə prioritet mövzular nədən ibarət olacaq?

– Alyans üçün başlıca iki təhlükə var. Birincisi, özünün avtoritar və hərdən isə təcavüzkar davranışları ilə narahatlıq yaradan Rusiyadır. Biz Rusiya ilə bağlı ən yüksək siyasi səviyyədə strategiya hazırlamalıyıq. Hərbi resurslara söykənən həmin strateji yanaşma iki əsas istiqamətdə olmalıdır: önləyici və müdafiə.

İkinci təhlükə isə cənubdan gələ biləcək terrorizm, ekstremizm və miqrasiyadır. Bu tamamilə başqa yanaşma tələb edir. Biz ümumi çərçivəni müəyyənləşdirmişik, lakin hələlik detalları işləyib hazırlamamışıq.
Təkcə hərbi cəhətdən yanaşsaq, şərq tərəfdən gələn təhlükə daha ciddi görünür. Çünki geniş hərbi arsenalı da daxil etsək, Rusiyanın imkanları potensial mövcud təhlükə deməkdir. Amma onların niyyətləri barəsində onu demək olar ki, hər şey dumanlıdır. Rusiyanın NATO ilə ənənəvi və ya da ki, nüvə münaqişəsinə girəcəyinə inanmıram.
Cənub cinahından gələn qorxu elə də təhlükəli olmasa da, ancaq daha fövqəladə xüsusiyyətlidir. Böhran rayonlarındakı vəziyyəti mütləq sabitləşdirmək lazımdır. Ancaq bu, uzun proses olacaq.

– Əgər nəzərə alsaq ki, 2015-ci ilin əvvəlindən indiyədək siz 400–dən artıq insident qeydə almısınız, onda Rusiyanın NATO sərhədləri yanındakı hərbi aktivliyinin yekunu necədir?

– NATO ərazisinə qurudan müdaxilə olmayıb, lakin Rusiya beynəlxalq sularda və hava məkanındakı aktivliyini artırır. Müdaxilələr çox olub və onların sayı daima artır. Bu, əsasən Rusiyanın uzaq aviasiyasına aiddir. Rusiyanın strateji bombardmançıları şimal regionlarında, Arktikada, Norveçdə olublar və hətta, La-Manşa qədər uçublar. Bununla ruslar demək istəyir ki, biz bunu edirik, ona görə ki, bacarırıq.

– Bütün bu təxribatlara yalnız bir perspektiv üzərindən yanaşmaq lazımdırmı?

– Hava sahəsinin bəzi pozuntuları böyük əhəmiyyət daşımayıb və heç kim üçün təhlükə yaratmayıb. Əsas təhlükə, Rusiya təyyarələrinin transpondersiz uçuşu zamanı yaranır. Onlar mülkü reyslər üçün təhlükə törədirlər. Baltik dənizində və Qara dənizdə qəsdən törədilmiş təxribatların baş verdiyi məlumdur. Bu təxribatçı hərəkətlər zamanı Rusiya qırıcıları hücum manevri göstərərək, gəmilərin düz üstündən uçublar. Potensial baxımdan bu olduqca təhlükəlidir, çünki gəminin komandiri özünü müdafiə vasitələrini işə sala bilər. Nəticədə bu insident domino effekti yaradar ki, onun qarşısını almaq, artıq çox çətin olar. Biz belə hadisələrin baş verməməsi üçün Rusiya ilə müzakirə aparmağa çalışırıq.

– Hərbi səviyyədə rusiyalı həmkarlarınızla əlaqə saxlayırsınızmı?

– Diplomatlar sizə deyə bilərlər ki, əlaqələr üçün kanallar açıqdır, amma Krımın ilhaqından sonra əməkdaşlıq dayandırılıb. Praktikada mənə general Gerasimov (Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi-red.) ilə söhbət etmək bir dəfə də olsa, nəsib olmayıb. Hərçənd ki, mən onunla ən azından dörd dəfə görüşməyə cəhd etmişəm. Rusiya ikitərəfli əlaqələrə üstünlük verir. Onlar amerikanlar, britaniyalılar, almanlarla danışırlar. Bu onlara bərabər mövqelərdən danışıq aparmağa imkan verir. NATO ilə dialoq Rusiyanın strateji maraqlarına cavab vermir. Əgər onların məqsədi NATO-nu gözdən salmaqdırsa, onda bir institut kimi onunla nə üçün diskusiya aparılmalıdırlar?

– NATO vəziyyətin gərginləşməsi ssenarisinə hazırdırmı?

– Biz 2014-cü ildə Rusiyanın Ukraynada necə hibrid müharibəsi tətbiq etdiyinin şahidi olduq. Rusiyanın 2010–cu ildə qəbul edilmiş hərbi doktrinasına görə, biz təbliğatdan tutmuş, tanınma nişanları olmayan əsgərlər, kiber hücumlardan, adi silahlardan və ya hətta, nüvə silahından istifadə kimi müxtəlif üsulların işə salınması ilə qarşılaşa bilərik. Bu açıq müharibə yox, mübarizənin yeni üsuludur.
Böyük rus azlığının olduğu yerlərdə Rusiyanın oxşar ssenari ilə hərəkət edəcəyini gözləmək olar. Vladimir Putin deyib ki, rusların harada olmasından asılı olmayaraq, onları qorumaq hüququnu özündə saxlayır. Əgər bu siyasi məqsədlərə cavab verərsə, onda o tərəddüd etmədən hərbi vasitələrə də əl ata bilər.
Beləliklə, hər şeyə hazır olmaq lazımdır. Biz öz ordularımızı, Ukraynanın şərqində yaşanmış ssenari kimi hadisələrə hazırlayırıq. Pribaltika ölkələri bu cür təhlükələrin ön xəttində yerləşir. Biz regionun müdafiə planını hazırlayırıq və bu plan NATO-nun Varşavada keçiriləcək sammitində təsdiq ediləcək.

– Polşalıların və pribaltların tələblərini qarşılamaq üçün, daimi olmaq şərtilə, Avropanın şərqində qoşun yerləşdirmək lazımdırmı?

– İndi bu ən həssas mövzulardan biridir. Heç şübhə yoxdur ki, bu ölkələrə qarşı təhlükə artır. Ona görə də, bu məsələ NATO-ya da toxunur və alyans daha çox işlər görməlidir. Həmin müttəfiqlərimiz həmçinin Rusiyanın Hava Hücumundan Müdafiə imkanları ilə hava sahəsinin bağlana biləcəyindən narahatdırlar. Quruda və dənizdə yerləşdirilə biləcək bu vasitələr, Rusiya gücləri üçün özünəməxsus çətir yaradır və bizim sərbəst şəkildə yerdəyişəməmizi məhdudlaşdıra bilər, çünki onların bir hissəsi qismən bizim ərazini də örtür.
Eyni zamanda bütün bunların hamısı həmin vasitələrin hücum xarakterli olması mənasına gəlmir. Biz, bir-birinə qarşı üz-üzə düzülmüş orduların mövqe müharibəsindəki vəziyyətində deyilik. Söhbət yalnız çoxlu sayda vasitələrin iştirakı ilə gedə biləcək yığcam müharibədən gedir. Biz NATO-nun şərqindəki iştirakımızı müxtəlif müdafiə vasitələri ilə tarazılaşdırmalıyıq. Cavabımız müdafiə xarakterli olmalıdır.
Sərhəd boyunca qüvvələrin yığılmasını qarşımızda məqsəd kimi qoymamışıq. Rusiya ilə silahlanma yarışına girmək lazım deyil. Rusiya anlamalıdır ki, NATO onun üzvlərinə qarşı hər hansı bir təcavüzkar hərəkətlərə imkan verməyəcək. Lakin bununla yanaşı alyans dialoqa açıqdır.

– İŞİD-lə və xüsusən də Liviya ilə bağlı cənub istiqamətində hansı variantların həyata keçirilməsi nəzərdə tutulur?

– Hərçənd ki, indiki anda biz əsas etibarı ilə İraq, Suriya və Liviya haqqında danışırıq, amma cənubdan gələn təhlükəni hər hansı bir konkret ölkə ilə bağlamırıq. Bizə regional perspektiv lazımdır. Suriyaya nə qədər təzyiq göstərdikcə, bizim düşmənlərimiz öz fəaliyyət sahələrini Liviya və Tunisdə genişləndirirlər.
Bəlkə də, biz elə bir vəziyyətə düşərik ki, müdaxilə yalnız Liviyada gərək olar. Ancaq onu unutmamlıyıq ki, istənilən hərəkətlər Misir və Tunisə də toxunacaq.
Bundan başqa, biz cənubdakı problemləri hərbi güclə həll edə bilmərik. Təkcə müdaxilə kifayət deyil. Biz İraq və Liviyadan dərs çıxarmışıq. Burada müəyyən tədbirlər paketi həyata keçirilməlidir. Həmin tədbirlərə minimum təhlükəsizlik gətirən hərbi fəaliyyətlərdən tutmuş, yeni dövlətlərin qurulması da daxildir. Ona görə də bu işlər Avropa Birliyi olmadan alınmayacaq. İstənilən müdaxilə, həm hərbi, həm də siyasi planda hazırlanmış dəqiq bir mandatın predmeti olmalıdır. Əgər biz hərbi tədbirlərdən başqa, heç nə təklif edə bilmiriksə, onda yaxşı olar ki, hər şeydən imtina edək.

– 2011-ci ildə biz necə hərəkət etməliydik?

– Hərbi plan effektli idi. Onun köməyi ilə siyasi planın həyata keçirilməsinə nail olundu. Qəddafiyə alternativ olmadı, ölkəni ələ ala biləcək heç kimsə yoxdu. Nəticədə tam xaos alındı. Bizim üzərimizdə məsuliyyət var, lakin bu gün silahın gücü olmadan hərəkət etmək lazımdır. Əgər biz NATO-nun böyük qüvvəsi ilə müdaxilə həyəta keçirməyə qərar versək, onda xeyrdən daha çox ziyan gətirəcəyik.

– NATO bir Qərb alyansı kimi Yaxın Şərqdə daha nəzərəçarpacaq ola bilərmi?

– Sözsüz ki, daha çox nəzərə çarpmaq, regionda NATO “brend”i üçün problem gətirəcək. Əgər biz prosesin xarakteri üzərində deyil, nəticəyə köklənsək, onda fikirlərimizi hədsiz dərəcədə NATO brendinə tərəf yönəltməyə ehtiyac da duyulmaz. Həm də ki, hər yanda hərəkət etmək lazım da deyil.
Ən əvvəl qlobal plan olmalı, sonra isə regionun hər bir ölkəsi üçün fərdi tədbirlər paketi həyata keçirilməlidir.

– Öz planlarını həyata keçirmək üçün NATO-nun lazımı imkanları varmı?

– Əsas məsələ müdafiə büdcəsi ilə bağlıdır. Müttəfiqlər bunu Ümumi Daxili Məhsulun 2%-nə kimi yüksəltməyi təklif edirlər. Varşavada amerikalılar və avropalıların NATO-ya verdikləri töhfənin necə tarazlaşdırılması müzakirə ediləcək. Hazırda alyansın 75 %-i ABŞ tərəfindən təmin edilir ki, gələcəkdə də bu cür davam edə bilməz. Hətta bu arqumentdən Donald Trampda istifadə edib. Avropalılar balansın 50/50 olması üçün daha çox iş görməlidirlər. Amerikanlar bu gün bütün strateji vasitələri: nəqliyyat, kəşfiyyat, rabitə və təchizatı öz üzərlərinə götürürlər. Onlar praktik olaraq, Hava Hücumundan Müdafiə vasitələrini tamamilə təchiz edirlər. Müsbət irəliləyişlər də var. Praktik olaraq, bütün ölkələr hərbi büdcənin azaldılmasını dayandırıblar, 16 ölkə isə hətta onu artırıb.
Lakin təhlükəsizliklə əlaqədar vəziyyətin kəskinləşməsinə baxmayaraq, ÜDM və müdafiə büdcəsinin müqayisəli qrafikinə nəzər yetirsək, orada həmişəki kimi delta həndəsi fiqurunu görəcəyik. Bu isə bizim Avropada təhlükəsizlik məsləsinə kifayət qədər ciddi yanaşmadığımız mənasına gəlir.

Tərcümə etdi: Vaqif NƏSİBOV

BIR CAVAB BURAXIN