Rəsmi Bakıdan həmsədrlərin ikibaşlı gedişlərinə gözlənilən reaksiya…

0
542
“Azərbaycan ATƏT müşahidəçi missiyasının üzvlərinin sayının artırılmasına heç vaxt razılıq verməməlidir. Bu Azərbaycan üçün həyatı əhəmiyyət daşıyır”.
Bu fikirlər konfliktoloq Elxan Mehdiyevə məxsusdur. O, Moderator.az-a göndərdiyi yazıda bizi gözləyən təhlükə barədə həyəcan təbili çalıb.
Ekspertin fikrincə, çoxlarına müşahidəçi qrupun artırılması, mövcud ofisin sayının 7 nəfər artırılması kimi sadə də gələ bilər. Lakin bu heç də belə deyil: “Bu iş incə diplomatiyanın elementidir və işğal edilən əraziləri leqallaşdırmaq yolunda atılan önəmli addımdır. Əgər Azərbaycan bu razılaşmanı qəbul etsə, bu məsələ erməni işğalının davam etdiyi 25 il ərzində Azərbaycana qəbul etdirilən ilk razılıq-saziş olacaq. Əgər bu razılığı Azərbaycan qəbul etsə, bu tarixdə müqayisəsi olmayan bir hala çevriləcək. Onun qəbul edilməsi Azərbaycanın dünyada indiki tutduğu yeri ilə və onun hərbi –iqtisadi gücü ilə bir yerə sığmayacaq”.
E.Mehdiyev bildirib ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini də xatırladıb: “Torpaqlardan dərhal və bir halda qeyd-şərtsiz çıxmanı tələb edib. Atəşkəs imzalanması da bu qətnamələrin yerinə yetirilməsi üçün olub. Və 25 illik danışıqlardan və görüşlərdən və vədlərdən sonra bir kənd belə azad edilmədən işğal xəttində sakitliyin və təhlükəsizliyin təmin edilməsi üçün atəşkəs xətti beynəlxalq müşahidəçilərin ixtiyarına verilir. Biz öz əlimizlə erməniləri dediyimiz işğalçı durumundan çıxarırıq. Yəni bizim və erməni tərəfinin məsuliyyəti eyni olur. Təbii, işğalçı işğal etdiyi torpaqlarda möhkəmlənmək üçün yollar arayır və apardığı diplomatiya da ona xidmət edir və işğalı beynəlxalq birliyin əli ilə həqiqətən də mübahisəli ərazi statusunda beynəlmiləlləşdirir. Və əgər Azərbaycan da buna razılıq verirsə, o zaman bu cür statusa faktiki olaraq razılaşır və Ermənistana edə bildiyi minimum təsir və təzyiqləri də heçə endirir. Ermənilərin işğal etdikləri torpaqlardan dinc yolla çıxmaq fikirləri yoxdur. Minsk Qrupunun təkliflərinə də işçi sənədi kimi baxıb özlərinin dedikləri kimi onun ətrafında diplomatiya aparır, Azərbaycanın başını qatır və dövrün və zamanın nəbzinə uyğun hərəkət edirlər.
 
E.Mehdiyevin sözlərinə görə, burada əsas aparıcı qüvvə Rusiyadır və onlar bu vəziyyətin bu cür qalmasında fövqəladə maraqlıdırlar: “Bir çox hallarda Lavrov və hətta Medvedyev ermənılərin sözçüsü kimi çıxış edir. Yəni, guya tərəflər razılaşmırlarsa, o zaman işğal – əsaslı status-kvonun davam etməsi daha da əhəmiyyətlidir. Bəs Azərbaycan nə qazanacaq. Beynəlxalq birlik qarşısında əlavə öhdəlik götürəcək. Bu planı qəbul edəndən sonra Azərbaycan ermənilərlə yok, ATƏT-in müşahidəçiləri ilə münaqişədə olacaq. Çünki onların işi davamlı olaraq ön cəbhəni və ya erməni kəşfiyyatının Azərbaycan ordusunun yerdəyişmələri haqqında Kasprşikə ötürdüyü məlumatları yoxlamaqdan ibarət olacaq”.
 
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bunları bildirib: “Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun təmas xəttində ATƏT müşahidəçilərinin sayının artırılması qərarına razılaşmasının doğru olmadığını daha əvvəl yazmışdım. Çünki işğalçı daima Azərbaycanın hərbi təzyiqi ilə üzləşməlidir. Sayı artan müşahidəçilər isə erməni separatçılarının xeyrinə olacaq atəşkəsin davamına xidmət edəcəklər. Tək mən belə düşünmürəm. Milli Məclis sədrinin müavini, eyni zamanda təhlükəsizlik komitəsinin sədri Ziyafət Əsgərov deyib ki, təmas xəttində ATƏT müşahidəçilərinin sayının artırılması müəyyən şərtə bağlı olmalıdır. Həmin şərt isə Ermənistan hakimiyyətinin bu qərardan sui-istifadə etməməsi və status-kvonu uzatmamasıdır. Ancaq Ziyafət Əsgərov elə bu fikrinə onu da əlavə edib ki, o Ermənistanın status-kvonu uzatmaq siyasətindən əl çəkəcəyinə inanmır. Yəni faktiki Ziyafət Əsgərov ATƏT müçahidəçilərinin sayının artırılmasının əleyhinə çıxıb və düz də edib. Parlamentin qapalı iclasında və ya elə Ziyafət Əsgərovun komitəsinin iclasında Elmar Məmmədyarovun ATƏT müşahidəçələrinin sayının artırılmasının Azərbaycana hansı xeyri olacağını izah etməsinə ehtiyac var”.
Göründüyü kimi, bir sıra ekspertlər bu razılaşmaya gedilməsini Azərbaycanın mənafeyinə ziyan vuran addım hesab edir. Bəs, rəsmi Bakının mövqeyi necədir?
XİN-in mətbuat katibi Hikmət Hacıyev bununla bağlı aşağıdakıları bildirib: “Azərbaycan həmişə deyib ki, müşahidəçilərin sayının artırılması məsələsi texniki köməkçi vasitə olaraq, intensiv və substantiv danışıqlar prosesinin tərkib hissəsi olmalıdır. Hal-hazırda da intensiv, substantiv və məntiqi xarakterli danışıqlar konkret məzmun əsasında davam edir. Bu prosesin tərkib hissəsi kimi Kasprşik heyətinin sayının genişləndirilməsi də müzakirə mövzusudur. Burada ancaq sayın artırılmasından söhbət gedir”.
H.Hacıyev qeyd etdi ki. hazırda ümumilikdə 6 heyət üzvü varsa, daha 6-7 nəfərin əlavə olunması müzakirə mövzusudur. XİN rəsmisi müşahidə missiyasının harada məskunlaşdığı barədə suala cavabında bunları bildirdi: “Onların daimi oturduğu qərargah yoxdur. Onlar bütün region boyunca hərəkət edirlər. Müşahidəçilər apardıqları monitorinqdən asılı olaraq, Ermənistanda da, Azərbaycanda da, işğal olunmuş ərazilərdə də hərəkət edirlər. Yəni onlarla bağlı mərkəzləşmiş ofis, yaxud stasionar ofis anlayışı yoxdur. Onların əsas ofisi təbii ki, Vyanadır”. H.Hacıyev təmas xətti boyunca müşahidə kameralarının quraşdırılacağı barədə xəbəri təkzib etdi: “Burada hal-hazırda ancaq insan amilindən söhbət gedir”.
Qeyd edək ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycana fevralın 6-da gəlmələri, fevralın 7-də isə müvafiq rəsmi görüşlər keçirmələri gözlənilir. Səfər zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə hazırda aparılan intensiv və məntiqi əsaslı danışıqlara dair müzakirələr davam etdiriləcək.

BIR CAVAB BURAXIN