Qoşulmama Hərəkatının Gənclər Təşkilatı

0
1608

Qoşulmama Hərəkatının Gənclər Təşkilatı

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin ən böyük uğurlarından biri də Qoşulmama Hərəkatının təsisatlanması məsələsidir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dönəmində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatı təsis olunub. Ötən il iyunun 30-da Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransında dövlətimizin başçısı bu Şəbəkənin əhəmiyyətindən danışıb, Qoşulmama Hərəkatına üzv ölkələr arasında həmrəyliyə töhfə verəcəyinə inamını ifadə edib: “Azərbaycan parlamentinin səkkiz il ərzində sabiq bir üzvü olaraq, sizin sabiq həmkarınız olaraq mən parlament diplomatiyasının və parlamentlərarası münasibətlərin necə əhəmiyyət kəsb etdiyini yaxşı bilirəm. Əminəm ki, parlament şəbəkəmiz təkcə ölkələrimiz arasında həmrəyliyə töhfə verməyəcək, eyni zamanda, dünyanın müxtəlif parlament təşkilatları ilə sıx iş münasibətləri quracaq”.

Həmin konfransdan bir ay keçməmiş – iyulun 25-29-da Azərbaycanda keçirilən Qoşulmama Hərəkatı Gənclər Sammiti çərçivəsində Hərəkatın 61 illik tarixində ilk dəfə olaraq Şuşada Qoşulmama Hərəkatına üzv ölkələrin gənclərini birləşdirən Gənclər Təşkilatı yaradıldı. Tarixə Şuşa Akkordu (Şuşa razılaşması) kimi düşən Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılmasına dair sənədin qəbulu ilə ölkəmizin mədəniyyət paytaxtı olan Şuşanın adı bu mötəbər qurumun tarixinə yazıldı. Sammitin Şuşa sessiyası çərçivəsində daimi katibliyi Bakıda yerləşəcək Qoşulmama Hərəkatının Gənclər Təşkilatının əsasnaməsi, təşkilatın loqosu və bayrağı təsdiqləndi. Gənclər Təşkilatı Qoşulmama Hərəkatına üzv dövlətlərin gənclər nümayəndələrinə cari çağırışlar haqqında fikir, baxış və perspektivlər mübadiləsi aparmaq və dövlətlərinin birgə cavabları vasitəsilə davamlı tərəqqiyə nail olmaq imkanı yaradır.

Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc