Faiq Ələkbərli: “QMİ, eləcə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ermənilər tərəfindən məhv edilən tarixi irsimiz, dini abidələrimizlə bağlı kitablar nəşr etməli və onu xarici ölkələrin dövlət başçılarına təqdim etməlidirlər”
Qasım Hacıyev: “Tarixi irsimizi məhv edən ermənilərin iç üzünün bir daha açılması üçün QMİ də hərəkətə keçməlidir”
Məlum olduğu kimi, bir neçə gün əvvəl Almaniya Kansleri Angela Merkel Cənubi Qafqaza səfər edib. Gürcüstan və Azərbaycanla yanaşı, xanım Merkel Ermənistanda da olub. O, Ermənsitanda olarkən Eçmiədzin kilsəsində erməni katalikosu II Qareginlə də görüş keçirib. Görüş zamanı II Qaregin Almaniya Kanslerinə kitab hədiyyə edib.
Bildirilənə görə, kitab Azərbaycanda ermənilərə aid tarixi-mədəni (?) irsin dağıdılmasından bəhs edir. Guya ki, Azərbaycanda ermənilərin tarixi-mədəni irsi olub və o da Azərbaycan tərəfindən dağıdılıb.
Bundan başqa, görüşdə Türkiyədə yaşayan xristian azlıqların da hüquqları müzakirə edilib. Sözsüz ki, bu kitab başdan-ayağa saxtakarlıq motivləri əsasında yazılıb.
Onu da vurğulayaq ki, zaman-zaman Azərbaycan beynəlxalq qurumlar qarşısında Azərbaycana aid olan tarixi-mədəni irsin ermənilər tərəfindən məhv edilməsi məsələsini qaldırıb. Azərbaycanın tarixi-mədəni irsini məhv edən, dağıdan ermənilər bu cür saxta kitabı meydana çıxarmaqla, əslində, Azərbaycanın məhv etdikləri tarixi-mədəni irsindən beynəlxalq aləmin fikrini yayındırmaq məqsədi güdürlər.
Məlumdur ki, Azərbaycanda ermənilərə aid heç bir tarixi irs mövcud deyil, Ermənistanda isə Azərbaycan xalqına aid saysız tarixi irs nümunəsi var ki, onlar Ermənistan hakimiyyəti tərəfindən ya tamamilə məhv edilib, məhv edilə bilməyənlər isə erməniləşdirilib.
Azərbaycana aid tarixi irsin ermənilər tərəfindən məhv edilməsi gerçək bir faktdır. Bu halda, Qafqaz Müsəlmanları İdarəsi tarixi, mədəni irsimizlə bağlı kitablar hazırlayıb onu xarici qonaqlara təqdim edə bilməzmi? Ümumiyyətlə, bununla bağlı sözügedən qurum nə işlər görməlidir?
Tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli bizimlə söhbətində bildirdi ki, II Qareginin Merkelə təqdim etdiyi kitab başdan-ayağa cəfəngiyyatla doludur.Tarixçi-alimin sözlərinə görə, Azərbaycan Ermənsitanın deyil, Ermənistan Azərbaycanın torpaqlarını Avropa dövlətlərinin, Rusiyanın, eləcə də digər xristian qüvvələrin köməkliyi ilə zəbt edib. Azərbaycanda ermənilərə aid heç bir tarixi irsin olmadığını deyən alimin bildirdiyinə görə, ermənilərin özününküləşdirdiyi tarixi irs onlara deyil, xristian türklərə, eləcə də yunanlara və digər azsaylı xristianlara aiddir. Azərbaycanda xristianlıq dövrünün bütün abidələrinin qorunduğunu deyən F.Ələkbərli bildirdi ki, onlar arasında erməni tarixi irsi nümunələri yoxdur. Ermənilərin Azərbaycan torpaqlarına 200 ilə yaxın bir müddətdə köçürüldüyünü qeyd edən tarixçi-alim hesab edir ki, bu gün bizim əlimizdə erməni saxtakarlığını ifşa edən yüzlərlə fakt var ki, QMİ, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi o məlumatları toplayıb bir neçə xarici dildə kitab nəşr edə və onu xarici dövlət başçılarına, beynəlxalq qurumların yüksək çinli nümayəndələrinə təqdim edə bilərlər: “Almaniya dövlətinin başçısı xanım Merkel də çox yaxşı bilir ki, Ermənistan Azərbaycan torpaqları üzərində qurulub. Bütün Avropaya erməni saxtakarlığı məlumdur. Sadəcə, ortada xristian həmrəyliyi amili mövcud olduğu üçün onlar bu qondarma məsələlərə göz yumurlar. Qareginə gəlincə, onun hər zaman erməni şovinizminə xidmət etdiyi məlumdur. Xristianlarda, o cümlədən də ermənilərdə kilsənin siyasətə müdaxilə etməsi adi haldır. Kilsə erməni xalqına xidmət edir və kilsənin diqtəsi ilə saxta erməni tarixi, saxta erməni tarixi irsi düzəldilir. Bu kitab da sözsüz ki, o saxtakarlığın tərkib hissəsinə aiddir. Azərbaycanda ermənilərə aid tarixi irs yoxdur. Bakıda bir kilsə var, onun ermənilərə aid olduğu bildirilir, o kilsə də dövlət tərəfindən qorunur. Onun da ermənilərə aid olması şübhəlidir. Onu da vurğulayım ki, Azərbaycanda tarixən azsaylı xalqlar olub ki, onlar xristianlığa tapınıblar. Ermənilər xristian türklərin, xristian yunanların və digər azsaylı xalqların tarixi irsini mənimsəyib, onları öz adlarına çıxıblar. Bu faktdır. Azərbaycanın isə böyük tarixi irsi bu gün də ermənilər, daha konkret desək, erməni kilsəsi və Ermənistan hakimiyyəti tərəfindən məhv edilir. Bu gün Qərbi Azərbaycanda, eləcə də işğal altında olan rayonlarımızda nə qədər tarixi irs nümunəmiz ermənilər tərəfindən məhv edilib, bəziləri isə saxtalaşdırılıb. Bu baxımdan ermənilərin bizə yox, bizim ermənilərə və dünyaya deyəcəyimiz sözlər, təqdim edəcəyimiz faktlar çoxdur. Erməni kilsəsindən fərqli olaraq, bizim məscidlər, din xadimləri, eləcə də QMİ bu məsələdə xalqın maraqlarını elə də yaxından müdafiə edə bilmirlər. Yəni bu qədər fakt olduğu halda, kitablar nəşr edib, həmin kitabları xarici dövlətlərin başçılarına, dünya siyasətində rol oynayan adamlara vermək lazımdır. Çünki biz ermənilərin yox, ermənilər bizim tarixi irsimizi məhv edib. QMİ, eləcə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ermənilər tərəfindən məhv edilən tarixi irsimiz, dini abidələrimiz və s. bağlı kitablar nəşr etməli və onu xarici ölkələrin dövlət başçılarına təqdim etməlidirlər”.
“Tarixi irsimizi məhv edən ermənilərin iç üzünün bir daha açılması üçün QMİ də hərəkətə keçməlidir” – deyə bildirən AMEA-nın Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri professor Qasım Hacıyev hesab edir ki, xanım Merkelə təqdim edilən məlum kitab II Qareginin rəhbərliyi ilə erməni kilsəsi tərəfindən məqsədli şəkildə hazırlanıb. Onun sözlərinə görə, bir neçə əsrdir ermənilərə tarixi irs, mədəni irs “yaratmaqla” məşğul olan erməni kilsəsi saxtakarlıqda taysızdır: “Erməni katolikosu bu kitabı məqsədli şəkildə hazırladıb. Başdan-ayağa saxtakarlıq olan kitabda heç bir tarixi həqiqət yoxdur. Bundan əvvəl də bəzi erməni alimləri bu istiqamətdə kitablar yazıb çap ediblər. Biz o kitabları da ifşa etmişik. Katolikos bu kitabı məqsədli şəkildə hazırladıb Avropa dövlətlərinin rəhbərlərinə verir ki, görün, bizim tarixi irsimizi Azərbaycan nə günə salıb. Ermənilərin Azərbaycanda tarixi irsi olub ki, Azərbaycan da o tarixi irsi məhv etsin?! Əslində, ermənilər bizim tarixi irsimizi məhv ediblər. Bu faktdır. Düşünürəm ki, QMİ də, digər əlaqədar qurumlar da erməni kilsəsinin uydurma kitabını ifşa edən bir kitab meydana çıxarmalıdırlar ki, o kitabda erməni yalanları darmadağın edilsin. Ermənilərin Qafqaza köçürülməsi tarixi hər kəsə məlumdur. Harada yaşayıblarsa, həmin dövlətlərə xəyanət edən ermənilər indi də beynəlxalq birliyə yalan danışırlar. Düşünürəm ki, QMİ də, Azərbaycanın din xadimləri də bu məsələdə aktiv olub alimlərin köməkliyi ilə dəyərli bir kitab hazırlayacaqlar. Bizim əlimizdə minlərlə fakt var ki, erməni kilsəsinin, erməni katolikosunun yalanını ifşa edək və o kitabın saxta faktlar əsasında yazıldığını ortaya qoyaq”. Bakı-xəbər