“Qorbaçovu Bakıda törətdiyi qırğınlara görə məhv etmək istəyirdim”

0
567

Tarix siyasi liderlərə sui-qəsd cəhdlərinin çox şahidi olub. Bu cür cəhdlər SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovdan da yan keçməyib. Sözsüz ki, Mixail Qorbaçova qarşı olunan sui-qəsd baş tutsaydı, bəlkə də SSRİ-nin taleyi başqa səmtə yönələcəkdi, tarix sovetlər birliyi adlanan məkanda öz siyasi axarını dəyişəcəkdi.

Bəs Qorbaçovu məhv etməklə dünyanın siyasi müstəvisinə yenilik gətirmək istəyən şəxs kim olub?

Bu Aleksandr Şmonov idi…

Modern.az saytı mövzu ilə bağlı yazını təqdim edir.

 

1952-ci ildə Leninqradda anadan olan Aleksandr Şmonov ordu sıralarından tərxis olunduqdan sonra Leninqrad vilayətinin tabeliyində olan Kolpino şəhərindəki “İjor” zavodunda çilingər işləyib. 1980-ci illərin ikinci yarısından Şmonov Rusiya Sosial-demokrat Partiyasının sıralarına daxil olub. Elə həmin dövrdən də Qorbaçov siyasətinə qarşı tənqidi fikirləri ilə təbliğat aparıb. Artıq 1990-cı ilin əvvəllərindən o, gizli şəkildə Qorbaçovun məhv edilməsinin labüd olmağı ilə bağlı vərəqələrin paylanmasına nail olub. Nəhayət, siyasi mübarizənin sonuncu addımı kimi ölkənin birinci şəxsini öldürməyə qərar verib.

Şmonov sui-qəsdi reallaşdırmaq üçün həmin dövrdə SSRİ-də çətin tapılan alman istehsalı olan qoşa lüləli tüfəng alıb. O bu silahın alınmasına 900 rubl xərcləyib. Silahla rahat hərəkət etmək üçün Şmonov tüfəngin lüləsini kəsərək, onu qısaldıb. Sui-qəsdi həyata keçirmək üçün ən münasib vaxtın noyabrın 7-də Qızıl Meydanda keçirilən nümayiş olduğunu müəyyənləşdirən Şmonov öz xarici görünüşünü dəyişmək haqda da düşünüb. O bu məqsədlə parik və süni bığ əldə edib.

 

Noyabrın 5-də Aleksandr Şmonov Moskvada gəlib. Noyabrın 7-də səhər hazır vəziyyətdə nümayiş iştirakçılarının arasında özünə mövqe seçib.

Saat 11:09-da Şmonov nümayişçilərlə birlikdə başda Qorbaçov olmaqla SSRİ rəhbərliyinin dayandığı mavzoley tribunasına yaxınlaşıb. Tribunaya 45-50 metr qalmış Şmonov silahı çıxararaq atəş açıb. Ancaq elə həmin andaca milis serjantı Mılnikov cəld hərəkəti ilə silahın səmtini dəyişə bilib. Açılan atəşdən biri havaya uçub, digəri isə univermaq binasının divarına dəyib.

Ekspertlərin verdikləri rəyə görə, bu sui-qəsdlə Qorbaçovun öldürülməsi mümkünsüz sayılıb. Çünki Qorbaçovun altdan zirehli geyimi olub. Digər bir tərəfdən isə silahın lülələri həddindən artıq çox kəsilib.

 

Aleksandr Şmonov törətdiyi hadisədən əvvəl kiçik bir yazı qoyub: “Əgər bu hadisə zamanı ölərəmsə, əvvəlcədən məlumat üçün bildirirəm ki, mən SSRİ prezidenti Mixail Qorbaçovu öldürmək istəyirdim”.

Aleksandr Şmonov sonrakı ifadələrində qeyd edib ki, Qorbaçovu öldürməyə nail olsaydı, elə həmin andaca ikinci hədəfi SSRİ Ali Sovetinin sədri Anatoli Lukyanov olacaqdı.

 

Qorbaçova qarşı hansı səbəbdən sui-qəsd törətmək istədiyi ilə bağlı suala Şmonov belə cavab verib:

“Mən Qorbaçovun SSRİ-də yaratdığı totalitar rejiminə qarşı mübarizə aparırdım. 1989-cu ilin aprelin 9-da Tbilisidə, 1990-cı ilin yanvarın 20-də Bakıda törədilmiş qırğınlar zamanı günahsız insanların ölümü məni bu addımı atmağa vadar etdi. Bütün bu hadisələrin günahkarı məhz Qorbaçovdur. Bunlara görə mən Qorbaçovu fiziki cəhətdən məhv etmək istəyirdim. Törətdiyim əmələ görə isə heç bir peşimançılıq hissi keçirmirəm”.

Həbs olunan Aleksandr Şmonov 1 ilə yaxın türmədə qaldıqdan sonra onu ruhi xəstə kimi psixiatriya xəstəxanasına göndəriblər. Ömrünün 4 ilini xəstəxanada keçirdikdən sonra onu sərbəst buraxıblar.

 

Aleksandr Şmonov azadlığa çıxdıqdan sonra çilingər işləyib, daha sonra şəxsi təmir-tikinti şirkəti yaradıb. Bir neçə ildən sonra isə yenidən ictimai fəaliyyətə başlayıb. 1999-cu ildə Dövlət Dumasına seçkilərə qatılmaq istəyib. Ancaq yerli seçki dairəsindən qeydiyyata alınmağında problemlər yaranıb. Bundan sonra o insan hüquqlarının müdafiəsi ilə məşğul olub və bir neçə ictimai-siyasi təşkilat yaradıb.

 

1990-cı il noyabrın 7-də Mixail Qorbaçova qarşı sui-qəsd hadisəsi ilə bağlı ictimaiyyətə geniş məlumat verilməyib. Elə həmin günün axşamı “Vremya” xəbərlər proqramında belə bir qısa informasiya səsləndirilib:

“Bayram nümayişi zamanı Qızıl Meydanın univermaq ərazisində atəş səsləri eşidilib. SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin mətbuat xidmətinin məlumatına görə, ov tüfəngindən havaya iki dəfə atəş açan Leninqrad sakini saxlanılıb. Zərərçəkən olmayıb. Araşdırma aparılır”.

Halbuki, bu hadisənin qurbanı SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov olmalıydı…

BIR CAVAB BURAXIN